İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib - Fotolar

1088 06.12.2022 16:24 Media A A

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib.

Musavat.com xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilati dəstəyi ilə reallaşan təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır.

Təlimdə təxminən 25 media təmsilçisi iştirak edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan üçün zəfərdən sonra yeni dövr başlayıb. O qeyd edib ki, bu həm də yeni reallıqlarla bağlıdır:

“Dünyada və regionda baş verən bir çox proseslər - Ukrayna-Rusiya müharibəsi, İran-Azərbaycan münasibətləri, həmçinin İran-Qərb münasibətləri, İran daxilindəki durum, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışları şərtləndirir. Bu gün gündəmdə olan əsas məsələlərdən biri, bəlkə də birincisi Azərbaycan-Ermənistan sülh danışıqlarının nəticəsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanın təxribatlar törətməsi üçün potensialını düzgün qiymətləndirməlidir. Bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan sonra müvafiq dövlət qurumları brifinqlər keçirmədilər. Halbuki, bu, zəruri idi. Çünki həqiqəti əks etdirməyən məlumatların yayılması ilə nəticələnir”.

Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri çıxış ediblər.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova “Ermənistanla Azərbaycan arasında nizamlama prosesi”, BMTM-in şöbə müdiri Vasif Hüseynov “Aİ-Azərbaycan əlaqələri: yeni imkanlar və çağırışlar”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan-Türkiyə əlaqələri”, BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov “Orta Asiyada son dinamikalar, Orta Dəhliz” mövzularında çıxışlar ediblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR