İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın strategiyası Avropaya da fayda verir”-Politoloq

344 26.04.2023 16:53 Siyasət A A

“Enerji təhlükəsizliyi kontekstində prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu cür təmaslar, görüşlər qarşılıqlı faydalı əməkdaşlığa, eyni zamanda bərabərhüquqlu münasibətlərə söykənir”.

Bu fikirləri Musavat.com-a  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsinin  Cənub Qaz Dəhlizinin şaxələndirilməsi üçün geniş potensial yaratdığını xüsusilə vurğulamaq lazımdır: “Bu gün artıq bir sıra dövlət bu dəhlizə qoşularaq öz enerji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Bu, Azərbaycan üçün də əlverişli imkanlar yaradır, belə ki, ölkəmiz NATO, Avropa İttifaqına üzv olan dövlətlərin etimadını qazanır, avrointeqrasiya sürətlənir, enerji tədarükü müstəvisində dayaqlarımız möhkəmlənir, eyni zamanda Azərbaycan həqiqətlərini Avropa auditoriyasına çatdırmaq imkanı yaranır. Ermənistan və onun arxasındakı qüvvələr regionda sülhə təhdid törədir, qeyri-sabit şəraitdə öz maraqlarını güdürlər. Belə olan halda Azərbaycan siyasi gündəlikdəki məsələlərə tərəfdaşlıq kontekstindən yanaşır. Bununla da rəsmi Bakı öz gündəliyini diktə etmiş olur. Bu çox önəmli strategiyadır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu müstəvidə əməkdaşlıq ikitərəfli fayda verir. Qeyd etməliyik ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində qaz tədarükünün iki dəfəyə qədər artırılması və Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm strateji saziş imzalanmışdı”.

Politoloq bildirib ki, bu gün sazişin icrası istiqamətində əməli işlər davam etdirilir:

 “Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə sülh, təhlükəsizlik, sabitlik danışıqları da davam etdirilir. Buna görə də Brüssel formatı bizim üçün regionda sülhün gücləndirilməsi baxımından əhəmiyyətlidir. Düşünürəm ki, məhz Aİ-nin enerji tələbatının ödənilməsi baxımından bu səfər müstəsna əhəmiyyətə malikdir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR