İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qaz gəlirləri neft gəlirlərinə bərabərləşir - təhlil, detallar

1171 11.07.2023 09:33 İqtisadiyyat A A

İlham Şaban: ""Abşeron" yatağından hasilatın başlanması ixrac imkanlarını genişləndirəcək"

Bu ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanda qaz gəlirləri neft gəlirlərinə bərabərləşməkdədir. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, ölkə 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edib. 2022-ci ilin ilk 5 ayı ərzində isə 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb.

Qaz gəlirlərinin artımı dövlət büdcəsi və Dövlət Neft Fondu gəlirlərində də hiss olunur. Belə ki, Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən cari ilin birinci rübündə büdcənin vergi gəlirləri 4 milyard 899,5 milyon manat təşkil edib. Ötən il isə Dövlət Vergi Xidməti büdcəyə 2 milyard 802,2 milyon manat təmin etmişdi. Bu, vergi gəlirlərində 2 milyard 97,3 milyon manatlıq artım deməkdir. Bu artımda neft sektorunun payı 1 milyard 726,5 milyon manat, yaxud 82,3 faizdir. Belə ki, ötən il vergi gəlirlərinin cəmi 557,5 milyon manatı neft sektorundan daxil olmuşdu. Bu il isə 2 milyard 284 milyon manatı neft-qaz sektorunun payına düşüb. Bu isə o deməkdir ki, neft-qaz sektorundan vergi daxilolmalarında 4 dəfədən çox artım qeydə alınıb.

Birinci rübdə dövlət büdcəsinin neft sektoru üzrə ümumi daxilolmaları 3 milyard 860 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan transfertdəki azalmaya görə -red.), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur.

Nazirliyin açıqlamasından aydın olur ki, birinci rübdə Azərbaycanın qazdan gəlirləri neft gəlirlərini üstələyib. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi  və 1 milyard 545,7 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya cəmi 225,2 milyon manatını ABƏŞ-in (“Azəri-Çıraq-Günəşli” yatağından neft hasil edən konsorsium) mənfəət vergisi təşkil edib.

İlham Şaban: “SOCAR Albaniyada qaz paylayıcı şəbəkənin yaradılmasına töhfə  verə bilər” - GlobalInfo.az

Dövlət Neft Fondunun gəlirlərində isə neftin payı yüksək olaraq qalır. Fondun açıqladığı məlumata əsasən bu ilin yanvar-iyun aylarında qurumun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 milyard 348 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 31,3 faiz azdır. 2022-ci ilin eyni dövründə fond AÇG-dən 4 milyard 871 milyon ABŞ dolları səviyyəsində olmuşdu.

2013-cü ilin birinci yarısında Neft Fondu “Şahdəniz” yatağından 1 milyard 2 milyon ABŞ dolları gəlir əldə edib. Bunun 210,851 milyon ABŞ dolları “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından əldə olunub. Birinci yarımildə fondun “Şahdəniz”dən gəlirləri 58 faizdən çox artıb. Aylar üzrə baxdıqda görünür ki, yanvar ayında fonda “Şahdəniz”dən gəlir daxil olmayıb. Yalnız AÇG-dən 625,074 milyon ABŞ dolları daxil olub. Fevralda “Şahdəniz”dən fond kondensatla birlikdə 534,751 milyon ABŞ dolları, martda 111,608 milyon dollar, apreldə 289,395 milyon dollar, mayda gəlir olmayıb, iyunda isə 66.246 milyon dollar gəlir əldə edib.

“Şahdəniz”dən gəlirlərin yüksək olması 2022-ci ildə qaz bazarındakı yüksək qiymət konyukturu ilə bağlıdır. Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropada qazın qiyməti hətta 3 min dollara qədər bahalaşıb. 2022-ci il üçün orta qaz qiyməti 1500 dollara yaxın olub. Bunun nəticəsində cari ilin əvvəli üçün Azərbaycanın qaz gəlirlərində ciddi artım qeydə alınıb. Yanvar ayından etibarən qaz qiymətlərində ucuzlaşma sürətlənib, hətta 300 dollardan aşağı düşdüyü günlər də olub. Buna görə də bu ilin qalan dövründə qaz gəlirlərinin azalmasına şahidlik edəcəyik.

Məlumdur ki, Azərbaycanda neft hasilatı təbii proses nəticəsində ildən-ilə azalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin 5 ayında ölkədə  əmtəəlik neft hasilatı 12,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,3 milyard kub metr təşkil edib. Bu zaman əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2,9 faiz artıb.

Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, 2023-cü ilin yanvar-may aylarında neft və kondensat ixracı 10,6 milyon ton olub. Yanvar-may aylarında qaz ixracı 9,6 faiz artıb: “Avropaya 4,8 milyard kubmetr, Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə Cənub Qaz Dəhlizi boru kəmərinin ən böyük seqmenti olan Trans Anadolu Boru Kəməri (TANAP) ilə Türkiyəyə 2,4 milyard kubmetr qaz verilib”.

Azərbaycanın ortamüddətli dövr üçün planı qaz hasilatını artırmaq, 2027-ci ilədək Avropaya qaz ixracını ikiqata çıxarmaqdır. Bu il Avropaya 12 milyard kubmetr qaz ixracı həyata keçirilməlidir. Ölkənin qaz ehtiyatlarının həcminə görə ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ixracın artırılmasına xeyli töhfə verəcək. Belə ki, iyulun 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib. SOCAR-dan verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat  təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir: “Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi ”Neft Daşları"nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir".

Xatırladaq ki, “Abşeron” yatağının işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi 12 il əvvəl imzalanıb. Ötən müddət ərzində yataqdan hasilatın başalnması müddəti dəfələlərlə ertələnib. Nəhayət  ki, 12 ildən sonra yataqdan ilk qazın alınmasına başlanıb.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, “Abşeron”dan hasilatın başlanması Azərbaycan üçün çox yerinə düşən hadisədir: “Bu yataqdan hasil olunan qaz daxili tələbata yönəldiləcək. Bu isə "Şahdəniz"dən çıxarılan qazın daha çox həcminin ixraca yönəldilməsinə imkan yaradacaq. Yəni Azərbaycanın Avropadakı müştərilərə vəd etdiyi həcmləri təmin etməsi reallıqdır və ölkə üzərinə götürdüyü öhdəlikləri icra edəcək".

Orta və uzunmüddətli dövrdə Azərbaycan qazına Avropada tələbatın getdikcə artması proqnozlaşdırılır. Avropa Rusiyadan qaz asılılığını minimuma endirmək üçün əlavə mənbələrə ciddi ehtiyac duyur. Qoca qitə 2022-ci ildən sənaye sektorunda qaz istehlakını kəskin azaldıb və aydın məsələdir ki, bu, uzun müddət davam etməyəcək. Sənaye istehsalının artırılması zərurəti əlavə mənbələrdən qaz alışlarına tələbatı da artıracaq. “TotalEnergies” şirkətinin rəhbəri Patrik Puyanne bildirib ki, hətta indiki ciddi qənaət rejimində belə Avropa qaz çatışmazlığı ilə üzləşə bilər. Onun sözlərinə görə, qaz anbarları oktyabrda doldurulacaq: “Lakin Avropada qış soyuq keçərsə, qitədəki bu ehtiyatlar bütün qış mövsümü ərzində tələbatı ödəməyə kifayət etməyəcək. Nəticədə qaz daha baha qiymətə idxal edilməli olacaq. Hər şeyin tələb və təklifdən asılı olduğu bazarda dost qymətlər yoxdur”.

Avropa hələlik vaxtından əvvəl 80 faizə yaxını dolu olan anbarlara görə qaz qiymətlərinin azalması dövrünü yaşayır. Belə ki, iyulun 10-da keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 375 ABŞ dollarınadək ucuzlaşıb. Niderlandın TTF birjasında təbii qaz üzrə avqust fyuçerslərinin qiyməti min kubmetr üçün 375,1 dollar təşkil edib. Bu isə öncəki hesablama qiyməti (377,3 dollar) ilə müqayisədə 0,6 faiz azdır. Proqnozlara görə, istilik mövsümü yaxınlaşana qədər Avropada qaz qiymətləri 400 dolları ötməyəcək. Lakin havalar vaxtından əvvəl soyuqlaşarsa, həmçinin qış ayları iqlim normalarına uyğun keçərsə, Avropada qaza tələbat kəskin artacaq ki, bu da qiymətlərin artımını şərtləndirəcək. Lakin bu dəfə qiymətlərin 2022-ci ilin yazındakı səviyyəyə qədər artması gözlənilən deyil. Analitik mərkəzlər qaz qiymətləri üçün 400-500 dollarlıq bir hərəkət trayektoriyasını daha real hesab edirlər. Buna görə də hətta ixracımız artsa belə, qaz gəlirlərinin neft gəlirlərindən daha çox olması ən azı ortamüddətli dövr üçün real deyil.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR