İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iddialı layihəsi: Xəzərdə üzən enerji turbinləri

1290 04.06.2022 08:20 İqtisadiyyat A A

Ölkənin bu sahədə nəhəng potensialından istifadə nə vaxt mümkün olacaq?

Dünyada külək enerjisindən istifadə sürətlə artmaqdadır. Qlobal səviyyədə bərpaolunan enerji dedikdə, diqqətlər ilk növbədə külək enerjisinə yönəlir. Son illərdə isə nəzərlər dənizlərdə qurulan külək elektrik stansiyalarına cəmləşib. Demək olar ki, ilin bütün fəsillərində enerji almaq mümkün olan bu üzən turbinlərin sayı durmadan artır.

Bu gün Avropanın Şimal dənizi, Aralıq dənizi sahili boyunca sahildən 100 metrə qədər uzaqdlıqda minlərlə ağ turbinlər müşahidə etmək mümkündür. Onların sayı ildən-ilə artır. Artıq qış aylarında külək enerjisinin Avropa İttifaqının enerji təchizatında payının 30 faizə çatdığı hallar getdikcə çoxalır. İttifaq ölkələrinin bu ilin mart-may aylarında yeraltı qaz anbarlarına rekord həcmdə qaz doldura bilməsində külək elektrik stansiyalarının payı kifayət qədər yüksəkdir. Elə buna görə də Avropa İttifaqı 2030-cu ilədək dənizdə külək turbinlərinin quraşdırılmasına 8 milyard avro investisiya yatırmağı planlaşdırır.

Azərbaycanda dənizdə külək enerjisi potensialı çox yüksək qiymətləndirilir. Energetika nazirinin müavini Elnur Soltanovun mətbuata verdiyi məlumata görə, Xəzər dənizinin şimal hissəsində böyük külək enerjisi potensialı mövcuddur. Dənizin Azərbaycan hissəsindəki potensialı Dünya Bankı və yerli mütəxəssislər 157 GVt həcmində qiymətləndiriblər ki, bu da Azərbaycanda mövcud olan bütün elektrik enerjisi potensialından 20 dəfə çoxdur. Ümumiyyətlə, Xəzər dənizi külək enerjisi istehsalı baxımından dünyada keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır: Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası və BP ilə işləyir: “Azərbaycan Xəzər dənizini bərpa olunan enerji mənbəyi kimi yenidən kəşf edir. Bizim ilkin hesablamalarımız göstərir ki, Xəzər dənizi offşor külək enerjisi baxımından böyük potensiala malikdir. Təkcə Azərbaycan sektorunda 157 min meqavatt səviyyəsində enerjinin olduğunu hesab edirik. Bu, Azərbaycanda elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Bizim bu enerjini elektrik və ya yaşıl hidrogen qismində ixrac etmək imkanlarımız var”.

Elnur Soltanov: “Artıq Azərbaycanda bərpa olunan enerji ilə bağlı layihələr  dövlət büdcəsi hesabına həyata keçirilmir”

Elnur Soltanov

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayevin bildirdiyinə görə, Energetika Nazirliyinin Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə birlikdə Xəzər dənizində külək enerjisi potensialdan səmərəli istifadə istiqamətində yol xəritəsi artıq işlənib hazırlanıb.

Agentliyinin direktor müavini bildirib ki, eyni zamanda “ACWA Power” və “Masdar” şirkətləri ilə ayrı-ayrılıqda anlaşma memorandumu imzalanıb: “Artıq müvafiq təhlillərin aparılması işlərini həyata keçiririk. Hazırda hansı ərazilərdə turbinlər quraşdırıla bilər və istehsal oluna biləcək elektrik enerjisi şəbəkəyə hansı yollarla inteqrasiya ediləcək, ixrac potensialı və s. bu kimi məsələlər araşdırılır”. O, həmçinin qeyd edib ki, eyni zamanda “yaşıl” hidrogen istehsalı və onun ixracı imkanları da təhlil edilir.

Global Wind Report 2022 - Global Wind Energy Council

Azərbaycanın dənizdə külək enerjisi potensialını Ümumdünya Külək Enerjisi Şurası (Global Wind Energy Council, GWEC) da yüksək qiymətləndirir. GWEC-in “Global Wind Report 2022" hesabatına istinadən verdiyi xəbərə görə, Şura mütəmadi olaraq 46 ölkədə fəaliyyətləri izləyir. Bu çərçivədə təşkilat qlobal külək enerjisinin inkişafı sahəsində imkanları və irəliləyişləri sənədləşdirir və müvafiq siyasət çərçivələrinin hazırlanmasında hökumətlərə dəstək verir. Hesabatda dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində nümunə olaraq dörd ölkə göstərilir - Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyə. Sözügedən ölkələr dənizdə külək enerjisi sahəsində yüksək potensiala malik olan bazarlar kimi qeyd olunur.

Soltanovun sözlərinə görə, ən ciddi məsələ odur ki, dənizdən əldə olunan külək enerjisi qurudakından daha baha başa gəlir və investorlar da bu xərclərin bir şəkildə ödənilməsini tələb edirlər: “Bu isə tariflərin yüksəlməsinə gətirib çıxarır, lakin bu, heç vaxt çıxış yolu ola bilməz. Dövlət subsidiyası variantı da cəlbedici görünmür və biz digər həllər üzərində işləyirik. Bu səbəbdən, fikrimcə, Azərbaycanda indidən pilot layihələr həyata keçirməlidir ki, gələcəkdə vaxtı çatanda ölkə texniki tərəfdən buna hazır olsun”.

Qeyd edək ki, artıq Qaradağda 240 meqavattlıq istehsal gücünə malik külək elektrik stansiyasının qurulmasına başlanıb. Bu stansiyanın işə salınması Xəzərdə də işlərə başlanması üçün qiymətli təcrübə əldə olunmasına imkan verəcək. Lakin görünən budur ki, dənizdə külək turbinlərinin quraşdırılmasının ortamüddətli dövrdə reallaşması xeyli çətindir. İlk növbədə ona görə ki, belə turbinlərin Azərbaycana çatdırılması problemi var. Belə ki, böyük və ağır turbinlərin quru yolla daşınması mümkün deyil. Dəniz yolu ilə daşıma üçünsə Rusiya ərazisindən istifadə olunmalıdır. Ukraynadakı müharibəyə görə Avropa İttifaqı ilə Rusiya öz limanlarını bir-birinin üzünə bağlayıb. Bu üzdən qısa və ortamüddətli dövrdə turbinlərin Volqa-Xəzər yolu ilə daşınması mümkün olmayacaq. Onların Azərbaycanda istehsalının qurulması isə 3-4 il vaxt, külli miqdarda investisiya tələb edir. Bu baxımdan, Azərbaycanın ambisiyalı dəniz enerjisi planlarının reallaşması üçün çox aktiv çalışmalara, dəqiq hesablamalara və əldə olunacaq enerjini satmaq üçün bazarların əvvəlcədən müəyyənləşməsinə ciddi ehtiyac var.

Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR