İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın AŞ PA qərarının 7-ci ayı - payıza qədər qayıtmasalar...

853 20.07.2024 11:20 Siyasət A A

Siyasi ekspert: “Təşkilat öz yanaşmasını dəyişməyəcəksə, bizim onların “yaxasından asılmağa” ehtiyacımız yoxdur”

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarının 7 ayı tamam olur. Yada salaq ki, yanvarın 22-də nümayəndə heyəti bununla bağlı bəyanat verib. 

AŞ PA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra bu qərar elan olunub. O vaxtdan ötən müddətdə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan nümayəndə heyətinə dair məsələni bir neçə dəfə müzakirə edib. 

Prezident İlham Əliyev də bu müddət ərzində bir neçə dəfə AŞ PA-nın Azərbaycana qarşı qərəzli və çirkin kampaniya apardığını vurğulayıb. 

AŞ PA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin AŞ PA-da hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını da bildirib. 

Bəs bu müddət ərzində Strasburqla anlaşma yolunda hansısa danışıqlar oldumu? Qurumun payız sessiyasına qədər Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa olunmasa, daha sərt addımlar mümkündürmü?

Əgər Aydın Quliyev doğulmasaydı... - "İki sahil"

 Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, AŞ PA-nın bu qərarı Avropa strukturlarında Azərbaycan əleyhinə kampaniyanın tüğyan etdiyi bir dövrdə verildi. 2024-cü ilin əvvəllərində demək olar ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xidmətini çıxmaq şərtilə, bütün Avropa strukturları Azərbaycanın əleyhinə qərarlar verirdilər. Avropanın bu total qaralama kampaniyası ölkəmizin 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra başladı: “Göz qabağında idi ki, ”möhtərəm" avropalılar Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən heç məmnun qalmamışdılar. AŞ PA da məhz bu motivlər altında Azərbaycan nümayəndə heyəti barədə uyğunsuz qərar verdi. AŞ PA, Avropa Parlamenti və ATƏT-in Demokratika Təsisatlar İnsan Hüquqları Bürosu  sanki Azərbaycana qarşı bir mərkəzdən idarə olunurlar. Məqsəd guya Qarabağın bir ovuc keçmiş erməni sakinlərinin müdafiəsi adı altında əslində Azərbaycana  təzyiqlər göstərməkdir. Azərbaycanın bir neçə dost ölkələri açıq buna etiraz etdilər, Azərbaycanın  nümayəndə heyətinin mandatının bərpasını istədilər. Türkiyənin, Macarıstanın, Serbiyanın bu yöndə dəstəyi unudulmazdır. Lakin AŞ PA-da Azərbaycana, təəssüf ki, hələlik fərqli münasibət görmürük. Səbəb odur ki, ümumən Avropa strukturlarının Azərbaycana münasibəti obyektivliyə doğru hələ dəyişməyib və  Azərbaycana münasibəti çox hallarda Fransadan və bəzi başqa qeyri-dost ölkələrdən asılı vəziyyətdədir. Əslində Azərbaycan barədə qərarı AŞPA yox, Fransa, Hollandiya və Almaniya veriblər. Avroparlamentə yeni seçkilərdən sonra onun yeni formalaşan rəhbərliyinin də Azərbaycana münasibətində pozitiv bir dəyişiklik təəssüf ki, hiss olunmur. Elə bu da deməyə əsas verir ki, AŞ PA-nın yaxın vaxtlarda Azərbaycana münasibətinin dəyişəcəyi ehtimalı zəifdir".

Ekspert qeyd etdi ki, AŞ PA öz yanaşmasını dəyişməyəcəksə, bizim onların “yaxasından asılmağa” ehtiyacımız yoxdur: “Nümunə- ”Şərq Tərəfdaşlığı" proqramı Azərbaycana ədalətsiz oldu və buna cavab olaraq onunla əlaqəyə demək olar ki, çoxdan fasilə verib. İndi də AŞ PA ilə bağlı Azərbaycanın hər cür radikal qərar vermək haqqı var. Onu da deyək ki, AŞ PA Azərbaycana həm də Rusiya ilə münasibətlərdən çıxış edərək təzyiq göstərir. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərini dəyişməyəcək. Bu amil də AŞPA-nın Azərbaycanla bağlı qərəzli siyasəti hələ davam etdirəcəyini deməyə əsas verir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR