İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müasir ordu quruculuğu prosesi davam etdiriləcək

497 15.03.2024 13:08 Ölkə A A

2023-cü ildə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib.

Musavat.com-un məlumatına görə, bu, Baş nazir Əli Əsədovun parlament qarşısında təqdim etdiyi hesabatda əksini tapıb.

Hökumət başçısı qeyd edib ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb və gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaq:

“Eyni zamanda, ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir”.

Hökumət başçısı bildirib ki, Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür:

“Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” stansiyası istismara verilib. 2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln. ton olub. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artıb”.

Əli Əsədov hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar barədə deputatları məlumatlandırıb:

“Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur. Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq. Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin - 140 min nəfərin - doğma torpaqlarına qayıdışı təmin olunmalıdır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq”.

Baş nazir qeyd edib ki, iqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq:

“Məhz Rəqabət Məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaq. Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə 8 dövlət müəssisəsinə özəl investisiyaların cəlb edilməsi bu prosesə təkan verəcək. Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi istiqamətində zəruri işlər davam etdirələcək. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək. Cənab Prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün azərbaycançılıq prinsiplərini özündə ehtiva edən innovativ müasir təhsilin və elmin, sağlam cəmiyyətin və texnoloji inkişafin təşviq edilməsi əsas şərtlərdir. Dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR