İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda kasıb xəstələrə pulsuz yardım etmək istəyirəm” - Klivlendli soydaşımız (FOTOLAR)

9079 22.03.2017 17:14 Müsahibə A A

Amerikada çalışan azərbaycanlı anestezioloq: “Dövlət rəsmi icazə versə, briqada toplayıb, bunu edə bilərik”

Rəsul Həsənzadə Şots: “Evlənən kimi alman xanımımın soyadını götürdüm, çünki...”

Əslində bu, mənim sonuncu Amerika müsahibimdir. Ardıcıllığa uyğun yazıram. Kiminlə nə zaman görüşmüşəmsə, həmin ardıcıllıqla. Amerika səfərinin sonuncu dayanacağında

– San Fransiskodayam. Və məni bu şəhərdə müşayiət edən Həmid bəy Azərinin bir anonsu diqqətimi çəkir: burdakı məşhur azərbaycanlı anestezioloqla tanış olmaq istəyirsizmi? Üstəlik, o adam uzun müddət Klivlend xəstəxanasında çalışıb. Və.... hazırda Azərbaycanda imkansız xəstələri müalicə etmək üçün bir layihə üzərində çalışır...
Anonslara gəl... Belə bir adamın varlığını eşidib, San Fransiskodan bir saatlıq maşın yolu uzaqlığında olduğunu eşitsəm də, onu görməyə dərhal razılaşıram. Düşünün, 40 ildir Amerikada yaşayır, tanınan anestezioloqdur, Azərbaycan səhiyyəsinə bələddir və... Onunla danışacaq xeyli mövzumuz var demək..
Axşam yeməyinə dəvət edir bizi potensial müsahibim. Adı Rəsul Həsənzadədir, Cənubi Azərbaycandandır təbii. Xanımı isə alman. Evə qədəm qoyar-qoymaz içəridə bir alman səliqəsinin hökm sürdüyü görünür. Klassik musiqi sədaları ikimərtəbəli villanı bürüyüb. Evin xanımı qonaqların (məni müsahibimlə görüşdürən Həmid bəydir-müəl.) gəlişinə cidd-cəhdlə hazırlaşır. Lap bizim xanımlar kimi. Mətbəxlə salon arasında var-gəl edir. Çayı tez-tez təzələyir, israrla bişirdiyi peçenyeləri yedirməyə çalışır, hətta bir ara rahat oturmam üçün əlavə yastıqcıqlar da gətirir... Masanı klassik alman yeməkləri ilə bəzəyib. Şnitsellər, alman salatları, peçenyeləri. Evi bürüyən xoş yemək qoxuları... Kim deyir ki, almanlar qonaq sevmir? Ta ki...

Bu arada evdə üç, ya dörd köpək var. Mənim illərdən bəri canımdan çıxmayan it fobiyam onların salona gəlişi ilə partlayır. Qorxu çığlıqları, isterika... Məcburən evin sevimli sakinlərini yan otağa qapadırlar. Evə ölüm səssizliyi çökür. Sanki ailənin bir üzvünə sayğsızlıq etmişəm kimi bir müddət o narazı baxışları üzərimdə hiss edirəm. Yemək boyu itlər olduqları otağın qapısını pəncələri ilə vururlar. Hər tıqqıltıda mən qorxuram, ev sahibləri isə narazı qaldıqlarını hiss etdirirlər. Nəhayət, uzun bir monoloqla it fobiyamın uşaqlığa dayanan hekayəsini danışıram. Təsirlənir və anlayırlar. Aramızdakı buzlar əriyir. Hətta müalicə məsləhət görürlər – fobiyadan qurtulmam üçün. Bu detalı uzun-uzun anlatmağımın isə səbəbi var. Bu ailədə itlər ailənin bərabər hüquqlu sakini kimidir. 40 illik ailə həyatları boyunca bu evdə çox itlər böyüyüb. Amma ailənin tarixində ilk dəfədir ki, onlar hansısa bağlı qapı arxasına kilidləniblər...

Yemək masasının arxasında isə bizimlə yanaşı, evin böyük oğlu sevgilisi ilə birgə oturub. Gənc oğlan evlənməyə hazırlaşdığı qızla vətəndaş nikahındadır. Hələlik bir-birini tanımaq üçün atalarının evində məskunlaşıblar. Gənc qız masanı yığışdırmağa kömək edir, sevdiyi oğlanın anasına mətbəxdə yardım edir və sair... Çox klassik mənzərə...
Daha bir maraqlı detal isə bu ailənin soyadı ilə bağlıdır. Doğrudur, girişdə anestezioloq müsahibimizin Rəsul Həsənzadə olduğunu yazdım. Amma onun hazırkı soyadı Şotsdur, alman xanımının soyadını daşıyır. Elə müsahibəyə də bu detalla başladıq.

79ef7f5e-5419-4242-954b-87f2ac61339e.jpg (150 KB)

-Rəsul bəy, niyə Şots? Həsənzadə soyadı ilə Amerikada yaşamaq çətin oldu sizə?

-Mən evlənəndən sonra soyadımı dəyişdim. Çünki oğlanlarıma Amerikada problemlər var idi. Böyük oğlumun adı Riçarddır. Riçard Şayan Həsənzadəyi Rzayeyi Şots (gülür). Çox uzun soyad idi. Pasport, sertifikat alanda ciddi problem olurdu. Eyni problemlər mənim üçün də keçərli idi. Ona görə də xanımımın soyadını götürdük. Şots olduq hamımız.

-O zaman Amerika macəranızın necə yaşanmasından başlayaq...

-1979-cu ildə Türkiyədə oxudum. Sonra İtaliyada, Romada Tibb Universitetini bitirdim. 5-6 ay Almaniyada yaşadıq. Almaniyadan o qədər də xoşumuz gəlmədi, gəldik Amerikaya. Hər zaman Kaliforniyada yaşamağı arzulayırdıq. Öncə Nyu Yorkda, sonra Vaşinqtonda, ardınca Ohayo ştatında yaşadıq. Klivlend klinikasında çalışmışam. Mən ixtisasca anestezioloqam. Amma daha sonra ürək-ağciyər üzrə təhsil almışam. Kaliforniyada çalışıram indi. Yeni işə başlamışam. Amerikanın Hava Qüvvətlərindəki hospitalında çalışıram.

-Xanımınız almandır. Nə zaman tanış olmusuz?

-34 ildir xanımla tanışıq. 20 yaşından bəri. İtaliyada birgə təhsil almışıq. Bir nəfərlə yaşamaq istəsən, öyrəşə bilərsən. Həm özün öyrənirsən, həm də o, öyrənir. Bir-birimizə güzəştlər edirik. Ona görə də 34 ildir birgəyik. Onun siyasi elmlər üzrə əlavə təhsili var. Uşaqlar anadan olandan sonra yoldaşım çalışmır.

-Qeyri-amerikan olduğunuz üçün karyeranızda hər hansı baryerlə qarşılaşmamısız?

-Xeyr, heç bir baryer yoxdur. Burda çoxlu sayda millət var, onlar burda çalışırlar. Hamıya eyni dərəcədə fürsət yaradılır. Burda iş sektorunun əksər sahələrində qeyri-amerikanlar çalışır. Düzdür, çox az qism gəlmələr var ki, insanın adına xələl gətirir. Amma böyük üstünlük gözəl işlər gördüyü üçün bu pis işlər onun içində əriyib batır.

406c9a13-6995-4b35-a26c-78de76fd0cc3.jpg (149 KB)

-Bəs özünüzün bu topluma öyrəşməniz çətin oldumu?

-Burda yaşamaq üçün yox. Amerikaya qanuni yolla gəldiyin zaman heç kim sənə heç nə deyə bilməz. Mənim oğlanlarım burda prezident ola bilər, mənsə yox. Çünki mən bura mühacirət etmişəm, oğlanlarım isə burda doğulublar, buranın vətəndaşlarıdır. Mənim çalışdığım klinika çox böyük bir yerdir. Orda hər millətdən insan var. Hərəmiz bir iş görürük.

-Burda yaşayan azərbaycanlıların çoxu ilə söhbət zamanı məlum oldu ki, onlar ilk mərhələdə burada qab yumaq, "fast food"da işləmək kimi... minimal işlərdən başlayıblar. Fürsətlər ölkəsi sayılan Amerika insanlara bir çox mənada qapı açıb və onların yüksəlməsinə kömək edib. Siz də eyni mərhələləri keçmisizmi?

-Mən buraya gələndə burda işləmirdim. İngilis dilini bilmirdim. Ona görə də bu işləri görmədim. Birbaşa öz ixtisasım üzrə çalışmağa başladım.

-Azərbaycana çoxmu gedib-gəlirsiz?

-Uşaqlıqdan arzum vardı ki, Bakıya gedim. Nəhayət ötən ilin sentyabrında paytaxta gedə bildim. Şah vaxtında biz Cənubi Azərbaycanda radio ilə Rəşid Behbudova, Zeynəb Xanlarovaya qulaq asardıq. Tüklərim biz-biz olur indi bu haqda danışanda.

-Gəldiz Bakıya, gördüz və təəssüratlarınız necədir?

-Mən də, xanımım da şoka düşdük Bakını görəndə. Necə gözəl, necə təmiz... Metrolar tərtəmiz.. Şəhərdən kənara da çıxdıq. Məsələn, Yanardağa, Qobustana getdik. Amma şəhərdən kənara çıxanda görürsən ki, hər şey paytaxtdan fərqlidir. Cənubi Azərbaycanın kəndlərinə bənzəyirdi. İndustriyanın ancaq mərkəzdə olması, kənarlarda olmaması, işin olmaması... Kasıbçılıq, əzab gördüm millətdə. Bakının içində onu görmürsən.

60df9f13-023e-425a-8b17-00dd14d84c45.jpg (132 KB)

-Azərbaycanla bağlı maraqlı planlarınızın olduğunu eşitdim... Onlardan danışaq istəsəniz...

-Azərbaycanda bəzi adamlarla bu barədə danışdım. Kiminlə danışırdımsa, istəyirdilər ki, mən onların hospitalında çalışım. İldə iki-üç həftə köməklik etmək mümkündür. Mən burda bir-iki cərrahla danışdım. Onlarla gedib orda xəstəxanalarda imkansız insanları müalicə etmək, onlara yardım etmək planımız var. Amma bunun üçün ciddi maliyyə dəstəyinə ehtiyac var. Tibbi avadanlıqlar, ləvazimatlar lazımdır. Xüsusi səyyari aparatlar olsa, bölgələrdəki xəstəxanalarda biz bunu etmək istəyərik. Tibb Universiteti öz işçilərini, tələbələrini bizə qoşsa, bu halda biz gedəndən sonra da onlar durumu idarə edə bilərlər. Bu, çox ciddi əməliyyatdır. Mənim dünyanın bir çox ölkələrində azərbaycanlı həkim dostlarım var. Onlar da çox istəyirlər ki, belə bir yardım prosesində iştirak etsinlər. Amma bunun üçün burda bir təməl dəstək olması lazımdır. Məqsədimiz yoxsul insanlara ürək, beyin, bel əməliyyatları etməkdir. Belə dostlarım var ki, Fələstinə, Qəzzaya gedirlər. Azərbaycana gəlmək üçün gərək bizə rəsmi icazə verilsin. Biz bu işi görməyi çox arzulayırıq. Azərbaycan dövləti bizə bunu icazə versə, biz də müvafiq təşkilatlara müraciət edib, yardım ala, bu xeyriyyə işini görə bilərik. Gərək bir vahid nöqtədən başlayaq. Başlanğıcda çətin ola bilər. Mən çox işləyirəm. Bəzən 5 gün xəstəxanada növbədə qalıram. Ona görə də bu, düşündüyünüz qədər də asan deyil. Gərək bir il öncədən hər şeyi təşkil edəsən, planlaşdırasan.

-Çalışdığınız klinikaya azərbaycanlı xəstələr çoxmu gəlir?

-Bilmirəm. Bura gələn azərbaycanlı xəstələr çox pullu olarlar. Onlar da özəl xəstəxanalara gələrlər. Mən o yerlərdə çalışmadığım üçün heç nə deyə bilməyəcəm.

-Amma siz Klivlenddə çalışdığınız dönəmdə mərhum Heydər Əliyev də orda müalicə olunub. Onunla görüşmək imkanınız olmuşdumu?

-Bəli, Heydər Əliyev həmin vaxt reanimasiyada idi. Onun həkimi də mənim dostum idi. Mənə xəbər verdi ki, sizin prezidentiniz burada müalicə olunur. Reanimasiyanın qapısı ağzında çoxlu sayda polis, azərbaycanlı məmur vardı. Mən təbii ki, Heydər Əliyevi uzaqdan gördüm.

bec37bb2-c491-4033-b6b2-2a33b5c7cdad.jpg (158 KB)

-Səhv etmirəmsə, Azərbaycanda tibb müəssisələrində olmusuz. O zaman sizin fikirlərinizi də bilmək istərdim: Azərbaycanda tibbin, səhiyyənin durumunu necə qiymətləndirirsiz?

-Özəl klinikalarda olmuşam. Orda reanimasiyadaların durumu çox pis idi. Məsələn, beyninə qan sızan xəstəyə özəl monitorlar, xüsusi nəzarət lazımdır. (Bu yerdə tibbi prosedurla bağlı çoxlu məlumat verir-müəl.) Əməliyyat otağında qapı açıq idi. Halbuki bunu etmək olmaz. Çünki bu halda bakteriyalara nəzarət etmək mümkün olmur.

-Bütün müsahiblərimdən soruşuram. Siz də istisna deyilsiz. Nə zamansa Azərbaycanda yaşamaq istəyərsizmi? Amma tam səmimi, pafossuz lütfən...

-Xanım, səmimi deyəcəm. Qorxuram. 40 ildi ki, biz Qərb ölkələrində yaşayıb, azadlığı görmüşük. Mən Bakıya gələndə bəzi yerlərin fotosunu çəkmək istəyirdim, 4 polis gəlirdi üstümə ki, olmaz. Metroda şəkil çəkməyə icazə vermirlər. Mən 40 illik azadlıq mühitidən sonra bunları yaşaya bilmərəm.

Sevinc TELMANQIZI
Kaliforniya, Amerika

Sevinc Telmanqızının ABŞ-dan hazırladığı digər reportajlar

1.Bir Nyu York macərası.... başlayır - müxbirimiz “fürsətlər şəhəri”ndən yazır (Fotolar, VİDEO)

2.Nyu Yorkda Xocalı faciəsinin qurbanları yad edildi - FOTOLAR

3.“Yatmayan şəhər”də macəra zamanı - müxbirimiz Nyu Yorkun gecəsindən və gündüzündən yazır - FOTOLAR, VİDEO

4.Nyu Yorkda “Azərbacan Evi”, “Azərbaycan” restoranı – bunların yaradıcısı Münəvvər Vahabova danışır (Fotolar- VİDEO)

5.ABŞ azərbaycanlıları orada yaşamağın yollarından danışır

6.Dünyanın baş şəhərinin balaca Ağ Evi - əməkdaşımız Vaşinqtonun gözəlliklərindən yazır (Fotolar - VİDEO)

7.“Soyuq qış gecələrində meşələrdə ac-susuz gəzirdik ki, sağ qalaq” - ABŞ-da Xocalı harayı ( FOTOLAR, VİDEO)

8.Səfir Elin Süleymanov: “Son illər Amerikadakı erməni diasporu siyasi baxımdan xeyli zəifləyib” – VİDEO, FOTOLAR

9.Amerikalılar Trampın siyasətini təhlil edir – Musavat.com Ağ Evin qarşısında sorğu keçirdi (FOTOLAR, VİDEO)

10.“Mən özümüzü implant dişə bənzədirəm, transplantasiya olunmuş orqan kimiyik” - Vaşinqtona köç edən telejurnalist danışır (FOTOLAR-VİDEO)

11.“Türkiyədə qürbəti hiss etmirdim, amma Amerikada hiss edirəm” - mühacir politoloqun hekayəsi (FOTOLAR-VİDEO)

12.“Atam dedi, gəl sənə maşın alım, amma Amerikaya getmə” –mühacirin macərası (Fotolar, Video)

13.“Mənim burda erməni müştərilərim də var” – Vaşinqtondakı azərbaycanlı vəkilin müsahibəsi (FOTOLAR, VİDEO)

14.Çayı tərsinə axan, küləyi üz kəsən, burulğanı adam öldürən şəhər (Fotolar, Video)

15.ABŞ-dakı əfsanəvi Azərbaycan televiziyası: GünAz TV-nin kamera arxası - (FOTOLAR - VİDEO)

16.Buludların qucağında bir şəhər – mən San Fransiskoya heyranam! (FOTO-VİDEO)

17.“Əgər Amerikada işləmək və pul qazanmaq istəyirsinizsə...”–soydaşlarımıza ABŞ-da yardım edən adam (Foto və Video)

18.Facebookun azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...” (FOTOLAR-VİDEO)

19.“Piano çala bilmədiyim gün... hamıya “xudahafiz” deyəcəm” - (VİDEO-FOTO)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR