İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Elin Süleymanov: “Son illər Amerikadakı erməni diasporu siyasi baxımdan xeyli zəifləyib” – VİDEO, FOTOLAR

8265 02.03.2017 18:52 Müsahibə A A

Azərbaycanı ABŞ-da təmsil edən diplomat deyir ki, amerikan tərəfdaşlarımıza imkan verməliyik, yeni siyasəti təmin edib, münasibətləri tənzimləsinlər

Vaşinqton səfərimiz zamanı əsas dayanacaqlardan biri Azərbaycanın Amerikadakı səfirliyi oldu. Ölkəmizin Amerikadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov bizi səfirliyin binasında qonaq edib, geniş müsahibə verdi. “Yeni Müsavat” müsahibəni təqdim edir.

-Elin müəllim, öncə sizi Amerikada xoş gördük. Mən Amerika səfərim boyunca bir çox həmyerlimizlə söhbət etmişəm və müsahibələr seriyası da davam edəcək. Amma öncə sizdən statistika barədə məlumat almaq istərdim. Amerikada yaşayan azərbaycanlıların sayı nə qədərdir?


-Biz ümumiyyətlə, təsəvvür edirik ki, 100-200 min arasıdır. Bura güneyli qardaşlarımızı da əlavə etsək, rəqəm daha da yüksək olar. Amma Amerikada yaşamaya gəlib, konsulluğun qeydiyyat şöbəsində qeydiyyata düşən vətəndaşlarımız çox deyil. Ümumi statistikanı saxlamırıq, çünki say dəyişir. Amma burda kifayət qədər azərbaycanlı var. Nyu Yorkda, Vaşinqtonda, Hyustonda, Kaliforniyada daha çox məskunlaşıblar.


-Amerikada yaşayan azərbaycanlılar gəliş səbəbləri etibarilə Avropaya gedənlərdən fərqlənirlər. Ən azı, ilkin müşahidələrimiz bunu deyir. Siz bu durumu necə təhlil edərdiz: azərbaycanlıların yaşamaq üçün Amerikanı seçmələrinin səbəbi nədir?


-Burda müxtəlif səbəblər var. Təhsil dalınca, iş üçün gələnlər var. Eyni zamanda Sovet İttifaqı dağılandan sonra çoxsaylı vətəndaşlar iqtisadi vəziyyətlə bağlı bura köçüblər. Biz çox istərdik ki, Amerikaya köçən azərbaycanlılar hər zaman uğur qazansınlar, Vətənimizi burda layiqincə təmsil etsinlər. Ona görə də biz eşidəndə ki, hansısa həmyerlimiz məşhur bir universitetə daxil olub və ya karyerasında uğur qazanıb, bu, bizi çox qürurlandırır.

“Bura gələn azərbaycanlılar iki şeyi unutmamalıdır: Azərbaycan icması ilə münasibətləri saxlasınlar və bura gələndə məqsədlərinin nə olduğunu bilsinlər, hazır olsunlar”


-Az öncə dediniz ki, konsulluğun qeydiyyat şöbəsində qeydiyyata düşən azərbaycanlılar çox deyil. Bəs bu qeydiyyat hansı məqamlar üçün mütləqdir? Yəni, qeydiyyata düşmək burda yaşayan azərbaycanlılara hansı məqamlarda yardımçı olur?


-Birincisi, Allah eləməmiş hansısa fövqəladə hal olanda bizim də xəbərimiz olsun ki, burdakı azərbaycanlılarla əlaqə yarada bilək. Ya Vaşinqtondakı konsulluqda, ya da Los Ancelesdəki konsulluqda qeydiyyatdan keçsinlər. Bundan başqa, kiminsə pasportunun vaxtı keçəndə və ya etibarnamə lazım olanda bizə müraciət edirlər. Bunun üçün qeydiyyatda olmaq mütləqdir. Son zamanlar daha çox xoş işlərlə müraciət edirlər. İlk növbədə doğum şəhadətnaməsi almaq üçün. Bu da bizi çox sevindirir.


-Son aylar Amerika dünyanın gündəmindədir. Necə düşünürsüz, azərbaycanlılara yeni Tramp Amerikası nə vəd edir?

sssss.JPG (45 KB)


-Hələ ki, nəsə demək tezdir. Biz hələ ki, aydın şəkildə, spesifik yanaşmalarla tam tanış deyilik. Azərbaycana qarşı yanaşması necədir, Azərbaycanla spesifik kim işləyəcək. Biz amerikan tərəfdaşlarımıza imkan verməliyik ki, yeni siyasəti təmin edib, münasibətləri tənzimləsinlər. Mən ümumiyyətlə, ümidliyəm. Yersiz nikbinlik göstərmək istəməzdim, amma daha praqmatik yanaşma Azərbaycan üçün faydalı olacaq. Mən düşünürəm ki, Amerikanın xarici siyasəti daha praqmatik olsa, prosesin müsbət nəticələri də özünü göstərəcək.

 

“Kimsə bura köçüb, mentalitetdən şikayətlənirsə, bura köçməməlidir”



-Amerikaya gəlmək üçün viza alanda müşahidələrim onu göstərdi ki, seçim prosesi olduqca sərt aparıldı. Hesab edin ki, 30 nəfərdən cəmi 5-6- a müsbət cavab verildi. Bu sərtləşmənin səbəbləri nədir? Azərbaycan da Amerika üçün yasaq ölkələr siyahısında ola bilərmi?


-Mən elə düşünmürəm. Azərbaycanın ABŞ-la əməkdaşlığı yüksək səviyyədədir. Mən bu günə qədər viza məsələsi ilə bağlı hər hansı şikayət və narazılıq eşitməmişəm. Ümumiyyətlə, Amerikanın belə bir yanaşması var ki, vizanı həmin şəxsin fərdi xüsusiyyətlərini əsas götürərək verir. Şəxsin özünün qayıtmaq şərtləri, Azərbaycanda yaşayış şərtləri – mülkü, qayıtmaq üçün əsaslı səbəbləri varmı-nəzərə alınır. Hər bir ölkənin səfirliyinin viza şərtləri var. Amma biz sizin dediyiniz məqamları və qeydləri nəzərə alarıq. Mən amerikan tərəfdaşlarımızla danışarıq. Biz Amerikanın Azərbaycandakı səfirliyinin bizim vətəndaşlara qarşı münasibətini hər zaman nəzarət altında saxlayırıq. Onlar da bizə konkret məsələlərlə bağlı müraciət edirlər. Aramızda sağlam, işgüzar münasibətlər bu məsələləri müzakirə etməyə imkan verir. Amma biz bu məsələdə problem görməmişik. Amerikanın miqrasiya siyasətinin yeni mərhələyə qədəm qoyması, bu sahədə dəyişikliklər etməsi görünəndir. Azərbaycan isə bu məsələdə Amerikanın viza rejimini sərtləşdirdiyi dövlət deyil. Onlar başa düşürlər ki, Azərbaycan güclü dövlətdir. Adətən bizə bu məsələ ilə bağlı şikayətlər çox gəlməyib. Amerikaya girişi yasaqlanan 7 ölkə vətəndaşları ilə bağlı məsələdə də spesifik yanaşma var. Söhbət təkcə həmin ölkələrin müsəlman olmasından getmir. Söhbət həmin dövlətlərin pasportlarının nə qədər güvənli və həqiqi olmasıdır. Bu, ciddi yanaşmadır. Amma birinci sərəncamın icrası dayandırılıb. Bu günlərdə yeni sərəncam veriləcək.

c46c2326-2e0f-4dd6-b733-165f47b192cc.jpg (111 KB)


-Azərbaycanda yaşayan azərbaycanlılar nə dərəcədə bir-birilə əlaqəlidirlər? Münasibətlər sıxdır, bir araya gəlib, bayram və matəm günlərini birgə qeyd edirlərmi?


-Sizin bura gəlişiniz Xocalı faciəsinin ildönümü ərəfəsinə təsadüf edir. O tədbirlərdən bir neçəsində iştirak etmisiz. Görmüsüz ki, azərbaycanlılar bu kədərli tarixi anım və etiraz aksiyaları şəklində qeyd edirlər. Bu, hər il belədir. Nyu Yorkda, Bostonda, Vaşinqtonda, Hyustonda,San Fransiskoda, eləcə də digər şəhərlərdə. Bu, Azərbaycan diasporasının Amerikadakı fəaliyyətinin gücünü göstərir. Bayaq da danışdıq, burda yaşayan azərbaycanlılarımız sayca az deyil. Amma bəzi hallarda pərakəndə olmaları diqqət çəkir. Halbuki ortaq, gücü bir yerə qoyub, aksiyalar keçirsələr, ermənilərdən qat-qat güclü olarlar. Dostlarımızı bir yerdə görmək istərdik.

1458ed47-0dcc-467d-a7c0-3a441810182b.jpg (77 KB)


-Amerikadakı erməni diasporuna toxunduz. Ermənilər Amerikada nə qədər fəaldılar? Bərabər şərtlər altında olmamamızın səbəbləri sırasında din faktoru və onların daha öncədən bu torpaqlarda məskunlaşması göstərilir. Siz durumu necə qiymətləndirirsiz?

“Azərbaycan Amerikanın viza rejimini sərtləşdirdiyi dövlətlərdən deyil”


-Mən uzun müddət Los Ancelesdə baş konsul işləmişəm. Bu şəhər müəyyən mənada Ermənistanı xatırladır, çünki orda ermənilərin sayı çoxdur. Amma nəzərə almalıyıq ki, Ermənistan diasporu uzun müddətdir ki, Amerikada fəaliyyət göstərir. Eyni zamanda onlar daha mütəşəkkildir. Bu gün də o mütəşəkkillik baxımdan daha güclüdür. Amma eyni zamanda son illər siyasi baxımdan, erməni diasporunun zəifləməsi də faktdır. Birinci səbəb odur ki, Ermənistan güclü və müstəqil dövlət deyil. Regionda strateji baxımdan heç bir xeyir verə bilmir. Bu isə onları Azərbaycanla müqayisədə xeyli geri salır. Onlar hər nə qədər diasporun gücü ilə öyünməyə, irəli getməyə çalışsalar da, bu, Ermənistanın heç bir sahədə potensialı və nüfuzu olmaması faktını unutdurmur. Bu, ciddi detaldır. Eyni zamanda Türkiyənin strateji əhəmiyyəti də öz təsirini göstərir. Ermənistanın strateji baxımdan faydasız məkan olduğunu fakt kimi sübut edir. Diaspora baxımdan daha da mütəşəkkil olmalıyıq. İşimiz çoxdur.


d9153330-8814-4d2c-a1a9-c3116cfc8df4.jpg (92 KB)


-Azərbaycanlıların Amerika cəmiyyətinə inteqrasiyası necədir? Bu proses necə gedir?


-Bir tərəfdən Vətəndən kənarda yaşayan insan üçün yeni mədəniyyət, cəmiyyətə girmək o qədər də asan deyil. Amma mən azərbaycanlıların bu məsələdə o qədər də problem yaşadığını görməmişəm. Bizimkilər çevik, zəhmətkeş və yeniliklərə öyrəşməyə meyllidilər. Bundan başqa, Amerika cəmiyyəti də müxtəlifliyi sevir, rəngarəng cəmiyyətdir. Burda azərbaycanlıların da yeri var. Bura gələn azərbaycanlılar iki şeyi unutmamalıdır: Azərbaycan icması ilə münasibətləri saxlasınlar və bura gələndə məqsədlərinin nə olduğunu bilsinlər, hazır olsunlar. Amerika cəmiyyəti dil, yaşayış, mədəniyyət baxımdan tələbkardır. Bəzən bura köçən azərbaycanlılar deyirlər ki, burda yaşaya bilmirəm. Sonra da məlum olur ki, dil bilmirlər (gülür). Təbii ki, cəmiyyətə inteqrasiyanın əsas şərti dili bilməkdir. Kimsə bura köçüb, mentalitetdən şikayətlənirsə, bura köçməməlidir. Amma sözsüz ki, vətəndən uzaq yaşamaq asan deyil. Mən özüm illərdir xaricdə yaşayıram. Sözsüz ki, Vətən insanı çağırır. Azərbaycanın ruhu, atmosferi özəldir. Azərbaycanlı olmaq insana fərqli bir qürur verir.


Sevinc TELMANQIZI, musavat.com
Vaşinqton, Amerika

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR