“Yeni Müsavat” əməkdaşının Vaşinqtondakı Gündüz Tahirli ilə görüşü və baş tutmayan müsahibəsi
Nyu-York və nyu-yorklu azərbaycanlılarla sağollaşıb, ABŞ-ın paytaxtına – Vaşinqtona doğru yol alırıq. Nyu-Yorkun “qaynar qazan”ı xatırladan aurası, küçələrindən sonra Vaşinqtonun dinclik verəcəyini anons edir dostlar. Gedəndə görəcəyik. Hələliksə Nyu-York aeroportundayam.
NYU-YORKLULAR VAŞİNQTONA TƏYYARƏ İLƏ GETMİRLƏR – DÜZ DƏ EDİRLƏR
Bizim əksimizə olaraq, nyu-yorklular, eləcə də digər şəhərin sakinləri Nyu-Yorkdan Vaşinqtona doğru səfər zamanı təyyarədən istifadə etmir. Çünki bunu vaxt itkisi hesab edirlər – iki saat öncədən aeroportda ol, şəhərdən uzaq aeroporta getmək üçün 30-45 dəqiqəndən keç. Üstəlik, bilet qiymətləri də var. Ona görə də firmasından asılı olaraq 40 dollardan başlayan avtobus bileti almaq və səfərə davam etmək məsləhətdir.
Gələndə görməmişdim, amma aeroportun yoxlama keçid məntəqəsinə gedən yolda gömrük işçisi yanındakı gözətçi iti ilə aralarda gəzişir. İt sərnişinlər arasında şübhəli bir kimsə, nəsə hiss etsə, qanı getdi. Videomaterialdan da görəcəksiz - qorxulu, bədheybət…
Dostlar xəbərdarlıq edir ki, daxili uçuşlar zamanı həcmindən asılı olmayaraq aeroportda baqaja verilən çemodan üçün 25-30 dollar məbləğində pul ödəməli olacağam. Daha dəqiq desək, nəğd yolla 30, kart yolu ilə - 25 dollar (bu da bir başqa anormallıq). Vaşinqton səfərində belə bir tələb irəli sürülmür. Amma sevincim uzun çəkmir, növbəti daxili uçuşda həmin 30 dolları ödətdirib, əvəzində bir kart da verirlər. Başqalarını deyə bilmərəm, amma məni sırf baqaja görə 30 dollar ödəmək qədər heç bir haqsızlıq yandırmır. Zatən, bu məsrəf bilet puluna daxil olmalı deyilmi? Çemodanımı daşıyırlar deyə ekstradan 30 dolları ödəmək… nəsə, çox deyinmədən yola davam edək.
OTELƏ YERLƏŞMƏK ÜÇÜN 4 SAATLIQ SORĞU-SUAL

Təxminən 1 saatlıq uçuşdan sonra təyyarə ABŞ-ın paytaxtına enir. Səfər qısa olduğu üçün də yolda ancaq içki və peçenye servisi edilir. Vaşinqton aeroportunda məni bu şəhərdə yaşayan həmyerlimiz Zaur Bayramlı qarşılayır. Elə Vaşinqtonla tanışlığım üçün bələdçiliyi də o edir. Əvvəldən bilsəm də, gördüklərim məni bir daha əmin edir: bura öz sakitliyi, yeknəsəq həyat tərzi, zəif dinamikası ilə tipik paytaxt şəhəridir. Ankarada olmusuzsa, elə Ankaraya da bənzədə bilərsiz. Paytaxt otel baxımından olduqca zəngindir. Amma Vaşinqton paytaxt olduğu üçün otellər əsasən iş səyahəti üçün dizayn edilib, yerləşdiyi yer Ağ Evə yaxın olduqca qiymətləri də avtomatik olaraq qalxır. Orta hesabla bir gecəlik otel qiyməti 250-300 dollar arasında dəyişir. Bakıda olanda olduqca ucuz qiymətə rezerv etdiyimiz (bu arada bookinq.com-un kiçik bir hiyləsi nəticəsində qiymətdə yanıldığımız) butik oteldə yerimiz hazır idi. Amma xarici səfərlərim zamanı ilk dəfə yaşadığım bir problemi Vaşinqton mənə təqdim edir. Sən demə, rezerv edilmiş otel otağı üçün saysız-hesabsız prosedurlar lazım imiş. Rezerv edən şəxsin bilgiləri, kredit kartının məlumatları, pasportunun surəti… Bu nədir? 2 gecəlik otaq tuturuq, yoxsa Ağ Evin “kupça”sını adımıza keçiririk? Pulunu al, otağı ver – prinsip bu olmalı deyilmi? Adamı da çemodanını otağa yerləşdirmək üçün 4 saat sorğu-sual edərlər? Nəsə, deyinməyək deyə söz vermişdim, yola davam. Ümid edək ki, bu, Vaşinqtonun mənə son silləsi olacaq.
TARİXƏ VƏ TARİXİ YARADANLARA SAYĞI – VAŞİNQTONDA TARİXİ ABİDƏLƏR
Vaşinqtonda üç aeroport var. Bunların ikisi əsasən daxili uçuşlar üçün istifadə olunur. Dallas aeroportu isə beynəlxalq uçuşlar üçün nəzərdə tutulub. Şəhər mərkəzinə ən yaxın olan Reyqan aeroportu isə daha çox daxili uçuşlarda istifadə olunur. Amerikada metro stansiyaları isə əsasən ikimərtəbəli olur. Mezzanine adlanan asma pulləkən kimi bir platformadan bilet alıb verə bilir, ya da keçid edirsiniz. Bundan sonra aşağı mərtəbədəki platformalara enmək olur. Bilet qiymətləri isə gedəcəyiniz dayanacağın sayına və saatına görə dəyişir. Təktərəfli biletin qiyməti 2,5 - 4 dollar arasındadır. Amma burda da smart-kart almaq daha sərfəli sayılır.
Çox adam Vaşinqtondakı Ağ Evlə Konqres mərkəzini qarışdırır. Amma onların arasında xeyli məsafə var. Bu bina National Mallın şərq tərəfində yerləşir. Vaşinqton National Mallda gəzib, amerikanların öz tarixlərinə duyduğu sayğını da hiss etməyə bilmirsən. Vaşinqtonda Linkoln, Cefferson kimi ölkənin qurucuları üçün ucaldılmış heykəllər, memarlıq abidələri öz əzəməti ilə Amerika tarixinin tipik nümunələridir.
Vaşinqton abidəsi (Vaşinqton monument) də bunun tipik örnəklərindən biridir. Dünyanın ən yüksək dikilmiş daşı sayılır.

Afrikalı amerikanlar muzeyi isə Obama hakimiyyətinin son dönəmində tikilib yekunlaşdırılıb. Hər halda, olduqca düşündürücüdür – gethagetdə Obama öz tarixi köklərinə olan sədaqətini Vaşinqtonun mərkəzində sübuta yetirib.

Ağ Evi də yaddan çıxarmayaq. Düzdür, bu barədə geniş reportajı növbəti gün oxuyacaqsız. Amma etiraf edim ki, bu binanı ilk dəfə görən biri kimi insanda yaranan təəssürat qəribə olur. Sən onu hər gün xəbərlər buraxılışının əsas xəbərlərində gördüyün üçün gözünə olduqca böyütmüş olursan, əzəmətli bir tablosu var beynində. Gəlib yaxından görəndə isə “Ağ Ev bu qədər balacadırmı” sualını içindən səsləndirməyə bilmirsən. Ağ Evi görəndən sonra Təmsilçilər Məclisindən başlayıb, Linkoln abidəsinə qədər davam edən böyük bir park olan National Mall boyunca yürüyərək Linkoln abidəsinə getdik. Ağ Evdən buraya parkın içində gəzmək təxminən 1 saat davam edir.

AMERİKADA QİYMƏTLƏR – SUDAN ÇAYA, EVDƏN TAKSİYƏ QƏDƏR HƏR ŞEY
Tarixdi, oteldi, təyyarədi... bunların hamısı gözəl, xoş, amma... Klassik oxucunu belə səfərlər zamanı həm də orda yaşayanların öz məişət ehtiyaclarını necə ödəmələri maraqlandırır. Amerikanların yaşam xərcləri necədir? Mən bunu araşdırma zamanı, eləcə də Amerikadakı bir neçə təşkilatın apardığı sorğunun nəticəsində yayılan hesabata əsasən yazıram.
| Restoranlar | Orta hesabla | Minimum-maksimum |
| Ət yeməyi (bahalı olmayan restoranlarda) | 12.00 $ | 10.00–18.00 |
| 2 nəfərlik ət yeməyi (3 növ yemək qiyməti – orta bahalıqda olan restoranlar) | 50.00 $ | 35.00–70.00 |
| McDonalds’ta standart McMeal menyu qiyməti | 7.00 $ | 5.99–8.00 |
| Yerli pivə (0.5 litr) | 4.00 $ | 3.00–5.00 |
| Kapuçino (qəhvə) | 3.85 $ | 3.00–5.00 |
| Pepsi/Coca-Cola (0.33 litr) | 1.72 $ | 1.25–2.00 |
| Su (0.33 litr) | 1.38 $ | 1.00–2.00 |
| Market alış-verişi | Orta hesabla | Minumum-maksimum |
| Süd (1 litr tam yağlı süd) | 0.90 $ | 0.71–1.06 |
| 500 qramlık ağ çörək | 2.56 $ | 1.65–3.31 |
| Düyü (1 kiloqram) | 3.67 $ | 2.20–5.51 |
| Yumurta (12 ədəd) | 2.76 $ | 2.00–3.75 |
| Yerli pendirlər (1 kiloqram) | 10.73 $ | 6.61–15.43 |
| Toyuq döşü (1kiloqram) | 8.75 $ | 5.49–13.23 |
| Qırmızı ət (1kq) | 11.88 $ | 8.80–16.53 |
| Alma (1kq) | 4.26 $ | 2.65–6.61 |
| Banan (1kq) | 1.59 $ | 1.10–2.20 |
| Portağal (1kq) | 3.98 $ | 2.20–6.61 |
| 1 qutu siqaret (“Marlboro”) | 6.50 $ | 5.35–8.50 |
| Pomidor(1kq) | 3.98 $ | 2.20–6.59 |
| Kartof (1kq) | 2.59 $ | 1.58–4.41 |
| Soğan (1kg) | 2.62 $ | 1.74–4.41 |
| Kələm | 1.57 $ | 1.00–2.00 |
| Su(1.5 litr) | 1.76 $ | 1.00–2.50 |
| 1 şüşə şərab | 12.00 $ | 9.00–16.00 |
| Nəqliyyat | Orta hesabla | Minumum-maksimum |
| Bir gedişli bilet | (Şəhər içi avtobus) | 2.25 $ 1.50–2.75 |
| Aylıq avtobus bileti | 75.00 $ | 42.00–100.00 |
| Taksimetrdə açılış qiyməti (gündüz qiyməti) | 3.00 $ | 2.50–5.00 |
| 1 kilometrdə taksimerdə qiymət (gündüz qiyməti) | 1.62 $ | 1.24–2.50 |
| Taksi gözlətmə müddəti (1 saatliq), (gündüz qiyməti) | 30.00 $ | 20.00–40.00 |
| Benzin (1 litr) | 0.61 $ | 0.52–0.75 |
| Volkswagen Golf 1.4 90kW Trendline, sıfır km (və ya bənzər maşın) | 22,000.00 $ | 18,495.00–25,000.00 |
| Toyota Corolla 1.6l 97kW Comfort, sıfır km (və ya bənzər maşın) | 20,016.19 $ | 17,500.00–24,000.00 |
| Ev xərcləri (aylıq) | Orta hesabla | Minimum-maksimum |
| 85 m2 ev üçün (Elektrik, qızdırıcı, qaz, zibil yığılmas) | 146.24 $ | 91.49–220.00 |
| Konturlu telefonla 1 dəqiqəlik danışmağın qiyməti | 0.11 $ | 0.10–0.20 |
| İnternet (10 Mbps, Kablolu/ADSL) | 51.35 $ | 35.00–70.00 |
| İdman və digər əyləncə üçün | Orta hesabla | Minimum-maksimum |
| Aylıq idman salonu üzvlüyü (1 böyük) | 37.85 $ | 20.00–60.00 |
| Tennis kortu kirayəsi (Həftə sonu, 1 saatlıq) | 16.54 $ | 6.00–28.00 |
| Kino bileti | 11.00 $ | 9.00–14.00 |
| Geyim və ayaqqabı | Orta hesabla | Minimum-maksimum |
| Cins şalvar (Levi’s və ya bənzəri) | 42.13 $ | 30.00–55.00 |
|
Zəncir mağazalarda 1 ədəd yay paltarı (Zara, H&M, …) |
35.24 $ | 25.00–50.00 |
| “Nike” idman ayaqqabısı | 74.27 $ | 60.00–90.00 |
| Dəri iş ayaqqabısı (Kişi) | 92.73 $ | 65.00–125.00 |
| Aylıq kirayə | Orta hesabla | Minimum-maksimum |
| Bina evi (1 yataq otağı),şəhər mərkəzində | 1,212.52 $ | 750.00–1,900.00 |
| Bina evi (1 yataq otağı) şəhər kənarında | 908.02 $ | 600.00–1,400.00 |
| Bina evi (3 yataq otağı), şəhər mərkəzində | 2,014.01 $ | 1,200.00–3,200.00 |
| Bina evi (3 yataq otağı), şehər mərkəzində | 1,499.58 $ | 1,000.00–2,400.00 |
| Ev qiymətləri | Orta hesbala | Minimum-maksimum |
| Kvadrat metrə görə qiymət (Şəhər mərkəzində) | 2,303.27 $ | 1,237.85–4,730.73 |
| Kvadrat metrə görə qiymət (Şəhər kənarında) | 1,536.67 $ | 880.25–2,798.79 |
| Maaşlar | Orta hesabla | aralıq |
| Ortalama aylıq maaş (vergilərdən sonra qalan) | 2,864.88 $ |
Qiymətlərlə bu qədər. Bilmirəm, bu siyahıdakı qiymətlər kimi nə qədər və niyə “yandırdı”, amma yazarınızı reportajın bu yerində ola biləcək bir müsahibənin baş tutmaması pərişan etdi. Düşünün ki, oteldə oturmusuz və birdən sizə köhnə bir dost, Azərbaycan mətbuatının unudulmaz ismi, imzası, redaktoru Gündüz Tahirli zəng edir. Siz də onu illərdir görməmisiz, səsini belə eşitməmisiz. O isə Vaşinqtonda olduğunu (bu şəhərdə yaşayır) deyir və görüşməyi təklif edir. Ağlı başında olan jurnalist diktafonunu sazlamazmı? Verəcəyi suallar, atacağı başlıqlar gözündə rəqs etməzmi? Amma ona da Gündüz Tahirli deyərlər. Şəhərdəki kafelərdən birində görüşürük, “Azadlıq” qəzetinin Xaqani 33-dəki xatirələrindən başlayıb, Demkonqresin toplantılarında bitiririk söhbəti. Amma amerikanlar demiş, “offline”. Nuh deyir, peyğəmbər demir. Bütün jurnalist hiylələrindən istifadə edirəm, zarafata salıram: “Bəy, biz tərəfdə müsahibə ala bilməyən jurnalistə pis baxırlar. Adam arasına çıxa bilmir sonra”.... Xeyri olmur.“BƏYƏ DEDİM Kİ, BƏY” – VAŞİNQTONDAKI GÜNDÜZ TAHİRLİ BİZƏ MÜSAHİBƏ VERMƏKDƏN İMTİNA ETSƏ DƏ....

Hətta və hətta duyğu sümürüsünə də keçirəm: “Hesab edin ki, yenə “Azadlıq”ın baş redaktorusuz.. Əməkdaşınızı məhdud maddi imkanlarınızla Amerikaya ezam etmisiz. Hesab edin ki, Rauf Arifoğlu da burdadır və əməkdaşınız ondan müsahibə götürə bilmir. Onu işdən qovarsız, ya qovmazsız?” Qısa pauza, üzümə diqqətlə baxır, “tamam, oldu bu iş” deyə sevinməyə başlayan kimi cavabı gəlir: “Yox, o müxbir Sevincdirsə, qovmaram”. Ardınca da zarafatqarışıq, gülə-gülə öldürücü son sözünü deyir: “Peşman eləməyin də sizə salam verməyimə...”
Bundan sonra o, özü də rica etsə, müsahibə almaram zatən. Bilirəm ki, bütün müsahibə qapılarını qapadıb. Özü də etiraf edir zatən: “Danışanda ya gərək hər şeyi danışım, ya da heç nəyi”.
G.Tahirli “Azadlıq”ın dillərə dastan zarafatlarını yada salır. Zamin Hacıdan dolayı hamısını az qala əzbər bilsəm də, Gündüz bəyin anlatması bir başqa maraqlı olur. Üstəlik, bu, vətəndən uzaqda, Vaşinqtonda, uzun illərdən sonra baş verirsə. Bir xatirəsinə isə xeyli gülürük. O vaxt “Azadlıq”ın məsul katibi olmuş Qorxmaz Əsgərovun hazırcavablığını yada salır: “Bir gün əməkdaşlardan biri gəlib Qorxmaza dedi ki, bəs uşağım xəstələnib. Qorxmaz üzündə narazı ifadə ilə qayıtdı ki, sənin uşağının xəstələnməsi yox, sağalması xəbərdir”...
Söhbət zamanı illərin necə sürətlə keçməsindən şikayətlənir. Deyir, “mən sizi tanıyanda balaca, cavan qız idiz”... Dərhal da “siyasi səhv”ə yol verdiyini anlayıb, “indi də cavansız” tipli düzəlişlərə keçir. Amma ox bir kərə yaydan çıxıb, cavabsız qoymaq olmaz. Zatən, müsahibə verməməsinin acığı bir tərəfdə qalıb. Necə deyərlər, meymun deməyin bəs deyil... “Bəy, mən də sizi tanıyanda gur saçlarınız vardı...” deyirəm, gülür. İddia edir ki, bu, bir imicdir. Şəkillərdən də görürsüz, belə baxanda Gündüz bəydən illər ancaq saçlarını alıb. Zarafatları da, səmimiliyi də, gülüşü də eynidir. Bir də müsahibə versəydi... İnşallah, növbəti dəfələrdə...

Vaşinqton səfərimiz isə davam edir. Bir-birindən maraqlı müsahibələr, reportaj və sorğularla.. Bizi izləyin.
Sevinc TELMANQIZI
Vaşinqton, Amerika
Sevinc Telmanqızının ABŞ -dan hazırladığı digər reportajlar bu linkdə:
- Bir Nyu York macərası.... başlayır - müxbirimiz “fürsətlər şəhəri”ndən yazır (Fotolar, VİDEO)
- Nyu Yorkda Xocalı faciəsinin qurbanları yad edildi - FOTOLAR
- “Yatmayan şəhər”də macəra zamanı - müxbirimiz Nyu Yorkun gecəsindən və gündüzündən yazır - FOTOLAR, VİDEO
- Nyu Yorkda “Azərbacan Evi”, “Azərbaycan” restoranı – bunların yaradıcısı Münəvvər Vahabova danışır (Fotolar- VİDEO)
- ABŞ azərbaycanlıları orada yaşamağın yollarından danışır






