İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda infrastruktur layihələri və qarşıya qoyulan hədəflər: Prezident İlham Əliyev prioritetləri açıqladı

1036 17.04.2024 20:44 Siyasət A A

Azərbaycanda infrastruktura qoyulan dövlət sərmayələrinin həcmi yüz milyardlarla manatla ölçülür. Son 20 ildən yuxarı dövrdə iqtisadiyyatın inkişafının mühüm şərti olan avtomobil, dəmiryolu, elektrik enerjisi, qaz, su təminatı, hava və dəniz limanları və sair istiqamətlərdə yüzlərlə böyük layihələr həyata keçirilib. Bu layihələrin icrası Azərbaycanı bir sıra infrastruktur sahələrinin vəziyyətinə görə dünyada ön yerlərə çatdırıb.

Hazırda Azərbaycan dövlətinin qarşısında üç mühüm çağırış var: qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı uğurlu mübarizənin təşkili işğaldan azad olunmuş ərazilərin bərpası, nəhayət, ölkənin beynəlxalq yükdaşımaların tranzit mərkəzinə çevrilməsi üçün infrastrukturun təkmilləşdirilməsi.

Məlumdur ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik. Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir.

3b9656dd-9ab1-35a4-8de1-82959fdc.jpg (161 KB)

2022-ci il statistikasına görə, yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz azdır.

Qlobal iqlim dəyişikliyinin ən çox təsirinə qalacaq ölkələrin ilk onluğuna daxil edilən Azərbaycanda sudan qənaətlə və səmərəli istifadə getdikcə daha da aktuallaşır. Hazırda ölkənin suvarma sistemləri şəbəkəsində su itkiləri 40 faizin üstündədir. Bu itkiləri azaltmağın əsas yolu mövcud torpaq kanalların betonla əvəz olunmasından keçir. Bu baxımdan, icrasına başlanılan Şirvan kanalının yenidən qurulması layihəsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təməlini qoyduğu layihəyə əsasən kanal tamamilə yenilənəcək. Prezidentin təməlqoyma mərasimində verdiyi məlumata görə, kanal torpaq məcralıdır və illər keçdikcə onun böyük hissəsi sıradan çıxınb: “İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

İ.Əliyev bildirib ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən də Azərbaycanda böyük narahatlıq var: “Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.

e6b82903-4ef5-33c8-9aff-2853e168.jpg (157 KB)

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb:

“Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir”.

Qeyd edək ki, son 20 ildə Azərbaycanda suvarılan torpaqların sahəsinin artırılması, suvarma sistemlərinin yenilənməsi, yeni mənbələrin yaradılması istiqamətində çox böyük işlər görülüb. Prezidentin də qeyd etdiyi kimi, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb: “Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.  Biz Yuxarı Qarabağ adlanan kanalı da yenidən quracağıq. İndi onun adı Qarabağ kanalıdır.  Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir”.

Azərbaycanın işğaldan azad edilmiş bölgələri su ehtiyatları baxımından kifayət qədər zəngindir. Ölkənin ümumi su ehtiyatlarının 25 faizi məhz Qarabağ və Şərqi Zəngəzur ərazisindədir: “Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır”.

Azərbaycan dövləti 2020-ci ildə Vətən Müharibəsi başa çatdıqdan dərhal sonra azad olunan torpaqların bərpasına başlayıb. Bu prosesdə bölgənin su ehtiyatlarının səmərəli istifadə mühüm yer tutur.

Həyata keçirilmiş tədbirlər nəticəsində erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək: “Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək;

Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var”.

5cea6832-2d33-3509-a4b5-c5af7081.jpg (111 KB)

Bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma işləri nəhəngliyinə görə dünyada ön yerlərdədir. Bölgədə həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, enerji layihələri icra olunur, həm də dəmir yolları, tunellər, hava limanları tikilir.

Məlum olduğu kimi, ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol infrast­rukturun yenidən qurulması ilə bağlı çox­saylı layihələr icra olunub. Dövlət sərhədi boyunca 1200 kilometrtlik torpaq yol tiki­lib. Bölgədə ümumilikdə 21 yol infrastruktur layihəsi icra olunur. Son 3 il ərzində işğaldan azad olun­muş ərazilərdə 101,5 kilometrlik Zəfər yolu, Şükürbəyli–Cəbrayıl, Bərdə–Ağ­dam, Tərtər–Suqovuşan–Talış (1-ci mər­hələ), eləcə də Laçın şəhərinə girmədən alternativ yol tikilib istifadəyə verilib. 

Hazırda isə Əhmədbəyli–Füzuli-Şu­şa, Horadiz–Ağbənd, Şükürbəyli– Cəb­rayıl–Hadrut, Xudafərin–Qubadlı–Laçın, Toğanalı–Kəlbəcər 1-ci dərəcəli maqistral və Füzuli–Ağdam, Füzuli–Hadrut, Laçın–Kəlbəcər, Xanlıq–Qubadlı 2-ci dərəcəli yolların tikintisi davam etdirilir. Bütövlük­də isə, sözügedən layihələr çərçivəsində 855 kilometr yol və 66 kilometr uzunlu­ğunda tunel inşa olunur. 

Son zamanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin “polad magistral” şəbəkəsinə qoşulması istiqamətində də mühüm layihələr icra olunur. İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qu­rulmasına da 2020-ci ildə başlanılıb. Artıq Bərdə, Təzəkənd və Köçərli stansiyaları­nın, eləcə də 47,1 kilometr uzunluğunda olan Bərdə–Ağdam dəmir yolunun tikintisi ilə bağlı işlər tədricən sona yaxınlaşır. Bundan əlavə, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan və 3 mərhələdə icrası nəzərdə tutulan 110,4 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi də sürətlə davam etdirilir. Yaxın gələcəkdə isə Ağdam–Xankəndi dəmir yolunun tikintisi planlaş­dırılır.

e0d76be4-0543-3f47-8603-37623036.jpg (350 KB)

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə beynəlxalq hava məkanları arasında əlaqəni təmin etmək məqsədilə Füzuli və Zəngilanda müasir aeroportlar tikilib istifadəyə verilib. Hazırda isə La­çın şəhərinin yaxınlığında daha bir bey­nəlxalq hava limanının tikintisi davam etdirilir. Laçın Beynəlxalq Hava Limanı­nın isə 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ötən müddətdə işğaldan azad olun­muş ərazilərin elektrik enerjisi ilə təchizatı məqsədilə də mühüm işlər görülüb. Belə ki, ölkə energetiklərinin səyi nəticəsində son illər Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan və Cəbrayıl rayonların­da yüksək gərginlikli hava xətləri qurulub, çoxsaylı su elektrik stansiayaları inşa olu­nub. 

Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli  sərəncamına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Qarabağ və Şərqi Zəngəzurun mövcud su ehtiyatları alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də zəmin yaradır. Ötən illərdə bu ərazilərdə ümumi gücü 53,6 meqavat təşkil edən 11 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında daha 7 SES-in tikintisinin qısa müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Bu yaxınlarda isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb. Beləliklə, yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237,55 meqavat gücündə çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb: “Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq”.

Azərbaycan dövləti qarşısında duran üçüncü mühüm çağırış beynəlxalq nəqliyyat qovşağına çevrilməkdir ki, bu istiqamətdə də böyük layihələr icra olunur. Şimaldan Cənuba, Şərqdən Qərbə doğru dəmiryolları yenidən qurulur, avtomobil yollarının ötürücülük gücü artırılır, Ələt dəniz limanı genişləndirilir, Xəzər dənizində yükdaşımalar üçün mülki donanmanın imkanları artırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR