İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda həbs edilən İran casuslarının şəkilləri Kərbəla yolunda

1656 13.09.2023 11:45 Gündəm A A

Molla rejiminin onları  “qəhrəman” kimi təqdim etməkdə məqsəd nədir?

MOUZE Telegram kanalı məlumat yayıb ki, molla rejimi Azərbaycanda həbs edilən casuslarını “qəhrəmanlaşdırır”. Məlumatda bildirilir ki, molla rejiminin nümayəndələri və bəzi adı azərbaycanlı olanlar Kərbəla yolunun üstündə Azərbaycanda həbs edilən İran casuslarının fotolarını vurublar. Fotolar elə bir yerə vurulub ki, insanlar onu görə bilir. Molla rejimipərəstlər Azərbaycan haqda hədyanlar danışırlar, o casuslarını isə “göylərə” qaldırırlar. Həyata keçirdikləri təbliğatla guya onları Hüseyn yolunun, Kərbəla yolunun “fədailəri” kimi qələmə verməyə çalışırlar, casusları “qəhrəmanlaşdırırlar” .

İrana casusluq etdikləri və molla rejiminin siyasətini yaydıqları üçün həbs edilən Azərbaycan vətəndaşlarını “qəhrəman” kimi təqdim etməkdə məqsəd nədir?

İran bir tərəfdən münasibətlərin yumşaldılmasına yönəlik mesajlar verir, digər tərəfdən bu cür əməllərə əl atır. İranda din dövlətdən ayrı deyilsə, bu təbliğatı aparan da demək ya dövlətdir, ya da münasibətlərin normallaşmasa qarşı olanlar var.

Ceyhun Məmmədov: İranın Azərbaycanın daxili işlərinə qarışmasına heç bir  haqqı yoxdur - AZƏRTAC

Ceyhun Məmmədov

Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov İran tərəfini atdığı addımlarda ehtiyatlı olmağa çağırdı: “Hesab edirəm ki, bu gün Azərbaycanla münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Bilirsiniz ki, İranın hərbi qurumlarının nümayəndələri Azərbaycanda səfərdə oldular, bir çox müsbət açıqlamalar verdilər. İranın xarici işlər nazirinin sözçüsü də Azərbaycanın mövqeyini dəstəkləyən müəyyən bəyanatlar verdi. Bizim əlaqələr yeni bir mərhələyə daxil olub. Azərbaycan bu əlaqələrin inkişaf etdirilməsində maraqlıdır, bunun inkişaf etməsi üçün də səylər göstərir. Düşünürəm ki, İran tərəfi də bu münasibətlərə xələl gətirə biləcək addımlardan uzaq olmalıdır. Hesab edirəm ki, bu cür məlumatlar da yayıldıqca həmin məlumatlar ilk növbədə, dəqiqləşdirilməlidir. Bilirsiniz ki, Kərbəla artıq İraq ərazisidir. Burada əgər belə bir hal varsa, buna ən qısa zamanda müdaxilə edilməli və bu addımın qarşısı alınmalıdır. Çünki həmin şəxslər sırf Azərbaycan qanunlarını pozduqlarına və ya pozmaqda şübhəli bilindiklərinə görə həbs olunublar. İndi onların bu cür formada qəhrəman kimi təqdim olunmaları, şəkillərinin asılması doğru deyil. Bir da onu xüsusi qeyd etmək istəyirəm ki, bu ikitərəfli əlaqələrə xələl gətirən bir yanaşmadır. Ona görə də bu cür addımlarda İran tərəfi çox diqqətli, ehtiyatlı olmalıdır. Əgər bu, dövlət qurumları tərəfindən edilibsə, buna görə həmin qurumlar məsuliyyət daşıyır. Yox, əgər bunu fərdi qaydada kimlərsə edibsə, onlarla bağlı da müəyyən addımlar atılmalı və qərar qəbul olunmalıdır. Hesab edirəm ki, hazırkı dövrdə az da olsa, münasibətlərin yenidən bərpa olunacağına cəmiyyətdə müəyyən qədər ümidlər yaranıb. Əgər bu inam və ümid zədələnərsə, bu, növbəti mərhələdə bizim üçün bir sıra problemlər yarada bilər. O baxımdan, atılan addımlar ehtiyatlı olmalıdır”.

Rəsul Mirhəşimli - 55

 Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli hesab edir ki, əgər bu məlumat doğrudursa, o zaman İranın Azərbaycana yönəlik son günlərdəki davranışları səmimi deyil: “Bu məlumat nə qədər həqiqətə uyğundur, bu barədə informasiyanı Kərbəla ziyarətində olan azərbaycanlı zəvvarlar vasitəsilə dəqiqləşdirmək olar. Əgər məlumat doğrudursa, o zaman İranın münasibətləri normallaşdırmaq üçün verdiyi vədlər səmimi görünmür. Ümumiyyətlə, Kərbəlada təbliğ olunacaq dəyər şəhidlik, Allah yolunda, əqidəsi uğrunda mücadilə edən insanlar olmalıdır. Şəhidlik məktəbinin qurucusu olan İmam Hüseyn (ə) və əqidədaşlarını ziyarət zamanı siyasi manipulyasiya elementləri şəhidlik ruhuna sayğısızlıq sayıla bilər. Bu hal yaşanıbsa, o zaman İran özünün sahib olduğu dini dəyərlərə də sayğısızlıq göstərmiş olur. Başqa ölkələrə casusluq etdiyi ittihamı ilə İranda həbs edilən Avropa və başqa xarici ölkə vətəndaşları var. İranda İngiltərə adına casusluq ittihamı ilə edam edilən keçmiş müdafiə naziri Əli Rza Əkbərinin şəkilləri London küçələrində asılsa, Tehran rejimi bu faktı böyük skandal olaraq qarşılayar, buna etiraz edərdi. Bir ölkə, onun rəsmi təmsilçiləri özlərinə nəyisə rəva görmürlərsə, o zaman başqa ölkə üçün də siyasi etikadan uzaq hərəkətlərə yol verməməlidir. Əgər "Teleqram" kanalında yayılan informasiyalar doğrudursa, bu, hər cür etikadan uzaq hərəkətdir. Kərbəla şəhidlərinin ziyarəti bu cür çirkin vasitələrdən uzaq tutulmalıdır. Kərbəla şəhidləri Haqq uğrunda, zülmə qarşı canlarını fəda etmiş Əhli-Beyt mənsubları və onların əqidədaşlarıdır. Bu əqidəyə sayğı ilə yanaşmaq müsəlman olan hər kəsin borcudur. Əxlaqa sığmayan hərəkətlərə yol vermək ilk növbədə özünü biabır etməkdir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR