İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda deflyasiya qeydə alındı - izahı

4851 14.06.2023 10:07 İqtisadiyyat A A

Rəqəmlər, yoxsa reallıq daha təhlükəlidir?

2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilir ki, 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15.8 faiz, qeyri-ərzaq məhsulları üzrə 11.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.6 faiz təşkil edib.

2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb, əvvəlki ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.

Açıqlanan rəqəmlər nə dərəcədə reallığı əks etdirir? Həqiqətən də inflyasiya səviyyəsi getdikcə düşürmü? Deflyasiyanın qeydə alınması narahatlıq doğururmu, bu, davamlı ola bilərmi? Ümumiyyətlə, deflyasiya təhlükəsi varmı? 

Qeyd edək ki, deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflyasiyadan daha ağır faktor hesab edilir. Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur.

Müasir şərtlər çərçivəsində deflyasiya iqtisadi enişdən,  məhsul istehsalının aşağı düşməsi və işsizliyin artımından xəbər verir. Qiymətlərin aşağı düşməsinə görə iqtisadi agentlər investisiyaların həcmini azalda bilər ki, bir neçə müddət sonra (bir neçə ildən sonra) həmin vəsaitləri daha sərfəli şəkildə yerləşdirsin (qiymətlərin enməsi nəticəsində resursları daha ucuz alsın). Bu isə davamlı şəkildə tələbin aşağı düşməsinə aparır və qiymətlərin enişinin və istehsal həcminin azalmasını daha çox stimullaşdırır.

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi  aparırsa...” Pravda.az

Natiq Cəfərli 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, DSK-nın açıqladığı rəqəmlər mövsümi xarakter daşıyır: “Deflyasiya o zaman təhlükəli olur ki, ardıcıl və davamlı şəkildə getsin. Amma bu, mövsümi xarakterlidir, müvəqqəti göstəricidir. Ciddi bir rəqəm deyil. Amma inflyasiya göstəriciləri ilə bağlı rəqəmlər açıqlananda rəsmi qurumlar bir izahat da verməlidirlər. Çünki bizdə inflyasiyanın böyük əksəriyyətinin idxal inflyasiyası olduğunu həmişə rəsmilər söyləyiblər. "Dünyada qiymətlərin baha olduğundan bizdə də qiymətlər artır" tezisi çox geniş yayılmış bir arqumentdir. Rəsmilər tərəfindən tez-tez səsləndirilir. Son 7-8 aydır ki, biz görürük dünyada ərzaq qiymətləri FAO indeksinə görə kəskin şəkildə azalıb. Dünyada 10-11 faizlik ərzaq qiymətlərində ucuzlaşma varsa, Azərbaycanda inflyasiya niyə yenə də 13 faiz civarındadır?! Niyə ərzaq inflyasiyası yenə 15 faizdir. Bunun səbəbləri nədir? İnflyasiya ilə mübarizədə hökumətin atacağı addımlar kifayət qədər genişdir. Müəyyən alətlər var əllərində- vergi, gömrük güzəştləri ola bilər, ƏDV-nin azaldılması ola bilər, əsasən də ərzaq və dərman preparatları ilə bağlı. Amma təəssüf ki, bu addımlar atılmır. Əvvəlki arqumentlərin də indi keçərliliyi itir. Dünyada qiymətlər düşür, FAO indeksi azalır, amma Azərbaycanda inflyasiya yenə 13 faizdən yuxarı, ərzaq inflyasiyası isə 15 faizdən yuxarıdır. Bunun səbəbləri ilə bağlı rəsmi qurumların geniş izahat verməsi, geniş bir açıqlama verməsi daha doğru olar. Çünki indiki şəraitdə görünən odur ki, ikirəqəmli inflyasiyanın bu ilin sonuna qədər davam etməsi gözlənilir. Bu da, açığı, əhalinin real gəlirlərinin azalmasına xidmət edən əsas göstəricilərdən biridir. Dediyim kimi, deflyasiya mövsümi xarakter daşıyır. Azərbaycanda qrafiklərə baxsaq, illərlə müqayisədə təqribən oktyabr-noyabr aylarından inflyasiyanın daha çox artdığının şahidi oluruq. İndi də eyni mənzərəni görəcəyik. Mövsümi xarakter alan təsirlər azalan kimi biz oktyabr, noyabrda yenidən kəskin, daha ciddi  qiymət artımının şahidi ola bilərik".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR