İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslərə uşaq pulu verilir- YENİ DETALLAR

7738 21.07.2023 12:45 Yazarlar A A

 

 

İqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov Azərbaycanda hər zaman müzakirə mövzusu olan uşaq pulunun verilməsi məsələsinə araşdırma yazısı yazıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq həmin yazını təqdim edir. Mövzu ilə bağlı fərqli fikirdə olanları da müzakirəyə dəvət edirik:

Azərbaycan sosial dövlətdir. Bunun belə olduğunu görmək üçün heç də uzağa getmək lazım deyil, yetər ki, dövlət büdcəsinin xərclərinin strukturuna qısa bir nəzər salınsın. Büdcə xərclərinin az qala yarısını məhz sosialyönlü xərclər təşkil edirsə, deməli, dövlətimizin sosial dövlət olması qeyd-şərtsizdir. Hökumətin  vətəndaşlarımızın daha həssas hesab olunan qruplarına göstərdiyi sosial yardımların çeşidi yetərincə geniş və diqqət çəkəndir. Bu gün Azərbaycanda əhalinin həssas qruplarına yönləndirilən bəzi yardımlara vaxtilə bir məkanda olduğumuz ölkələrin heç birində və hətta inkişaf etmiş ölkələrdə belə rast gəlmək mümkün deyildir. Məsələn, şəhid ailələrinə, qazilərə, əlilliyi olan  vətəndaşlara mənzil və avtomobillər verilməsi kimi hallara başqa ölkələrin təcrübəsində rast gəlmək mümkün deyil. Ancaq Azərbaycan dövləti bunu illərdir ki, edir.

azerbaycanda-pul-bazasi-10-milyard-manata-yaxinlasib.jpg (36 KB)

Cəmiyyətdə həmişə dövlətin vətəndaşlarına göstərdiyi qayğının qarşılığında nankorluq nümayiş etdirənlər tapılır. Təəssüf ki, bu bizdə də belədir. Dövlətdən yerli-yersiz daha çox tələb etmək, dövlətin maliyyə imkanlarını ortaya gətirib, “bu qədər vəsait ola-ola, hökumət nədən uşaq pulu vermir” deyib, cəmiyyətin hissiyyatına toxunmağa hesablanmış çağırışlar etmək, ucuz siyasi maneradan başqa heç nə deyil. Bu sətirləri oxuyan hər kəsi inandırıram ki, belə çağırışları edən ən “önlü müxalif siyasətçilərin” Azərbaycan hökumətinin vətəndaşlarımıza, onların həssas qruplarına və xüsusən də uşaqlara bu gün etdiyi sosial yardımlardan heç xəbərləri yoxdur. Məsələn, bu canfəşanlar bilmirlər ki, Azərbaycan hökuməti dövlət büdcəsindən 610 mindən çox uşağa 10-dan çox müxtəlif sosial ödənişlər edir və bu ödənişlərin ümumi məbləği 2022-ci il ərzində 650 milyon manat olmuşdur.  Bəli, bu gün dövlət bu yardımları ilk növbədə həssas qruplara aid olan uşaqlara edir.  Bu tam doğru bir yanaşmadır. Dövlətin yürütdüyü sosial siyasətin ana xəttini əhalinin, xüsusilə də uşaqların həssas qrupa aid olan təbəqəsinə ünvanlanan sosial yardımlar təşkil etməlidir. Başqa necə ola bilər ki? 

Dövlət davamlı olaraq əhalinin və xüsusilə də uşaqların sosial dəstəyə ehtiyacı olan təbəqəsinə yardımların miqyasını genişləndirir və bu ödənişlərin həcmini davamlı şəkildə artırır. Məsələn, son beş ildə uşaqlara ödənilən müavinətlər də daxil olmaqla, ölkəmizdə müavinət və təqaüdlər üzrə ödənişlər 5 dəfədən çox artmışdır. Bu dövlətin əhalinin həssas qruplarına qayğısının bariz nümunəsidir. Dövlət eyni zamanda davamlı şəkildə bu qəbildən olan sosial yardımların miqyasını genişləndirməyi davam etdirir. Bu məqsədlə paralel olaraq qabaqcıl dünya təcrübəsi öyrənilir və cəmiyyətimizə uyğunlaşdırılan təkmil sosial dəstək modellərinin istifadəsinə rəvac verilir. Bu günlərdə deyilən istiqamətdə atılan ən mükəmməl və mühüm addımlardan biri, dünyada geniş yayılmış himayədar ailə qayğı modelinin tətbiqi barədə qərarın qəbul edilməsidir. Ölkə Prezidenti bununla bağlı 12 iyul 2023-cü il tarixində yeni Fərman imzaladı. Bu model valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən uşaq müəssisələrinə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla, ailə mühitində böyüməsini nəzərdə tutur. Belə bir seçimi etməklə dövlət həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmış olur.

40265.jpg (40 KB)

Himayədar ailə modelinin tətbiqi ilə bağlı bütün işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qabaqcıl dünya təcrübəsi, xüsusilə Türkiyə təcrübəsi öyrənilməklə həyata keçiriləcəkdir. Himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxslər arasında  uşağın himayədar ailəyə verilməsinə dair bağlanacaq müqavilə əsasında yaranacaqdır.

Qanunvericiliklə himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri (ər və ya arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş müəyyən olunub. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə veriləcəkdir.

Himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq, 355 - 435 manat arası məbləğlərdə müəyyən edilibdir. Bundan əlavə həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailəyə hər rübdə 200 manat birdəfəlik müavinət veriləcəkdir.

Himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər isə belə olacaq:

- 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

393131.jpg (78 KB)

Uşaq pulu deyib israr edənlərə sonda sözümüz budur: - hər bir dövlətin sosial siyasəti olduğu kimi, onun demoqrafik sahədə də bəlli siyasəti olur. Bu siyasət küçədə, meydanlarda və ya ucuz sensasiya yolu ilə cəmiyyətdə hay-küy yaratmaq istəyənlərin dilində formalaşmır. O, müvafiq dövlət institutlarının ölkədəki demoqrafik durumla bağlı apardığı dərin təhlillər nəticəsində gəlinmiş qənaətə uyğun olaraq formalaşır. Dövlət öz əhalisinin hansı qruplarına hansı sosial dəstəyin nə vaxt verilməsini çox yaxşı bilir. Bu gün Azərbaycandakı demoqrafik vəziyyət nə bizə qonşu olan ölkələrdəki nədəki, Avropa ölkələrində olduğu kimi acınacaqlı durumda deyil və heç buna bənzəri də yoxdur. Bir sözlə, “cənab bəylər” ucuz çağırışlarla reytinq qazanmaq xatirinə dəridən-qabıqdan çıxmayın, belə məsələlər dövlətə təzyiq yolu ilə həll olunmur, zamanı çatanda dövlət özü bununla bağlı qərar qəbul edir.

 

Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor,
sabiq maliyyə naziri
fikret_yusifov_120515.jpg (160 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR