İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bahalaşma ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Bu qərardan sonra...”

4457 04.05.2023 16:58 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.

Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb.

Mərkəzi Bankın bu qərarının hansı iqtisadi nəticələri olacaq?

İqtisadçı Elman Sadıqov Musavat.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın qərarının əsas tətikləyici amillərindən biri inflyasiyadır.

elman-sadiqov.jpg (22 KB)

İqtisadçı qeyd edib ki, mart ayında ölkədə illik inflyasiya 13,6% olub:

“Bu, yüksək göstəricidir. Doğrudur, son aylarda inflyasiyanın azalmasını müşahidə edirik, amma hələ də yüksək olaraq qalmaqdadır. Bu da nəticə etibarilə faiz dərəcələrinin artırılmasını zəruri edir ki, inflyasiyanı getdikcə aşağı çəkə bilək.

Burada ən önəmli məsələlərdən biri də dünya maliyyə birjalarında olan qeyri-müəyyənlikdir. Həmçinin, dünyada inflyasiya ilə bağlı məsələlər tam həll olunmayıb. Doğrudur, Mərkəzi Banklar faiz artırma sürətini aşağı saldılar, may ayından sonra hətta müəyyən bir pauzanın da veriləcəyi gözlənilir. Amma hər bir halda hələlik inflyasiya əksər ölkələrin hədəf inflyasiya göstəricilərindən yüksəkdir. Bu da nəticə etibarilə müəyyən narahatlığı saxlayır”.

Ekspert vurğulayıb ki, faizlərin artırılması yığımı stimullaşdırır, nəticə etibarilə insanlar öz vəsaitlərini istehlakdan daha çox yığıma yönləndirirlər:

“Bu, pul kütləsinin dövriyyədə azalmasına gətirib çıxarır. Nəticə etibarilə inflyasiyanın azalmasına səbəb ola biləcək monetar siyasət alətidir. Ona görə də bahalaşmadan söhbət gedə bilməz”.  

bank.jpg (112 KB)

Elman Sadıqovun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini artırsa da, banklarda faiz dərəcələri o sürətlə artmır:

“Yəni Mərkəzi Bankın uçot dərəcəsinin artımının iqtisadiyyatda monetar siyasət aləti kimi o zaman əhəmiyyəti artar ki, artan faiz dərəcəsi depozit faiz dərəcələrinin artmasına səbəb olsun və nəticə etibarilə bu da depoziti stimullaşdırsın. Burada 2 önəmli məsələ var. Birincisi, banklar depozit faiz dərəcələrini artırmırlar və əhali də 12 faizdən yuxarı faiz dərəcəsi ilə öz depozitlərini yerləşdirmək istəmir. Çünki qorunan əmanətlərin illik faiz dərəcəsi 12-dir. Bu da əhalinin öz vəsaitlərini depozitə daha sürətlə yönləndirməməsi ilə nəticələnir. İkinci nüans ondan ibarətdir ki, bankların özləri də depozit faiz dərəcələrini artırmağa meylli deyil. Çünki bu, pulun maya dəyərini artırır. Onsuz da banklar tərəfindən hazırda aktiv kreditləşmə yoxdur. Xüsusilə biznes kreditləşməsi hazırda o qədər yüksək deyil. Onsuz da bank sektorunda likvidlik yüksəkdir. Həmin vəsaitləri qiymətli kağızlarda da yerləşdirmək sərf etməz. Bu durum Mərkəzi Bankın uçot dərəcəsini artırmasının effektini nisbətən aşağı salır. Nəticə etibarilə Mərkəzi Bankın əlində resurs və rıçaqlar zəifləyir, səmərəlilik nisbətən aşağı düşür.

Hər bir halda son ayların trendi inflyasiyanın zəiflədiyini göstərir. Bu istiqamətdə addımlar atılır.

Digər bir məsələ valyuta ilə olan depozitlərlə bağlıdır. Valyuta ilə qorunan əmanətlərdə maksimal faiz 2,5 faizdir. Əhalini valyuta ilə olan depozitlərdə də maraqlandırmaq lazımdır”.  

Aytən Novruz
Musavat.com     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR