İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana investisiya qoyuluşu azalıb - səbəblər...

2346 17.06.2022 08:40 İqtisadiyyat A A

Ekspert: “Oliqarxiya rəqabətli iqtisadi mühitə hazır deyil”

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ildən-ilə azala-azala gedir. Son 6-7 ildə bu sahədə dinamika davamlı azalmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə iqtisadiyyata investisiyalar daha 8,2 faiz azalmaqla 16 milyard 127 milyon manat təşkil edib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib.

2022-ci ilin yanvar-may aylarında isə əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

İqtisadiyyata ümumi investisiya qoyuluşlarında azalma olsa da, xarici investisiyaların həcmində artım müşahidə olunmaqdadır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 795,271 milyon dollar təşkil edib. 2020-ci ildə bu göstəricinin 4 milyard 527,706 milyon dollar olduğunu nəzərə alsaq, ötən il birbaşa xarici investisiyaların həcminin 5,9 faiz artdığını söyləyə bilərik. 2021-ci il üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 83,5 faizi (2020-ci ildə 86,6 faizi) neft-qaz sektorunun payına düşüb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 790,3 milyon dollar (artım 30,5 faiz), xüsusi çəkisi 16,5 faiz təşkil edib.

Azərbaycana investisiya qoyuluşu 11%-dən çox azalıb

Bu ilin birinci rübündə Azərbaycanda birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği isə 28,7 faiz artaraq 1.8 milyard dollar olub. Məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 59.5 faiz təşkil edib. Qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği isə 735.2 milyon dollar (4.9 dəfə artım) olub.

Rəsmi rəqəmlərdən də aydın görünür ki, ölkə iqtisadiyyatında xarici investisiyalar əsasən neft-qaz sektoruna yönəlir. Uzun illər boyu ölkəyə daxil olan xarici investisiyaların 80-85 faizi sadəcə neft sektoru ilə bağlı olub. Başqa sözlə desək, ölkəyə yatırılan hər 100 dolların yalnız 10-15 dolları qeyri-neft sektorunda reallaşdırılıb.

Azərbaycana investisiya qoyuluşu 9% azalıb | marja.az

Mütəxəssislər xarici investisiyaların statistikasının düzgün aparılmadığı qənaətindədirlər. Bu sahədə ən ciddi problemlərdən biri rəsmi statistikada xarici investisiyaların uçotu sahəsində səhih və detallı məlumatların olmaması hesab edilir. Bildirilir ki, Azərbaycan statistikası qeyri-neft sektoruna yatırılan xarici maliyyənin birbaşa investisiyalar və cəlb olunmuş xarici kreditlər üzrə bölgüsünü təqdim etmir. Halbuki belə bölgü ölkəyə xarici investorların marağını, eləcə də real xarici sərmayə axınının baş verib-vermədiyini qiymətləndirmək baxımından çox önəmlidir. Birbaşa investisiyalar xarici investorun bilavasitə özünün Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayələrdir. Bu zaman investor prosesdə bilavasitə iştirak etdiyi üçün investisiya axınının həcmi və dinamikası ölkədəki mühitdən asılı olur. Xarici kreditlər isə borc vəsaitləridir. Onları dövlətin zəmanəti ilə hökumətin özü və ya dövlət müəssisələri müxtəlif beynəlxalq maliyyə institutlarından cəlb edir. Vəsaitin mənbəyi xarici olsa da, investisiyanı dövlət həyata keçirir, müqavilədə göstərilən vaxtda borc kimi sahibinə qaytarılır. Digər tərəfdən, ölkədə xarici investorlar üçün əlverişli mühitin olmadığı şəraitdə belə, böyük həcmli valyuta ehtiyatları hesabına xaricdən kredit almaq problemi olmur. Bu baxımdan alınan kreditlərin həcmini birbaşa xarici investisiyalara daxil edərək ölkəyə ümumi xarici maliyyə axını kimi təqdim etmək real mənzərəni təhrif edir, birbaşa sərmayələrlə bağlı etibarlı analizlərin aparılmasını çətinləşdirir.

Təsadüfi deyil ki, rəsmi statistika qeyri-neft sektorunda ən çox xarici investisiya cəlbini su, kanalizasiya, nəqliyyat infrastrukturu kimi sahələrdə qeydə alır. Söhbət “Azərenerji”, “Azərişıq”, “Azəravtoyol”, “Azərbaycan Dəmir Yolu”, AZAL, Meliorasiya ACS, “Azərsu” kimi dövlət şirkətlərinin səlahiyyət dairəsinə aid olan yol-nəqliyyat, elektrik, qaz, su təsərrüfatı kimi infrastruktur  layihələrinə yönəldilən vəsaitlərdən gedir. Əksər hallarda qeyri-neft sektoruna yönəldildiyi açıqlanan xarici investisiyaların 60-65 faizi məhz bu sahələrin payına düşür. Hansı ki, həmin qurumların hər hansı xarici sərmayə cəlb etməsi baş vermir: onlar müxtəlif layihələrin icrasına dövlət zəmanəti ilə beynəlxalq maliyyə-kredit təşkilatlarından kredit götürürlər. Əksər hallarda mövcud korrupsiyalaşmış qeyri-şəffaf idarəetmə nəticəsində həmin kreditləri qaytara bilmirlər və bunu dövlət öz üzərinə götürməli olur.

Uzun illərdir ölkədə investisiya mühitinin real sərmayə axınına gətirəcək səviyyəyə çatdırılması ilə bağlı müzakirələr aparılır. Xarici biznesin önəm verdiyi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşması üçün xeyli işlər görülüb. Eyni zamanda biznesin rahat fəaliyyətini təmin edəcək infrastruktur layihələri icra olunub. Lakin hələ də iqtisadiyyata, daha doğrusu, qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşlarında gözlənilən sıçrayışa nail olunmayıb. Nəinki xarici, daxili investisiyaların da artımı gözləniləndən qat-qat aşağıdır. Bundan əlavə, daxili investisiyalar əsasən bir qrup biznes çevrəsi tərəfindən, istisnasız olaraq böyük güzəştlərin verildiyi sənaye zonalarında reallaşdırılmaqdadır.

Müstəqil və xarici mütəxəssislər hesab edirlər ki, Azərbaycanda investisiya fəallığının qarşısını alan əsas amil müstəqil məhkəmə sisteminin olmamasıdır. Bu sistemin yoxluğu ölkədə mülkiyyət hüquqlarına təminatın olmamasına gətirib çıxarır. Mülkiyyət toxunulmazlığının təmin olunmaması isə son nəticədə potensial investorların Azərbaycana marağını sıfıra endirir. Yaxud da ölkəyə gəlmək istəyən investorlar yatıracaqları vəsaitlərə dövlət zəmanəti tələb edirlər.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

Rövşən Ağayev

Son illərdə Azərbaycan hökuməti iqtisadiyyata investisiya cəlbinin dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqini önə çəkir. Bir çox sahələrdə bu modeldən istifadə olunmağa başlayıb. Hökumət işğaldan azad olunmuş ərazilərdə bizneslə əməkdaşlıq etmək planını da açıqlayıb. İqtisadçı-ekspert Rövşən Ağayev iqtisadiyyatın bir sıra sahələri üçün bunu düzgün yanaşma hesab etmir: “Mediada yayılan xəbərə görə, hökumət Kəlbəcərdə mineral suların emalı və sanatoriyaların qurulması üçün biznesə dövlət-özəl sektor partnyorluğu təklif etməyə hazırlaşır. Dövlət-özəl sektor partnyorluğu bir qayda olaraq kommersiya riski yüksək, göstərilən xidmətlərin (yaxud istehsal olunan məhsulların) sosial-ictimai əhəmiyyəti böyük, amma gözlənilən mənfəətliliyi o qədər də yüksək olmayan layihələrə təklif edilir. Məsələn, hazırda dünayada tələbə yataqxanaları, alternativ enerji, zaman və məsafəni qısaldan ödənişli (həm də bahalı) avtomobil yolları, məişət tullantılarının emalı ilə bağlı layihələrdə bu cür partnyorluq daha geniş yayılıb. Əgər hökumət geniş turizm potensialı olan ərazilərə, yüksək kommersiya gətirisi olacaq layihələrə də xarici investor cəlb edə bimirsə, deməli, ölkədə sərmayə mühiti hətta görüdüyündən və bizim düşündüyümüzdən daha pisdir. Yəqin yekunda oliqarxiya-monopiya şəbəkəsinə üzv olan şirkətlər dövlətdən partnyorluq adı ilə hər cür dəstək almaqla həmin layihələri gerçəkləşdirəcəklər”.

Azərbaycan hökumətinin investisiya mühitini sərmayədarlar üçün cəlbedici səviyyəyə çatdırmamaq inadı nə ilə bağlıdır? Niyə investisiyalara bu qədər ehtiyac duyulan indiki məqamda hökumət sərbəst investisiya mühiti formalaşdırmağa getmir? R.Ağayev bunu monopolizmin güclü olması ilə izah edir: “Siyasi və iqtisadi sistemi tam nəzarətdə saxlayan oliqarxiya rəqabətli iqtisadi mühitə hazır deyil, xüsusilə də azad iqtisadi mühit və siyasi zəmanətlər tələb edən xarici sərmayəyə öz dayaqlarını dağıdacaq real təhülkə kimi baxır”.

Onu da qeyd edək ki, son illərdə Azərbaycanda sahibkarların biznes fəaliyyətini asanlaşdırmaq üçün bir sıra addımlar atılıb. Bura ilk növbədə qaz, enerji, su təchizatı şəbəkələrinə qoşulmanın asanlaşdırılması, bu sahədə biznesin maliyyə yükünün azaldılması məqsədilə atılan addımlar aiddir. Lakin dövlətin bir istiqamətdə asanlaşmaya getməsindən sonra məmurlar fərqli bir istiqamətlərdə biznes üçün maneələr yaratmaqdadırlar. Sanki müvafiq dövlət qurumları ən müxtəlif üsullarla sahibkarlardan pul qopartmaq uğrunda yarışa giriblər. Bu şəraitdə hökumət investisiyaların cəlbinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsinə hazırlaşır. Bununla bağlı “İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsini nəzərdə tutan layihə Milli Məclisə də təqdim edilib. Lakin indiyədək atılan digər addımlar kimi bu addımın da real nəticə verəcəyi böyük şübhə altındadır.

Ölkədə investisiya mühitinin müasir tələblərə cavab vermədiyinin əsas göstəricilərindən biri də Azərbaycanda qazanılan vəsaitlərin xarici ölkələrin iqtisadiyyatına sərmayə olaraq yatırılmasıdır. Rəsmi statistika ilə ərzində ölkədən investisiya adı altında 1,2-1 milyard dolların çıxarıldığını qeydə alır. Lakin reallıqda ölkədən xaricə yatırılan sərmayələrin həcmi bundan bir neçə dəfə yüksək olur. Təsadüfi deyil ki, hazırda orta ranqlı məmurun belə hansısa xarici ölkədə biznesinin olduğuna dair məlumatlar cəmiyyət üçün adi, sıradan bir xəbərə çevrilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR