İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana idxal olunan məhsullar 21% bahalaşdı

1695 29.04.2023 08:37 İqtisadiyyat A A

İqtisadçı ekspertlər obyektiv və subyektiv səbəblərdən danışdılar

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, bu ilin fevral ayında idxal olunan məhsulların qiymətləri bu ilin yanvar ayı ilə müqayisədə 1 faiz, ötən fevral ayı ilə müqayisədə isə 20,4 faiz artıb.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, həm ABŞ-da, həm Avropada, həm də Çində inflyasiya ən yüksək həddə çatıb. O, bəzi ölkələrdə, məsələn Böyük Britaniyada bu rəqəmin 10 faiz civarında olduğunu vurğuladı: “İnflyasiya Azərbaycana idxal olunan məhsulların bahalaşmasına səbəb olur. Digər tərəfdən Azərbaycanda bahalaşma nədənsə dünyadakı orta göstəricilərdən daha yüksək olur. Dünyada 8-10 faiz inflyasiya qeydə alınırsa, Azərbaycanda daha yüksək rəqəmlərlə ifadə olunur. Bunun səbəbləri araşdırılmalıdır, yəqin ki, subyektiv səbəblər də var. Ənənəvi olaraq mövsümlə əlaqədar Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətində azalma müşahidə edilir. Bu inflyasiyanı az da olsa, zəiflədir. Bu vəziyyət noyabra qədər davam edir. Daha sonra növbəti dalğa gəlir.

Son 15 ildə Azərbaycanda müşahidə olunan tendensiya belədir: Novruz bayramından sonrakı dövrə qədər qiymətlər sürətlə bahalaşır. İyul ayından noyabra qədər sabitləşir. O ki qaldı yay mövsümünə, qeyri-ərzaq məhsulları, məsələn avtomobillərin, kirayə mənzillərin qiymətində artım müşahidə edilir. Bu tendensiya xidmət sektoruna da aiddir".

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli 

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli “Yeni Müsavat”a  mövzunu şərh edərkən ərzaq qiymətlərinin ötən ilin mart ayından daha sürətlə artdığına diqqət çəkdi. Ekspert bunun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu düşünür: “Dünyada inflyasiya davam etdiyi üçün ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artım müşahidə olunması normaldır. Qeyd etmək lazımdır ki, inflyasiya ötənilki kimi deyil. Dünya maliyyə institutları, Dünya Bankı bu barədə proqnozlarını veriblər. Dünyada inflyasiya həddi 12-15 faiz civarındadır.  Yay mövsümünə doğru qiymətlərin sabitləşməsi müşahidə olunacaq”.

Ekspert qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi davam edərsə, bahalaşma davam edəcək: “Xatırladım ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyaya malların ixracına qoyulan qadağa taxıl sazişinə mənfi təsir göstərə bilər. Bildirib ki, G7-dən olan dövlətlərin ölkəmizə defolt olaraq malların ixracına tamamilə qadağa qoyulması ilə bağlı ideyası gözəldir, çünki bu həm də G7 üçün ən həssas kateqoriyalar üzrə ölkəmizdən malların idxalının dayandırılmasını nəzərdə tutur. Bu halda taxıl müqaviləsi onlar üçün və daha çox ehtiyacı olanlar üçün bitəcək. Kremlin sözçüsü Dmitri Peskov da deyib ki, taxıl sazişi şərtləri icra etmədən davam edə bilməz. Rusiyaya əlavə sanksiyalar tətbiq edilir. Bu amil qiymət artımına təsir edir.

Onu da qeyd edim ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri yüksək səviyyədədir. Rusiya digər ölkələrə ixrac edə bilmədiyi məhsulları Azərbaycana daha ucuz  qiymətə idxal edir. Müşahidələr göstərir ki, bitki yağlarının qiyməti aşağı düşüb, çünki Rusiyadan idxal olunur. Qiymətlərin artması yaxud azalması siyasi proseslərdən asılıdır". 

Xatırladaq ki, 2022-ci il iyulun 22-də əldə olunmuş razılaşmalara əsasən, Rusiya, Ukrayna və Türkiyə Rusiya və Ukrayna limanlarından kasıb ölkələrə taxıl tədarükünü təmin etməli idi, lakin reallıqda tədarüklər davamlı olaraq kəsilir. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Qərb razılaşmaların Rusiya hissəsinin icrasını sabotaj edir. 2023-cü ilin martında taxıl müqaviləsi 60 günə qədər uzadıldı. Rusiya tərəfi Rusiya Federasiyasının kənd təsərrüfatı məhsullarının beynəlxalq qlobal bazarlara tədarükü üçün bütün birbaşa və dolayı sanksiyaların ləğvinə çalışır. Rusiya bu sazişdə iştirak etməyə davam etməyə hazırdır, lakin bu, yalnız bərabərlik əsasında baş verəcək, Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb. Aprelin 17-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl müqaviləsinin uzadılması perspektivləri hələ də “o qədər də parlaq deyil”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR