İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn turistlərin sayı NİYƏ azalır? – Mütəxəssis ƏSAS səbəbləri göstərdi

348 28.07.2026 21:55 Ölkə A A

Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, bu ilin I yarısında Azərbaycanda mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % azalaraq 1 milyon 807,9 min olub. Belə ki, yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq, 1 milyon 69,8 min olub. Bu isə ümumi gecələmələrin 59,2 %-i deməkdir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin fikrincə, səbəb siyasi gərginlik, eləcə də münaqişələrin təsiridir.

Samir Dübəndi (@dubendisamir) • Facebook

Musavat.com-a açıqlamasında o, qeyd edib ki, marketinq fəaliyyəti alternativ bazarlara yönəlib: “Turizm həqiqətən də geosiyasi risklərə ən həssas sahələrdən biridir: münaqişələr aviaəlaqələrə, sığorta risklərinə, bronlaşdırmalara və istehlakçı gözləntilərinə sürətlə təsir göstərir. Obyektiv mənzərə həm xarici böhranları, həm də daxili amilləri eyni vaxtda nəzərə almalıdır. Bunlara nəqliyyat əlçatanlığı, aviadaşımaların dəyəri, quru sərhədlərindən sərnişin keçidinə qoyulan məhdudiyyətlər, mövsümilik, qısa qalma müddəti, tələbin regionlar üzrə zəif bölgüsü və turizm məhsulunun kifayət qədər şaxələndirilməməsi daxildir.

Nəqliyyat əlçatanlığı yalnız gələnlərin sayına deyil, səfərin qiymətinə, marşrutun coğrafiyasına və qalma müddətinə də təsir edir. Aviabiletlərin qiyməti, uçuşların tezliyi, uçuş bağlantılarının və tranzit imkanlarının rahatlığı, regionların nəqliyyat əlçatanlığı, eləcə də “son mil”in (hava limanı, vağzal və ya magistraldan konkret turizm obyektinə qədər olan yol hissəsi) keyfiyyəti müntəzəm təhlil edilməlidir. Miqyaslı və bahalı həllər əvəzinə mövsümi servis avtobusları – şatllar, bir neçə mehmanxananın ortaq transferləri, həftəsonu turizm avtobus marşrutları və regional nəqliyyatın vahid rəqəmsal hərəkət cədvəli kimi praktik pilotlardan başlamaq olar. Quru sərhədlərindən sərnişin keçidinə qoyulan məhdudiyyətlərin iqtisadi təsiri də vaxtaşırı qiymətləndirilməlidir. Belə qiymətləndirmə milli təhlükəsizlik məsələlərinin nəzərə alınmaması demək deyil, lakin regional turizmin və avtomobil marşrutlarının hansı seqmentlərinin ölkə üçün əlçatmaz qaldığını anlamağa imkan verir”.

S.Dübəndi, həmçinin, bildirib ki, Azərbaycan mehmanxanalarının əsas problemlərindən biri turistlərin ölkədə qısa müddət qalmasıdır: “2025-ci ildə orta qalma müddəti ölkə üzrə cəmi 1,73 gecə təşkil edib. Belə göstərici mehmanxanaların nömrə fondunun səmərəli istifadəsinə imkan vermir. Turist sayı artsa belə, onların əksəriyyəti bir və ya iki gecə qaldığından bazarın gəlir potensialı tam reallaşmır. Bundan əlavə, xarici turistlərin keçirdiyi bütün gecələmələrin yalnız 31,4 %-i mehmanxanaların payına düşür. Digər hissəsi kirayə mənzillərdə, qohum və tanışların evində və ya şəxsi yaşayış yerlərində keçirilir. Bu isə gələn turist sayının artmasının avtomatik olaraq mehmanxana sektorunun böyüməsi demək olmadığını göstərir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR