Dünyanın ən bahalı otel otağı Dubayda yerləşir. Burada bir gecə qalmağın standart qiyməti 100 min ABŞ dollarıdır. Atlantis The Royal otelində yerləşən dəbdəbəli The Royal Mansion penthausu qonaqlara təkcə eksklüziv interyer deyil, həm də yalnız ən varlı turistlər üçün nəzərdə tutulmuş xüsusi imtiyazlar təqdim edir.
Dünyanın ən bahalı otel otağını müəyyənləşdirmək asan deyil. Çünki Monakoda keçirilən "Formula-1" Qran-prisi kimi iri tədbirlər zamanı bəzi lüks hotellərdə qiymətlər müvəqqəti olaraq gecəlik 100 min dolları keçə bilir. Lakin standart qiymət baxımından rekord məhz The Royal Mansion penthausuna məxsusdur.
Qiymətə nələr daxildir?
İkimərtəbəli penthausun sahəsi təxminən 1 604 kvadratmetrdir və burada eyni vaxtda 9 böyük və 4 uşaq qala bilər.
Qonaqların istifadəsinə aşağıdakılar verilir:
Dörd geniş yataq otağı;
Qızdırılan şəxsi panoram hovuz;
İstirahət zonası və yay mətbəxi olan böyük terras;
Şəxsi kinoteatr;
Kitabxana;
Fərdi lift;
Geniş qarderob otaqları.
Bundan əlavə, otaqda Hermès və Graff markalarına məxsus premium kosmetik vasitələr, həmçinin Louis Vuitton tərəfindən hazırlanmış dizayner stolüstü tennis masası da var.
Şəxsi aşpaz və 24 saat xidmət
Altırəqəmli məbləğ ödəyən qonaqlar təkcə dəbdəbəli mənzildə qalmırlar. Qiymətə aşağıdakı xidmətlər də daxildir:
Şəxsi aşpaz;
24 saat xidmət göstərən eşikağası (butler);
Fərdi mühafizə xidməti.
Penthausda həmçinin yeməklərin hazırlanması üçün ayrıca mətbəx və 12 nəfərlik geniş yemək zalı da mövcuddur.
Bu otaq niyə bu qədər bahadır?
Mütəxəssislərin sözlərinə görə, Dubayda demək olar ki, aşağı turizm mövsümü olmur. Şəhərə ilboyu turist axını davam etdiyindən hotellər premium otaqlar üçün çox yüksək qiymətləri saxlaya bilirlər. Məhz buna görə Atlantis The Royal otelindəki The Royal Mansion standart gecəlik qiymətinə görə dünyanın ən bahalı otel otağı hesab olunur. O, qonaqlarına maksimum məxfilik, rahatlıq və yüksək səviyyəli xidmət təqdim edir./Lent.az






