İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərə verilən qızlar universiteti

303 28.07.2026 18:19 Yazarlar A A

Qızlar universitetimizin bağlanmağı xəbəri ilə eyni vaxtda süni intellekt institutumuzun açılmağı xəbəri gəldi və qəlbimizin yanğısına su səpildi. Gələcəyimizin parlaq olduğunun, əmin əllərdə olmağımızın bir işarətidir bu... İndi qızlarımız süni intellekt yetişdirmək üzərində çalışacaqlar. Şair demişkən, ey gözüm, ey canım, get məktəbə, cavanım!

Hərçənd, qızların ali məktəbinin bağlanmağını, obrazlı ifadə eləsəm, bir növ, təhsil sektorunun “UZİ”sindən keçə bilməyib abort olmasını hələ tam dəqiq bilmirik. (Guya bizdə kimsə nəyisə dəqiq bilir ki?) Məsələn, bu vaqeə barədə xəbərlərdə belə yazırdılar: “İnstitusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsində Bakı Qızlar Universiteti "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub”. Sitatın sonu.

Məşədi İbadın sözü olmasın, mən 30 ildir qəzetçiliklə məşğulam, burdan heç zad qanmadım, bisavadlar nə eləsin? Bəlkə də xəbəri elə bu universitetin işsiz qalıb jurnalist olan hansısa məzunu yazmışdı.

Yəni bu xəbəri qayıran yoldaşlar da hələ tam əmin deyil ki, universitet bağlanıb, ya da bağlanmayıb. Universitet qaydalara uyğun gəlmirsə, onu kim qıfıllamalıdır? Bəlkə bağlanacaq, ancaq uşaqlar oxumağa davam edəcək? İndi oxuyanlar hara köçürüləcək? Qızları qovandan sonra binada oğlanlar üçün bilyard salonu açmağa icazə varmı?

Doğrudur, dövlətçilik və təhsil təcrübəmizdə belə əhvalatlar çox olmuşdur. Elşad müəllimin əldəqayırma Beynəlxalq Universitetindən tutmuş, prorektorunun qətlini sifariş edən rektorun “Təfəkkür”ünə, özünün bağlanacağını belə proqnoz etməyi bacarmayan Futurologiyadan, iki eşşəyin arpasını bölməkdə çətinlik çəkən Müstəqil Azərbaycan universitetinə qədər hər cürəsini görmüşük. Hələ bir lətifəvari San Marino Universitetinin Mingəçevir filialının Xutor akademiyası da var idi. Sanki qızların məktəbi bu “soyqırımdan” hansısa küncdə gizlənib günümüzə çatmağı bacarmışdı. Əks halda, heç kim orda yüksək dərəcədə təhsil verildiyini iddia edə bilməzdi. Məsələn, 2025-ci ildə bu universitetin bəzi müəllim ixtisaslarına 200 balla girmək olurmuş. 100 buraxılışdan, 100 qəbuldan yığ, Allah bərəkət versin... Məhz həmin 200 ballıq müəllimlərin çoxu sonradan Müəllimlərin İşə Qəbulu imtahanını verə bilmirdi, ara yerdə hökumət işə düşürdü.

Əslində, mənim şəxsi mövqeyim budur ki, çağdaş dünyada cinsi ayrıseçkilik salmaqla universitet açmağın özü tragikomikdir. O zaman niyə Oğlanlar Universitetimiz olmasın? Yaxud, Qadın Məktəbi, Kişi Akademiyası, nə bilim, Qaqaş Tin Liseyi... Görəsən bu qızlar universitetinə oğlanlar sənəd verəndə, onları rədd edirmişlər? Ya da LGBT sayırmışlar? Nəsə, Allah üzümüzə baxıb, institusional akkreditasiyada disfunksional pozuntuların subliminal və transendental... Ta özünüz bilirsiniz, yazmıram.

İnşallah, süni intellekt institumuzun taleyi işıqlı olsun. Məndə məlumat var ki, bizim bu sahəyə elmi marağımız dünyada NVİDİA, SpaceX, Maykrosoft-zad kimi şirkətlərin səhmlərini bahalaşdırıbdır. Nə olsun İlon Maskın “SpaceX” şirkəti var, bizdə də “Space” kanalı var və tarixi daha qədimdir. Düzdür, son vaxtlar kanal borc-morc, kredit temalarına görə gündəmdən düşmür, müdirin biri gedir, biri gəlir, ancaq kosmik tədqiqatlar elə şeydir ki, orda gəlir bir-iki günə əldə olunmur. Kosmos, yəni space dərin bir quyudur, orda qara dəliklər çoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR