İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və özbək atalar sözləri ikidilli nəşri işıq üzü görüb

1128 13.04.2022 09:45 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Milli-mənəvi, ədəbi dəyərlərimizin təbliği, tərcüməsi və nəşri” layihəsi çərçivəsində Azərbaycan və özbək xalq yaradıcılığına aid atalar sözləri kitabı işıq üzü görüb.

Ərsəyə gəlmiş bu nəşr Azərbaycan və özbək xalqlarının eyni ortaq tarixi, mədəni, ədəbi köklərə sahib olduğunu daha bariz şəkildə ortaya qoyur və günümüzdə mövcud olan dostluq, qardaşlıq münasibətləri, ədəbi əlaqələrimizə yeni bir töhvədir.

Nəşri dillərimizə uyğunlaşdıran Azərbaycan tərəfindən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistan tərəfindən isə gənc elmi işçi Şahistə Ortıqova-Kamranlıdır.

Ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sözün bəşəriyyətin ən dəyərli varlığı olduğunu vurğulayaraq, hər bir xalqın, cəmiyyətin, topluluğun öz sözü ilə seçildiyini və tarixdə qaldığını qeyd edib. Samir Abbasov xalq yaradıcılığında sözün dəyəri, yerinin böyük olduğunu və sözün ən dəyirlisinin isə min illər boyu müdrik atalarımızın, babalarımızın elm, hikmət, müdriklik, aqillik, yüksək əxlaqi dəyər meyarlarından süzülüb gəlmiş atalar sözləri olduğunu qeyd edib. Direktor Azərbaycan xalqı ilə eyni kökdən olan özbək xalqının da ortaq milli-mənəvi dəyərlərə, ortaq tarixi keçmişə, ortaq klassik poeziyaya sahib olduğunu, iki qardaş xalqın şifahi ədəbiyyatının, söz-sənət yaradıcılığının bir bulaqdan axan eyni çeşmə kimi səciyyələndirib.

Nəşrdə qeyd olunur ki, atalar sözləri və məsəllər xalqın müdrikliyinin, zəkasının və həyat təcrübəsinin bədii ifadəsidir. Bir sözlə, dilimizin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Atalar sözlərinin gənc nəslin formalaşmasına təsiri vardır və o, gənclərin yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi formalaşmasına, həyatı biliklər əldə etməsinə, maariflənməsinə yardımçı olur.

Nəşrdə Azərbaycan atalar sözləri Özbək dilində, Özbək atalar sözləri isə Azərbaycan dilində qarşılıqlı tərcümələri yer almış və əsasən də nəşrdə eyni, oxşar atalar sözləri öz əksini tapmışdır.

Cari il 6 aprel tarixində Özbəkistan Milli Kitabxanasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimi çərçivəsində nəşrin “Atalar sözü-maqollar” kitabının təqdimatı keçirilib. Təqdimatda hər iki ölkənin alimləri, mədəniyyət xadimləri iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Atalar sözü-maqollar” kitabının Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına, habelə şifahi xalq ədəbiyyatı, folklor sahəsi üzrə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinə əvəzsiz olaraq verilməsi nəzərdə tutulub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR