İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tarixində növbəti İLK: Laçın sərhəd-gömrük postu olmasa, işimiz yarımçıq qalardı...

3901 28.04.2023 10:29 Yazarlar A A

Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin yeni komandanı ilə görüşdən sonra separatçılar bir qədər ümidlənmişdilər...

Həkəri çayının üstündəki körpüdə, Laçın yolunun başlanğıcında Azərbaycanın qurduğu sərhəd-nəzarət məntəqəsinin ləğv ediləcəyini, ya da azərbaycanlıların yerinə, həmin məkanda rus hərbçilərin dayanacağını gözləyirdilər…

Üstündən heç bir gün də keçmədi, ümidləri puç oldu, cəhənnəmə getdi bu cəfəng istəkləri də!

Əvəzində Azərbaycanın qəhrəman sərhədçilərinin yanında gömrükçülərimiz də səf qurdu.

gömrük.jpg (174 KB)

Artıq gözlənildiyi kimi, bütün normal ölkələrin sərhədlərində olduğu kimi, Azərbaycanın Laçın yolunun giriş hissəsində, Ermənistanla sərhəddə də sərhəd-gömrük postları sinxron fəaliyyət göstərəcək! Əslində, bu, ermənilərə münasibətdə humanist addımdır. Səbəbi? Ermənistanla faktiki olaraq normal münasibətlərin olmadığı şəraitdə Azərbaycana bu ölkə ilə sərhəddə giriş-çıxış postu qoyması elə də vacib deyildi, eləcə qapısını bağlayardı, vəssalam! Amma Qarabağdakı erməniləri, eyni zamanda digər reallıqları nəzərə alıb, sərhəd qapısını qarşı tərəfin üzünə çırpmadı, sərhəd-gömrük postu qurdu. Ardınca da pasport-viza rejiminin yoxlanması istiqamətində prosedurlar işə salındı.

pasport.jpg (113 KB)

Belə də olmalıdır, əksi baş versə, təəccüb doğurardı. Ölkəyə daxil olanda pasport təqdim etmirləmi? İndi buyurub, təqdim etsinlər, görək gələn kimdir, buradan keçib, getmək istəyən kim?..

Özü də bu tarixi hadisə nə vaxt baş verdi? Ermənilərin ümid etdiyi, nicat gözlədiyi ünvandan – Fransadan gələn diplomat Bakıdan sonra İrəvanda görüşlər keçirərkən! Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən sözünü dedi. Sitat: “Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir”.

sefirr.jpg (98 KB)

Vəssalam! Həm də NİDA! Bu, təxminən 44 günlük müharibənin ilk günlərində Ali Baş Komandanın “Şuşasız işimiz yarımçıq olar” - anonsunun eynisi idi. Bu mənada Laçın yolunun girişində sərhəd-gömrük postumuzun qurulmaması da analoji mahiyyət və məna kəsb edirdi - sərhəd qapısı qoymasaq, işimiz yarımçıq qalardı!

Hələ nə qədər böyük qələbənin qazanıldığını bir çoxumuz doğru-dürüst dərk edə bilmir bəlkə də. Bu, tarixdə bir İLKdir, Azərbaycanın Laçın yolunun üstündə heç vaxt sərhəd-gömrük postu olmamışdı, dövlətimiz bunu bacardı! Bəziləri bu tarixi nəticəyə kölgə salmağa cəhd göstərirlər. Amma əbəs yerə özlərini yorurlar. Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir, kimsə şübhə etməsin! Yaddaşı gödək olanlar heç olmasa sərhəd postumuzun qurulmasından cəmi 5 gün əvvəli, Prezident Əliyevin 18 apreldə Xankəndidəki “təlxəklər toplusu”na ünvanladığı mesajı xatırlasınlar. Dövlət başçısı “Separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər” - söylədi həmin gün. Budur, artıq separatçıların çıxıb gedəcəyi yolun başında da Azərbaycan bayrağı dalğalanır. Əslində, bu da onlara qarşı növbəti humanist münasibətdir, Azərbaycan dövləti 48 saata onları məhv də edə bilər, lakin seçim qarşısında qoyur, yaşamaq şansını təklif edir.

prez.jpg (124 KB)

Unutmamışıq, separatçılar, Ermənistandakı revanşistlər və onları himayə edənlər daha çoxuna iddia edirdilər. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlarda İrəvan Laçın dəhlizinin – artıq keçmiş - 20 km enində və üstəlik də Ermənistanın nəzarətində (?!-red.) olmasına təkid etmişdi. O zaman Azərbaycan Prezidentinin barışmaz mövqeyi nəticəsində dəhliz cəmi 5 km enində müəyyənləşdirildi. Eyni zamanda 3 il müddətində yeni, Laçın şəhərinin mərkəzindən yan keçən yolun tikilərək istifadəyə verilməsi, qarşılığında Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial razılıqla bağlı müddəalar üçtərəfli bəyanatda əksini tapdı. Azərbaycan 22 km-lik yeni yolu cəmi il yarıma çəkib, istifadəyə verdiyi halda, Ermənistan öz ərazisindəki 7 km-lik yolun abadlaşdırılmasını süni şəkildə ləngitdi. Hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətdi, vəziyyəti gərginləşdirdi ki, ara qarışsın, anlaşmalar unudulsun, status-kvo mövcudluğunu saxlasın. Eləcə də məqsəd Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin geri qaytarılmasını əngəlləmək idi. Lakin Azərbaycan ordusunun əməliyyatları sözünü dedi, 2022-ci ilin sentyabrında Laçının mərkəzinin qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçməsi baş verdi. Amma düşmən bundan sonra həmsərhəd bölgədə yenə təxribatlara əl atdı və sentyabr döyüşlərində hər iki tərəf itkilər verdi. Bu təxribatlarla Azərbaycanın müqavimətini qırmağa çalışan qüvvələrin olduğunu da yaxşı bilirdik, amma qətiyyətli lider bütün bunların qarşılığında növbəti dəfə əzmkarlıq nümayiş etdirdi: Sentyabrın 21-də Prezident İlham Əliyev Laçın rayonuna səfər edərək, şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı, “Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” - deyərək...

bayraq.jpg (438 KB)

Dövlət başçısı həmin səfərində bəyan etdi: “Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik”. Amma Ermənistan budəfəki xəbərdarlığı da doğru-dürüst qiymətləndirə bilmədi, davamlı təxribatlara əl atdı. Sonrakı mərhələdə ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşıması, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsi nəticəsində növbəti itkilər oldu. Azərbaycanın postmüharibə dövründə mina qurbanlarının sayı dəfələrlə artdı. Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana daşınması dövlətimizin və vətəndaşlarımızın əsəblərini tarıma çəkirdi. Amma yenə də dinc yolu seçdi Azərbaycan tərəfi. 12 dekabrdan başlayaraq ekoaktivistlərimiz Laçın-Xankəndi yolunun Şuşa şəhərinin yaxınlığından keçən hissəsində dinc etiraz aksiyasına başladılar, erməni talançıların qanunsuz əməllərinin qarşısına sədd çəkilməsini tələb etdilər. Bu, dünyada bir ilk idi. Bu günədək davam edən aksiyanın gedişində bir nəfər də olsun erməninin burnu qanamadı, baxmayaraq ki, hər gün o yoldan onlarla erməni sərbəst keçib gedir, yük daşınır. Bu, bir Azərbaycan nümunəsidir! Ona görə də erməni hay-küyçüləri dünyanı aldada, Azərbaycana qarşı səfərbər edə bilmədilər... Baxmayaraq ki, bu aylar ərzində Azərbaycana qarşı ayrı-ayrı ölkələrin qərəzli hücumlarını müşahidə etdik, saxta kampaniyalar təşkil edildi, təzyiqlərə əl atıldı, bir sıra xarici media orqanlarında Azərbaycana qarşı qara piar kampaniyası apardılar, Azərbaycanın guya Qarabağda “etnik təmizləmə siyasəti” həyata keçirdiyini iddia etdilər, amma bu dəfə yalan nə ayaq tuta bildi, nə yeriyə...

aksiya.jpg (319 KB)

Bu müddətdə çox təhdidlər oldu, qətnamələr, bəyanatlar qəbul edildi. Lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi, 44 günlük Vətən müharibəsində olduğu kimi. Azərbaycan dövləti öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək, onların nümayəndələrini Bakıya dəvət etdi. Baxmayaraq ki, ilk görüş Xocalıda baş tutmuşdu, Azərbaycan nümayəndə heyəti erməni qrupla görüşə getmişdi, amma separatçılar rəsmi Bakının bütün çağırışlarını cavabsız qoydular. Bununla əslində Azərbaycan dövləti, dövlətimizin başçısı sözü ilə əməlinin vəhdət təşkil etdiyini növbəti dəfə dünyaya duyurdu. Ermənilərin dəstəkçiləri də baxıb gördülər ki, Azərbaycanın iddia olunduğu kimi, Qarabağdakı mülki ermənilərlə heç bir haqq-hesab çəkmək niyyəti yoxdur, onları öz vətəndaşları olaraq qəbul  etməyə hazırdır, hətta halı pisləşən erməni sakinləri Xankəndiyə həkim briqadasının müşayiəti ilə göndərir, ac-yalavac ermənini yedirib, sovqatla yola salır... Bundan sonra nisbətən kiridi biriləri...

tecili.jpg (266 KB) 

Lakin separatçı-terrorçu qüvvələr mənfur niyyətlərindən asanlıqla əl götürmək istəmədilər, təxribatları davam etdirdilər, gizli yollarla Qarabağa silah-sursat, mina, təchizat yüklərinin daşınmasına cəhd göstərdilər, növbəti insidentlər baş verdi. Azərbaycan ordusu Xəlfəlidəki gizli yolu nəzarət altına aldıqdan sonra Xankəndi-Kosalar yolundan gizli daşımaları, Rusiya hərbçilərinin müşayiəti ilə cinayətkar fəaliyyətlərini davam etdirən separatçılar hətta yeni gizli yolların çəkilişinə start verdilər. Bu özbaşınalığın, harınlığın sonunu gətirdi Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurması! Çünki bütün yollar gəlib məhz bu ünvandan keçir – Həkəri çayının üstündəki körpüdən! Azərbaycanın bu addımı təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqləmiş oldu. Təsadüfi deyil ki, dövlət başçısı Fransa XİN rəhbəri ilə görüşdə məhz bunu söylədi. İndi kimsə Azərbaycan sərhədçisinin öz postundan geri çəkiləcəyini ağlının ucundan da keçirməsin! Şurnuxudakı sərhəd-gömrük məntəqəmiz kimi, Sarıbaba, Fərrux, Qızılqaya yüksəkliklərindəki kimi, Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun başındakı postumuzda da bayrağımız əbədi dalğalanacaq, inşallah!

bayrağımız.jpg (99 KB)

Bəzi ermənilər durumu anlayırlar: “İlham Əliyev indiyədək bir addım geri atmayıb” - deyirlər. Laçın yolunun başlanğıcına sancılan bayrağımız Xankəndi, Xocalı, Xocavəndə sancılacaq bayrağımız qədər önəmlidir, Şuşa zəfərimiz qədər böyük tarixi nailiyyətdir.

Yazını yekunlaşdırarkən Azərbaycan ordusunun Laçın şəhəri – Kiçik Qaladərəsi istiqamətində 1516 və 1686 metr yüksəklikləri nəzarətə götürdüyü barədə möhtəşəm xəbər yayıldı. Bəli, yalnız irəli!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR