İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyacaq” - politoloq

715 26.12.2023 16:13 Siyasət A A

 

“Əsas hədəf Kiprin təkcə Azərbaycan tərəfindən yox, türk dövlətlərinin hamısı tərəfindən tanınmasıdır”

Bu il sentyabrın 19-dakı lokal antiterror əməliyyatları ilə qədim Azərbaycan şəhəri olan, separatçı ermənilərin yuva saldığı Xankəndini azad etməyimizdən, “Dağlıq Qarabağ Muxtar Respublikası”nı tarixin zibilliyinə atmağımızdan sonra bir məsələ yenidən aktuallaşıb. Bu da Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini tanımağımızla bağlıdır. 

Məlumdur ki, bu dövlətin müstəqilliyini tanıyan yeganə ölkə qardaş Türkiyədir. Ekspertlər hesab edirlər ki, indi də Azərbaycanın tanıması üçün heç bir maneə, təhlükə qalmayıb. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Xankəndidəki qondarma rejimi gorbagor etmişik. Əgər indiyə kimi, biz ŞKTR-nı tanıyardıqsa, dünyadakı anti-Azərbaycan qüvvələr, ermənipərəst ölkələr bundan istifadə edib, Qarabağdakı separatçı rejimi tanımaları fürsətləri yarana bilərdi. İndi də Qəhrəman Azərbaycan Ordusu bu fürsəti həmin qüvvələrin əlindən alıb. 

İndi nəyi gözləyirik? 

Bəllidir ki, Azərbaycanla ŞKTR arasında çox yaxın münasibətlər var. Bu ilin oktyabrında Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar ölkəmizə səfər etmiş, çox yüksək səviyyədə qarşılanmış, mühüm görüşlər keçirmişdi. Dövlət başçısı İlham Əliyev onu şəxsən qəbul etmişdi. Məhz bu səfərdən sonra ŞKTR-nın müstəqilliyinin rəsmi Bakı, eləcə də, digər türkdilli respublikalar tərəfindən tanınması məsələsi daha da aktuallaşıb. 

Məlumat üçün bildirək ki, 1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov dedi ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə üzv və müşahidəçi dövlətlərinin nümayəndələrini qəbul edərkən etdiyi çıxışı təsisatın yaxın perspektiv üzrə fəaliyyəti, xüsusən Şimali Kipr məsələsi ilə bağlı Azərbaycanın mövqeyi üçün yol xəritəsi hesab edilə bilər: “Aydındır ki, hazırkı həssas periodda böyük insan kapitalı, təbii sərvətləri, xüsusən enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi Türk dünyası üçün böyük fürsətlər açıb. Türk dünyası Şərq və Qərb arasında alternativsiz və ən təhlükəsiz qovşaqdır. Üstəlik Türkiyənin güclənən mövqeyi, Azərbaycanın qələbəsindən sonra artan hərbi-siyasi imkanları, Orta Asiyaya daha çox diqqət yetirilməyə başlanması Türk dünyasının özündən fərqli davranış tələb edir. Cənab İlham Əliyevin qeyd edilən görüşdə nümayiş etdirdiyi siyasi ritorika, xüsusən Şimali Kipr bəyanatı da məhz bu reallığın inikası hesab olunmalıdır. Cənab İlham Əliyev açıq formada bəyan etmişdi ki,  ”Şimali Kiprin bayrağı bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır"".

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

 Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, artıq Kiprin müstəqil dövlət kimi tanınması zamanı çatır: “Bu dövrün trendidir. Həm Azərbaycan, həm də Türk Dövlətləri Təşkilatının üzvləri tərəfindən Kiprin dövlət kimi tanınmasına məncə maneələr aradan qalxıb. Əvvəla, Azərbaycanın özünün bu məsələyə münasibətində dəyişiklik imkanı ona görə yaranıb ki, Qarabağ məsələsi artıq həll olunub. Bir neçə ay əvvəl Qarabağla bağlı durum müəyyən çətinliklər yaradırdı. Amma indi bu çətinliklər yoxdur. Amma təkcə bu amil deyil. Artıq Türk Dövlətləri Təşkilatı formalaşandan sonra biz müstəqil şəkildə dünya gücü olaraq da, kiminsə nəsə xoşuna gələr yaxud gəlməz deyə məsələlərə münasibət bildirməli deyilik. Üstəlik, Şimali Kipr Türk Respublikasının özü də Türk Dövlətləri Təşkilatında kifayət qədər oturuşmuş, yerini möhkəmlətmiş bir vəziyyətdə olmalıdır. Ona lazım olan bütün dəstəklər verilməlidir. Kipr kiçik bir yer kimi görünsə də, çox əhəmiyyətli bir yerdədir. Ağ Dənizdə çox strateji önəm daşıyan yerdədir. Həm burada karbohidrogen ehtiyatları ilə bağlı məsələ var, həm də burada keçən yolların Kiprin çox yaxınlığından keçməsi, dəniz altı enerji yollarının Kiprə bağlı olması, üstəlik dənizdə müəyyən sərbəst sahələrdən başqa sahil sərhədlərinə  bağlı su ərazisinə sahiblik baxımından da əhəmiyyətli yerdə yerləşir. Əgər bu adanı müstəqil saxlamaq mümkün olmasa, Türkiyə dövləti Egey dənizinə həbs olunar. Bu da olduqca əhəmiyyətli bir məsələdir. Ona görə də, bu məsələ çox strateji hesab olunur. Hesab edirəm ki, artıq müəyyən addımlar atmağın zamanıdır. Xüsusən Türk Dövlətləri Təşkilatı çox cəsarətlə bu məsələyə qiymət verməlidir. Həm də nəzərə alaq ki, bir neçə il əvvəl burada rum kəsimi ilə Türk kəsimi  arasında münasibətləri sahmana salmaq üçün BMT tərəfindən bir birgəyaşayış referendumu keçirildi. Hətta onların bir yerdə olma imkanları, Avropa təsisatlarına qəbulu ilə əlaqədar Türk Kipr Cümhuriyyəti sülhə səs verdi. Amma burada əks reaksiyanı rum kəsimi göstərdi. Buna baxmayaraq, rum kəsiminə münasibət Avropa təsisatları tərəfindən fərqli oldu. Əgər bizim Türk Cümhuriyyətinə belə ögey münasibət varsa, Avropanın rum kəsiminə göstərdiyi məhəbbəti biz də eyni cür Şimali Kipr Türk Cümhuriyyətinə göstərməli, bağrımıza basmalı, Türk dövlətlərinin təmsil olunduğu təşkilatlar Kıbrıs Türkü üçün siyasi, iqtisadi, inteqrasiya, investisiya baxımdan bütün qapıları açmalıyıq. Hesab edirəm ki, artıq Türk Dövlətləri Təşkilatında olan dövlətlər də bir arada bu məsələni müzakirə edib, eyni zamanda birlikdə onu tanımaları daha uyğun bir variant olardı. Günün çağırışdır və artıq Şimali Kipr Türk Respublikası müstəqil dövlət kimi tanınmalı və Türk Dövlətləri Təşkilatında öz layiqli yerini almalıdır”. 

Asif Nərimanlı: Xankəndinə 40 ton unun göndərilməsi ilə ilk addım atıldı –  Qərb Xəbər

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı da tezliklə Azərbaycanın Türkiyə kimi analoji addımı atacağını düşünür: “Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanımamasının səbəbi Qarabağ idisə, son üç ildə Xankəndi məsələsi buna mane olurdu. Lakin artıq Azərbaycan suverenliyini tamamilə bərpa edib, bu baxımdan maneə qalmır. Fikrimcə, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, Kiprin Türk Dövlətləri Təşkilatına dəvət edilməsi, ümumiyyətlə 44 günlük müharibədən sonra atılan addımlar prosesin bu istiqamətdə inkişaf etdiyini göstərir. Burada əsas hədəf Kiprin təkcə Azərbaycan tərəfindən yox, türk dövlətlərinin hamısı tərəfindən tanınmasıdır. Çünki Azərbaycan, yaxud türk dövlətlərindən hansısa biri ayrılıqda bu addımı atarsa, Avropa ilə müəyyən anlaşılmazlıqlar yaşana bilər, lakin TDT ölkələri birlikdə hərəkət edərlərsə, daha effektiv addım olar. Fikrimcə, Türk Kiprinin müstəqilliyinin tanınması qərarının TDT çərçivəsində verilməsi mümkün variantlardan biridir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR