İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sevdalı özbək şairəsi Xasiyyət Rüstəm: "Elə bilirdim, Şuşanın hər daşını, hər yerini, hər ağacını tanıyıram..." VİDEO

1629 06.05.2022 14:51 Mədəniyyət A A

Azərbaycan həqiqətlərini daim təbliğ edən, Azərbaycan sevdalısı özbək şairəsi Xasiyyət Rüstəm Bakıya növbəti səfəri çərçivəsində “Yeni Müsavat” Media Qrupunun qonağı olub. Xasiyyət Rüstəm səfərinin məqsədi haqda danışıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr etdiyi “44 gün” adlı kitabından, Şuşa səfərindən, bu və digər məsələlərdən söz açıb. Musavat.com həmin müsahibəni təqdim edir:

- Bu Bakıya neçənci səfərinizdir və budəfəki gəlişinizin əsasən məqsədi nədir?

- Azərbaycana çox gəlmişəm. Hətta səfərlərimin sayını itirmişəm, bəlkə də onuncudur. Mayın 9-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrında həyat yoldaşım, yazıçı-dramaturq Qoçqar Norqobilin əsəri əsasında “Beş dul qadın və rəis” adlı bir hissəli komediya nümayiş olunacaq. Əsasən həmin tamaşanı izləməyə gəlmişik. Neçə gündür ki, bu əsər tamaşaya qoyulacaq deyə çox həyəcanlıyıq. Əsər bir iş yerində qadınlar və rəisdən bəhs olunur. Daha ətraflı məlumat vermək istəməzdim, hər kəsi tamaşanı izləməyə dəvət edirəm, gəlib əsər ilə yaxından tanış ola bilərsiniz.

1989.jpg (95 KB)

- Ötən ilin avqustunda işğaldan azad olunmuş Şuşa şəhərində olmuşunuz. Təəssüratlarınız necədir?

- Şuşada heç vaxt olmamışdım, bu ilk səfərim idi. Şuşanı görmək bizim hamımızın arzusu idi. Ora gedəndə sanırdım ki, Şuşanı əvvəlcədən tanıyıram. Şuşanı görəndə də bu hissləri yaşadım. Çünki dostlarımdan Şuşa haqqında soruşur, maraqlanırdım. Ona görə də Şuşa ilə bağlı təsəvvürlərim var idi. Bu səbəbdən Şuşa mənə yad gəlmədi. Orada hər kəs, hər yer mənə tanış idi. Hətta ağaclar da çox tanış gəlirdi.

Yenidən Şuşaya səfər etmək arzusundayam. Bakıya gələn heyətimiz isə hələlik Şuşada olmayıb, onlar da Şuşanı görmək arzusundadırlar. Bu arzumuz həyata keçsəydi, çox gözəl olardı.

- Bilirik ki, Özbəkistanda Şuşanın işğaldan azad olunmasını insanlar göz yaşları ilə qarşılayıblar.

- Tamamilə doğrudur. Özbəkistan, demək olar ki, həmin 44 gündə yaşamadı. Fəqət 44 gün evlərimizdə, küçədə, hər yerdə Azərbaycandan gələn xəbərləri böyük həyəcanla izləyirdik. Çox ağır günlər idi. Hər an internetdən, sosial şəbəkələrdən yaxşı xəbərlər gözləyirdik. Prezidentimiz İlham Əliyevin hər bir çıxışını həyəcanla, gözümüzdə yaşla dinlədik. Bu çox böyük zəfər idi.

4.jpg (61 KB)

- Azərbaycanın Qarabağ zəfəri ilə bağlı “44 gün” adlı kitab da nəşr etmişiniz...

- Bəli, bu kitab mənim 44 günlük Vətən müharibəsi ilə bağlı gündəlik qeydlərimdir. Təsəvvür etməyə çalışdım ki, bu 44 gün ərzində mən hansı hisləri keçirmişəm. Kitabda hələ müharibədən əvvəl yazdığım “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi, “Qələbə dastanı” dərc olunub. Azərbaycanın qazandığı qələbə bizim, bütün türk dünyasının qələbəsi idi. Uzun illər biz bu qələbəni gözləyirdik.

2.jpg (76 KB)

 

- 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunub, 2023-cü ildə isə Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı olacaq. Bununla bağlı Şuşada hansı tədbirləri görmək, iştirak etmək istərdiniz?

- Hansı tədbirlərin olacağını bilmirəm, amma istənilən keçiriləcək tədbirdə olmaq istərdim. Çünki Şuşa deyəndə ürəyimiz qabarır. Biz bu günlərə çox ağır günlərdən keçərək gəldik.

- Özbəkistanda Azərbaycan ədəbiyyatı nə qədər tanınır?

- Bizdə Azərbaycan şair və yazıçılarını çox sevirlər. Məsələn, mən gəncliyimdən yazıçı Anarı, Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Nigar Rəfibəylini, Rüstəm Behrudini, Sabir Rüstəmxanlını, Elçini tanıyır, əsərlərini sevirəm. Həmçinin sizin klassik şairlərini öz şair və yazıçılarımız qədər sevir, bilirik.

- Bəs Özbəkistan dərsliklərində azərbaycanlı şair və yazıçıların əsərləri salınıbmı?

- Əlbəttə ki, var. Özbəkistanın istənilən kitab dükanlarına getsəniz, bunu görə bilərsiniz.

- Bakını bu dəfə necə gördünüz?

- Bizim hər zaman dediyimiz bir söz var – vətəndən vətənə gəlirik. Yəni, biz bura başqa ölkəyə getmiş kimi deyil, öz vətənimizə gəlmiş kimi hiss edirik, insanları da sanki öz qohumlarımızdır. Yəni, Azərbaycanda heç bir qəriblik duymuram”.

Xalidə Gəray
Məğrur Mərd
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR