İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan regional əməkdaşlıq mərkəzində: Rəsmi Bakı qüvvələr balansını necə qoruyur?

455 27.05.2023 19:59 İqtisadiyyat A A

Mayın 25-də Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyinin(AİB) toplantısında da qonaq qismində iştirak edib. Tədbir çərçivəsində keçirilən görüşlərdəki müzakirələrin detalları açıqlanmasa da, Rusiyanın Azərbaycanı AİB-in üzvü görmək istəyinin olduğu əvvəlcədən məlumdur. Uzun müddət ərzində ölkəmizi bu Birliyə üzvlüyə cəlb etməyə çalışan Şimal qonşumuzun fəaliyyətləri daim Azərbaycanla yaxın əməkdaşlıq münasibətlərində olan digər qüvvələrin, xüsusilə də ABŞ və Avropa İttifaqının diqqətində olub.

moskva.jpg (72 KB)

Güclü iqtisadiyyata malik Azərbaycan həm Rusiya, həm də Qərblə effektiv iqtisadi-siyasi əməkdaşlıq əlaqələri qurmaqla qüvvələr balansını daim qoruyub saxlayıb. Bu peşəkar xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bir tərəfdən Avropaya yaşıl enerji ixracatçısı olmaq istiqamətində real addımlar atır, Asiyadan Avropaya Rusiyadankənar ərazilərlə yükdaşımaların əsas marşrutu olan Orta dəhlizin fəaliyyətinin genişləndirilməsində ən fəal şəkildə iştirak edir, digər tərəfdən isə Rusiya ilə əlaqələri bərabərtərəfli əməkdaşlıq müstəvisində inkişaf etdirir, Şimal qonşumuza qarşı tətbiq olunan sanksiyalara qoşulmur, eyni zamanda Rusiyaya satışı qadağan olunan məhsulların ixracına imkan vermir.

orta.jpeg (366 KB)

Azərbaycanın bu mövqeyi ilə barışmalı olan Rusiya da, Qərb də rəsmi Bakının imkanlarından öz xeyirlərinə bəhrələnməyə çalışırlar. Bu zaman cəlbedici təkliflərdən də çəkinmirlər. Məsələn, bir həftə əvvəl  Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya - İslam Dünyası: Kazan Forum” XIV Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı İttifaqın Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edib: “Rusiya Azərbaycanla Avrasiya İqtisadi Birliyinə (AİB) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial görür. Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq, biz Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial görürük”.

over.PNG (683 KB)

Rusiyalı yüksək çinli məmurun sözlərinə görə, Azərbaycan və AİB ölkələri İran və Türkiyə ilə sərhəddə gömrük nəzarətinin götürülməsi ilə Şimal-Cənub kəsiksiz dəhlizin yaradılmasından faydalanacaq: “Bu gün Azərbaycanda Avrasiya İqtisadi Birliyində görülən işlərə çox ciddi maraq və ekspertlər səviyyəsində dialoq var. Biz bunu yüksək qiymətləndiririk. Və təbii ki, belə bir kəsiksiz Şimal-Cənub nəqliyyat və logistika dəhlizinin yaradılması istiqamətindəki qarşılıqlı fəaliyyətimiz fonunda, əlbəttə ki, gömrük sərhədlərimizin İran və Türkiyə sərhədinədək çatması həm Azərbaycan, həm də AİB-yə üzv dövlətlərin özləri üçün iqtisadi baxımdan açıq-aşkar faydalı olardı. Düşünürəm ki, bundan hamı uduşlu çıxardı”.

Mayın 25-də Moskvada AİB toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərabərhüquqlu əməkdaşlığa həmişə açıq olduğunu vurğulayıb: “Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik”.

 sura.jpg (181 KB)

Prezidentin bu fikirləri son illərin qarşılıqlı iqtisadi əlaqələrindəki dinamikadan da açıq hiss olunur. 2022-ci ildə Azərbaycanın AİB üzvü olan Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Bu ilin yanvar-aprelində qarşılıqlı ticarətin həcmi 167 milyon 496.19 min dollar təşkil edib.

Birliyin digər üzvü Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Bu ilin dörd ayında isə qarşılıqlı ticarət dövriyyəsi 9,2 milyon dollara çatıb.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 2022-ci ildə 3,7 milyard dollar təşkil edib. Bunun 975 milyon 456,33 min dolları Azərbaycanın ixracının, 2 milyard 734 milyon 783,08 min dolları isə idxalının payına düşür. İxrac 2021-ci illə(920819,53) müqayisədə 6 faiz, idxal isə(2074311,78) 31,8 faiz artıb.

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220.4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55.3 faiz çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən hesabat dövründə Rusiyadan Azərbaycana idxalın həcmi 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 49.4 faiz artaraq 1 milyard 37.7 milyon dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın həcmi isə 75.7 faiz artaraq 349 milyon 476.34 min dollar təşkil edib.

ticaret.jpg (56 KB)

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 363,5 milyon ABŞ dolları olub. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 96,8 milyon dollar, idxalın həcmi isə 266,7 milyon dollar təşkil edib. Xatırladaq ki, 2021-ci ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları olmuşdu.

Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 112 milyon dolları ötüb. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 10,1 milyon dollar, idxalın dəyəri isə 102,1 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə ticarət dövriyyəsi 104,1 milyon milyon dollar olub ki, bunun da 69 milyon dolları Azərbaycanın ixracı, 35,1 milyon dolları isə idxalının payına düşüb.

Azərbaycan Rusiya ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində səmərəli əməkdaşlıq edir, Zəngəzur dəhlizini onun tərkib hissəsi kimi görür. 2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə Azərbaycan on il əvvəl qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib.

2022-ci il sentyabrın 9-da Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin görüşü keçirilib. Görüşdən sonra dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

beyan.jpeg (283 KB)

Bu ilin may ayında Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin həlledici seqmenti olan Rəşt-Astara dəmiryol xəttinin tikintisini birgə həyata keçirməni nəzərdə tutan müqavilə imzalayıblar. Uzunluğu 170 km olacaq dəmiryol xəttinin tikintisi üçün Rusiya İrana dövlətlərarası razılaşma əsasında 1,3 milyard avro kredit ayırıb. Layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Beləliklə, layihədə Rusiyanın payı 85 faizə bərabərdir. 

Azərbaycan dəmiryolunun İran Astarasından bizim Astaraya qədər olan 3 km-lik hissənin tikintisini 2017-ci ildə başa çatdırıb, İran ərazisində zəruri infrastrukturu, o cümlədən yük terminallarını öz hesabına yaradıb. Əvəzində İran həmin  terminalları 25 illiyə Bakıya icarəyə verib.

Prezident İlham Əliyevin Moskvada qeyd etdiyi kimi, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Eyni zamanda Şərq-Qərb dəhlizi çərçivəsində öz infrastrukturunu təkmilləşdirir: “On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlət başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır”.

elet.jpg (175 KB)

Azərbaycan AİB-in Orta Asiyadan olan üzvləri Qazaxıstan və Qırğızıstanla digər bir müstəvidə əlaqələri sürətlə dərinləşdirir. Söhbət Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən münasibətlərdən gedir. Üç türk dövləti Təşkilatın vahid gömrük sazişinin iştirakçısı, həmçinin Türk İnvestisiya Fondunun təsisçiləridir. Azərbaycan bu dövlətlərlə Asiyadan Avropaya uzanan  ticarət dəhlizinin – Orta dəhlizin inkişafı sahəsində də yaxından əməkdaşlıq edir.

Göründüyü kimi, Azərbaycan üzvü olmadığı regional əməkdaşlıq platformalarının iştirakçıları ilə müxtəlif müstəvilərdə qarşılıqlı münasibətlərini dərinləşdirə bilir. Bu zaman ölkəmizin hansısa birliyə qoşulmasına ehtiyac qalmır. Bu reallığı qəbul edən Rusiya Azərbaycanı AİB-lə əlaqələrini tərəfdaş kimi inkişafına can atır. Bu il Rusiyanın təklifi ilə İttifaq üzvlərinin yeni ixrac zənciri formalaşdırmaları üçün prioritet istiqamətlər müəyyənləşib. Bu zaman xarici ticarət üçün Top-20 ölkə müəyyənləşdirilib. İlk onluğa Çin, Hindistan, Misir, Vyetnam, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İndoneziya, Meksika, Türkiyə, ikinci onluğa isə Azərbaycan, Serbiya, İsrail, Monqolustan, Səudiyyə Ərəbistanı, Tayland, İran, Banqladeş, Seneqal və Əlcəzair daxil edilib. Hər bir ölkə üçün ixracı mümkün olan sənaye sahələri, məhsulların çərçivəsi müəyyən edilib.

Prezident İlham Əliyevin siyasi məharəti sayəsində Azərbaycan mövqeləri uzlaşmayan, hətta qarşı duran qüvvələr arasında balansı qoruyaraq öz mövqelərini getdikcə gücləndirir...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR