İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Ordusu Zoda girib” yalanının gerçək üzü

3309 12.01.2024 12:54 Gündəm A A

Hərbi ekspert: “Bu şayiələri yaymaqla erməni xalqına demək istəyirlər ki...” 

Erməni mediası guya Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb. “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını xəbər verib. Hətta azərbaycanlı əsgərlərin Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib. 

Hərbi mənbələr vurğulayıb ki, artıq aylardır sərhəddə heç bir gərginlik yaşanmır və görünür, bu sakitlik və müsbət notlar kimlərisə narahat edir. Erməni nəşri Ermənistan Müdafiə Nazirliyinə sorğu verdiyini, ancaq təsdiq ala bilmədiyini yazmaqla, məlumatın feyk olduğunu dolayısı ilə təsdiqləyib. Bununla informasiya təxribatına yol vermiş erməni mediası hansısa siyasi kluarların təlimatlarını yerini yetirmiş oldu. Çünki Ermənistan xeyli vaxtdır ki, Azərbaycan haqda aqressor imici formalaşdırmağa, beynəlxalq ictimaiyyətin bizi qınamasına nail olmaq istəyir. Hətta Avropa Parlamentində çıxışı zamanı Paşinyan iddia etmişdi ki, Azərbaycan Ermənistanın 5 min kvadratkilometr ərazisinə daxil olub. Halbuki nə sərhədlər dəqiqləşib, nə demarkasiya işləri aparılıb, şərti sərhəd mövcuddur. İndi isə erməni KİV-ləri ordumuzun Göyçəyə girdiyi haqda məlumatlar tirajlamaqla diqqəti cəlb etmək niyyətindədir. 

Bu mövzuda təhlilçi Asif Nərimanlı hesab edir ki, Azərbaycan Ordusunun Zod (Söyüdlü) mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Onun fikrincə, belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan Ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar: “Lakin burada bir məqam şübhələr də yaradır - Ermənistan Xarici İşlər Nazirliyi sərhəddə qoşunların "güzgü prinsipi" əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqe tutduğu strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir". 

Siyasi şərhçi hesab edir ki, İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır: “Bu baxımdan, Ermənistan XİN-in bəyanatından sonra "Azərbaycan Ordusunun Zoda daxil olması" iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər". 

Telman Qasımov ermənilərin ittihamlarına cavab verib - VİDEO

Telman Qasımov

Hərbi ekspert Telman Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, erməni mediasının ötən həftə yaydığı bu xəbər şayiə idi və daha çox baş nazir Nikol Paşinyana qarşı hesablanmış provokasiya idi. Hərbi analitik bu informasiyaların yayıldığı zamana diqqət yetirməyi zəruri bilir: “Bu xəbərlər o vaxt tirajlandı ki, xarici işlər naziri Ararat Mirzoyan qoşunların güzgü effekti ilə geri çəkilmək məsələsini qaldırmışdı. Bu şayiələri yaymaqla demək istəyirlər ki, Paşinyan sülh sənədi imzalamağa gedir, amma Azərbaycan Ordusu Ermənistana daxil olur. Çünki Ermənistan dövlət institutlarının ritorikası bundan ibarətdir ki, sülhün reallaşması mümkündür. Ancaq erməni mətbuatı yazır ki, siz sülhə qol çəkməyə gedirsiniz, Azərbaycan hərbçiləri Zoda giriblər. Yəni panikadır, xalqda, əhalidə sülhə qarşı fikir yaratmaq məqsədi daşıyır. Ona görə də təbii olaraq Ermənistan Müdafiə Nazirliyi informasiyanı təkzib etdi. Əslində biabırçılıqdır. Sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyirlər. Açığı, tez vaxtda sənədin imzalanmasını da gözləmirəm”. 

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov isə “Yeni Müsavat”a açıqlamasında bu məlumatları yayanların arxasında ciddi siyasi qüvvələrin dayandığını düşünür: “Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir. Bu cür müstəvidə gedən danışıqlar üçüncü qüvvələrin ürəyincə deyil. Kənardakı oyunçular, qarant, vasitəçi olub Cənubi Qafqazda təsir gücünü artırmaq istəyənlər bu ikitərəfli danışıqlardan narahatdırlar. Ona görə mane olmağa çalışırlar. Azərbaycan vasitəsilə bunu edə bilmirlər. Ermənistan isə həddən artıq zəifdir, kənar oyunçuların təsiri altındadır, onların siyasətini yerinə yetirirlər. Ona görə bu xəbərləri yaymaqla ikitərəfli danışıqların effektiv inkişafına əngəl olmağa cəhd edirlər”. 

“Hazırda yerüstü üsuldan yeraltı qızıl hasilatı üsuluna keçid aparılan Zod (Sotk) mədənində yoxlamalar aparılır”. Bunu Ermənistanın Təbiəti Mühafizə və Mineral Ehtiyatlar üzrə Müfəttişlik Orqanının rəhbəri Ovannes Martirosyan deyib. “Mədənin istismarında heç bir problem yoxdur, sadəcə olaraq, iş üsulu dəyişir. Məhz buna görə mədən işləmir. Başqa problemi yoxdur”, - o bildirib. Martirosyan qeyd edib ki, Azərbaycanın mədənlə bağlı hərəkətlərində heç bir problem yoxdur.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR