24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində “QS Higher Ed Summit: Europe 2026” sammiti keçirilir.
Musavat.com Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün sammitin rəsmi açılış mərasimi baş tutub.
Ali təhsilin gələcəyinə dair qlobal çağırışların və inkişaf perspektivlərinin müzakirə olunduğu sammit dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, beynəlxalq ekspertləri, qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirir.
Tədbir çərçivəsində ali təhsil müəssisələrinin strateji inkişafı, beynəlxalq reytinqlərdə mövqelərin möhkəmləndirilməsi, süni intellekt dövründə dəyişən bacarıq tələbləri, universitet-sənaye əməkdaşlığı, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlar kimi aktual mövzular müzakirə olunur.
Sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir.
Sammit Azərbaycanın ali təhsil sisteminin beynəlxalq akademik məkana inteqrasiyasının gücləndirilməsi, yerli universitetlərin beynəlxalq miqyasda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ölkənin ali təhsil potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.



Musavat.com






