Səfərimizin son günündə ilk getdiyimiz yer məşhur Düden şəlaləsi oldu. Bələdçimiz hələ yolda ikən bizə bildirir ki, bu il Antalyada yağıntılar az olduğundan Düden şəlaləsinin suyu azalıb. “Yəni, təəssüf ki, əvvəlki Düden şəlaləsini görə bilməyəcəksiniz. Amma çox gözəl və maraqlı məkandır”, - deyə bələdçimiz Məltəm xanım bildirir. Bələdçimiz həmçinin qeyd edir ki, şəlalə Kəpəz Su Elektrik Stansiyasından başlayır və mənbəyi Düdenbaşı adlanan yerdir. Aşağı Düden və Yuxarı Düden adlanan iki qoldan ibarət olan şəlalə Antalyanın mərkəzindən təxminən 10 kilometr uzaqlıqda yerləşir.
Beləliklə, avtobusumuz təxminən 20 dəqiqədən sonra Düden şəlaləsinin yerləşdiyi Düden parkına yetişir. Parkda gəzdikcə addımbaşı qarşımıza turistlər çıxır. Onların arasında pakistanlılar, özbəklər, avropalılar, ruslar da var. Şəlaləyə yaxınlaşdıqca uzaqdan Azərbaycanın məşhur “Bu qala, daşlı qala” mahnısını eşidirik. Cəld səs gələn tərəfə yön alırıq. Məlum olur ki, Azərbaycan nəğməsini ən azı bizim qədər gözəl ifa edən türk sənətçisi Feyzi Kabakçıdır. Təbii ki, qardaş ölkədə məşhur nəğməmizi eşitmək bizi çox təsirləndirir və sənətçiyə qoşularaq “Gəl, ey səhər”, “Sənə də qalmaz” mahnılarını ifa edirik. Feyzi Kabakçı jurnalist qrupumuzun çox əyləncəli olduğunu, “gördüyüm ən əyləncəli qruplar arasında ilk üçlükdəsiniz”,- deyir. Əgər siz də Düden şəlaləsinin şırıltısı altında Azərbaycan nəğmələrini eşitmək istəsəniz səhər və axşam saatlarında bura gəlib, Feyzi Kabakçını dinləyə bilərsiniz.
Bu şəlalə öz gözəlliyi ilə hər kəsi özünə cəlb edə bilir. Bələdçimiz qeyd edir ki, şəlalənin kənarında gözəl mənzərəli kiçik mağara var. Lakin təəssüf ki, vaxt məhdudiyyəti olduğundan həmin mənzərəni görmək qismətimiz olmur.
Beləliklə, çox gözəl təəssüratlarla Düden şəlaləsindən ayrılıb, məşhur “Antalya akvariumu”na tərəf yol alırıq.
Dünyanın 5-ci ən böyük akvariumu...
Antalyada turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olan “Antalya akvarium” böyüklüyünə görə dünyada 5-ci, Avropada isə 2-cidir.
Məkan bir neçə bölümdən ibarətdir. Ən maraqlı bölümlərindən biri məşhurların maketlərinin olduğu məkandır. Burada Atatürk, Eynşteyndən tutmuş, ən məşhur dünya ulduzlarının, o cümlədən Merlin Manronun, boksçu Məhəmmədəlinin, disney qəhrəmanı Harri Poterin, “Facebook”un yaradıcısı Mark Zükerberqin və digərlərinin maketləri ilə qarşılaşıb, maraqlı fotolar çəkdirə bilərsiniz.
Daha sonra ayrıca bilet alıb, akvariuma keçid edirik. Əvvəlcə sualtı tunel ilə gəzişib, dünyanın dörd bir yanından gətirilmiş balıq və köpək balıqlarını izləyirik. Mavi işıqlarla bəzədilən tuneldə insan özünü akvariumun düz ortasında, daxilində hiss edir. Yuxarıda, sağ və sol tərəfdə müxtəlif ölçülü balıqlar, köpək balıqları gəzişir. Adam elə sanır ki, əlini uzatsa ona toxuna bilər. . Buradan aldığımız təəssüratı sözlə ifadə etmək mümkün deyil. Mütləqdir ki, gedib canlı izləyəsən. Akvarium daxilində çoxlu sayda tematik akvarium var. Hər akvariumda ölçülərə uyğun balıqlar, dəniz ulduzları, ilan balıqları var. Müşahidə etdik ki, əksəriyyəti Amazon hövzəsi və Hind okeanında yaşayan canlılardır.
Akvariumu izləyirdik ki, qarşımıza azərbaycanlı ailə çıxır. Əliyevlər ailəsinin sözlərinə görə imkan düşdükdə yay mövsümündə ilk olaraq Antaliyaya üz tuturlar.
“Bəzən təkcə, bəzən isə ailəvi olaraq Antaliyaya gəlirik. Bu gün isə evin balacasını akvariuma gəzməyə gətirmişik. İlk dəfədir ki, bu cür maraqlı akvariumla qarşılaşır və böyük maraq göstərir”,- deyə ailə başçısı Mahmud bildirir.
“Antalya akvarium”nun digər bölümlərində isə geyimlər, oyuncaq və suvenirlər satılır. Məkanı gəzdikcə məlum olur ki, burada məşhur Qar dünyası, Buz muzeyi, kinoteatr mərkəzi var. Lakin pandemiya səbəbindən hələlik bu məkanların girişinə məhdudiyyət qoyulub.
Əfsanələr diyarı “The Land of Legends”...
“The Land of Legends” Antalyanın ən məşhur, bəlkə də ən birinci böyük ticarət və əyləncə mərkəzidir. İngilis dilindən “The Land of Legends” əfsanələr diyarı kimi tərcümə olunur. Həqiqətən də məkana daxil olan andan əfsanəvi şəhərciklə qarşılaşırsınız. Burada ən lüks otellər, ən müxtəlif geyim brendləri, əyləncə mərkəzləri, əyləncəli attraksionlar və sairə var. Şəhərciyin tam ortasında, məşhur otellərin qarşısında böyük dairəvi çarx görünür. Müxtəlif saatlarda əcnəbi və yerli rəqqaslar burada şoular göstərirlər.
Şəhərin ən varlıları xanımlardır, çünki...
Əfsanəvi diyarı da tərk edib, şəhəri sonuncu dəfə ziyarətə çıxırıq. Avtobusla Antalyanın küçələrini gəzişdikcə bələdçimiz qarşımıza çıxan otel və restoranlar haqqında məlumat verir. Onun sözlərinə görə gördüyümüz bütün bina və otellər, rəngarəng restoran və kafelər təxminən 20-30 il bundan əvvəl mövcud olmayıb, yəni hamısı yeni tikililərdir. Əvvəllər bunların hamısının yerində portağal və limon bağları olub. Elə indi də Antalyanın hər küçəsində xeyli sayda portağal ağaclarına rast gəlmək olur. Məltəm xanım bildirir ki, bir çox ailələr yetişən məhsulu yığmır. Çünki portağal diyarı olduğundan burada portağal çox ucuzdur və onun yığılıb satılmasından ciddi gəlir əldə olunmur.
“Antalyanın ən varlıları xanımlardır. Səbəbi bilirsinizmi nədir?”, - deyə Məltəm xanım daha bir maraqlı fakt haqqında danışır:
“Əvvəl gördüyünüz bu bina, otel və restoranların yerində sadəcə qumluq olub. Qumluq da bağ üçün məhsuldar olmadığına görə atalar bu cür yerləri qızlarına, yaşıllıq yerləri isə əkib-becərmək üçün oğlanlarına bağışlayardı. Lakin illər keçir, Antalyada turizm sektoru inkişaf edir, dünyanın dörd bir yanından bura alimlər, araşdırmaçılar, həkimlər gəlir və məlum olur ki, Antalyanın qumluğu çox faydalı, şəfalı imiş. Ta İsveçrədən bura qum üçün gələnlər var. Əgər küçələrdə qumluq altında uzanan adamlar görsəniz, təəccüblənməyin.
Beləliklə, qumlu ərazilərin sahibləri olan qadınlar torpaqlarını çox baha qiymətə satıb, varlanırlar. İndi Antalyada ən varlı olanların əksəriyyəti qadınlardır”.
Məltəm xanım antalyalıların yaşayış tərzi haqqında da kiçik məlumatlar verir. Qeyd edir ki, şəhər camaatı həftədə bir dəfə istifadə etdikləri plastik qabları toplayıb onu satır, qazanc əldə edir və yaxud vəqflərə bağışlayır:
“Məsələn, mən həftədə bir dəfə plastik qabları toplayıb xüsusi şirkətə satıram. Satış kart vasitəsi ilə aparılır. Plastik qabları təqdim edirsən və pul karta yerləşir. Bu pulu xərcləmək istəsən kartdan çıxarırsan, çıxartmadığın təqdirdə pul avtomatik olaraq tələbə qızların təhsili üçün yığılan vəqfə gedir”.
Antalya ilə bağlı daha bir maraqlı fakt, demək olar ki, daha çox 3-5 mərtəbədən ibarət olan binaların damında Günəş enerjisi ilə işləyən qurğulara rast gələcəksiniz. “Mən bu il qışda yalnız 2 dəfə su qızdırıcısını işə salmışam. Digər vaxtlarda yalnız Günəş enerjisindən istifadə edirik. Çünki Antalya ilin 300 günü günəşli olur və bu enerjini dəyərləndirməyə çalışırıq”,- deyə bələdçimiz bildirir.
Qeyri-adi, məşhur yerlərə bənzəyən otellər...
Antalya böyük kurort şəhəri olduğundan burada ən müxtəlif ölçüdə və formada otellər var. Lakin onların arasında sizi həm heyran qoyan, həm də təəcübləndirəcəkləri az deyil. Məsələn, tam kruvaziyer gəmisinin bənzəri olan “Titanik” oteli, Kreml sarayının, Topqapı sarayının bənzəri olan, Venesiya şəhərciyini xatırladan otellər və sairə.
Bələdçimiz Hasan bəy bildirir ki, adı çəkilən otellər Antalyanın ən məşhur və ən bahalı məkanlarıdır. Gecələr bu otellərdə məhz Türkiyə mətbəxi və rəqsləri təqdim olunur:
“Bu gecələrdə məşhur türk rəqslərini görə bilərsiniz. Hər rəqs bir bölgənin yaşayış və geyim tərzini əks etdirir. Məsələn, əgər rəqqasə qızların geyimləri sadəcə qırmızı və sarı rəngdən ibarətdirsə, bu o deməkdir ki, rəqs Antalya bölgəsinə məxsusdur, çünki şəhər daim günəşlidir. Karadeniz rəqsləri isə çox sürətli, geyimləri isə ağ və qara rənglərdən ibarətdir. Çünki o bölgənin havası çox soyuqdur”.
Beləliklə, 21-25 iyun tarixində Antalyada gördüyümüz təəssüratlarımız bu qədər. Bundan əvvəlki reportajlarımızı izləmək üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






