İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı turistləri səbirsizliklə gözləyən, maska cəriməsi 350 avro olan, portağalın simvola çevrildiyi Antalyadan İLK QEYDLƏR FOTO

1498 22.06.2021 08:35 Reportaj A A

Türkiyənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə iyunun 21-dən bir qrup jurnalist olaraq qardaş ölkənin ən məşhur kurort şəhərlərindən biri, Antalyada səfərdəyik. Dörd gün davam edəcək səfərimiz zamanı gördüklərimizi, təəssüratlarımızı oxucularımızla bölüşməyə çalışacağıq.

Türkiyəyə getmək üçün hazırki mövcud qaydalar hansılardır?

Əvvəlcə ondan başlayaq ki, hazırda Türkiyəyə getmək üçün hansı mövcud qaydalar tələb olunur. 

Hazırda Türkiyə bir sıra ölkələr kimi turistlərdən COVID-19 pasportu tələb etmir. Yalnız səfərdən öncə register.health.gov.tr saytına daxil olub form doldurmaq lazımdır. Daha sonra isə sərhədi keçməzdən ən geci 72 saat əvvəl edilmiş PCR testin mənfi nəticəsi tələb olunur. Bakıda PCR test nəticəsini əldə etmək üçün AZAL-ın səhfəsində yer alan klinikalara müraciət etmək olar. Klinikalarda PCR test üçün təxminən 100-120 manata başa gəlir.

Yalnız dövlət klinikalarında bu məbləğ 40 manatdır. Həmin klinikalar aşağıdakılardır:

- 1 nömrəli Şəhər Poliklinikası; 10 nömrəli Şəhər Poliklinikası; 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

PCR testi vermək üçün ilk növbədə uçuş bileti tələb olunur. Daha sonra müvafiq banka ödəniş edib, testdən keçilir. Testin cavabını bir gün sonra əldə etmək olur. Dönüşdə isə Türkiyədə testin qiyməti 200-300 TL (40-60 manat) civarındadır.

Bakı-Antalya reysinin bilet qiymətlərinə gəldikdə isə, həm AZAL-ın, həm də Türk Hava Yollarının (THY) Antalya-Bakı-Antalya reysləri var. Qiymətlər tək gedişlik 300-500 manat arasında dəyişir.

Maska taxmasan, 350 avro ödəyəcəksən

Türkiyədə son günlərdə pandemiya ilə bağlı vəziyyətdə getdikcə stabilləşmə hiss olunmaqdadır. Ölkədə gün ərzində 1 milyondan çox insan koronavirusa qarşı peyvənd olunur. Bu günə qədər təxminən 36 milyona yaxın insan vaksinasiya prosesindən keçib. Lakin bununla belə hələ də Türkiyədə maska qadağası tam ciddiyyəti ilə saxlanılır. Əgər küçədə polis sizi maskasız saxlayarsa, bu zaman 350 avro cərimə oluna bilərsiniz. Yəni, turist olmağınız sizi bu cərimədən azad edə bilməyəcək. Polis həm bağlı məkanda, həm də küçədə maskanın qaydasında istifadə olunmasına nəzarət edir.

Beləliklə, Avropanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda karantin qaydalarında bir sıra məhdudiyyətlər qaldırılsa da, hələlik qardaş Türkiyə bu məsələdə tələsməmək siyasətini yürüdür. Məsələn, Antalyada axşam saat 10-dan sonra küçəyə çıxmaq qadağası var. Əgər hansısa turist bu saatda küçədə olarsa, açıq halda heç bir iaşə obyektinə, kafe və restorana rast gələ bilməyəcək. Həmçinin bazar günləri yerli vətəndaşların küçəyə çıxmaq, dənizə getmək icazəsi yoxdur. Lakin turistlər üçün bu qadağa keçərsizdir.

Əfsanəvi Antalya...

Antalya Türkiyənin cənubunda, Aralıq dənizi qərb sahillərində yerləşən ən məşhur kurort şəhəridir. Şəhər dəniz səviyyəsindən 30 m yuxarıda yerləşir. Dəniz sahilinə getmək üçün dolanbac küçə və yaxud yollarla aşağı enmək lazəm gəlir.

Turistləri bura cəlb edən şəhərin qədim tarixi abidələri, valehedici şəlalələri, mavi dənizi, məşhur çimərlikləridir.

Səfərimiz zamanı bütün bu məkanlardan reportajlar təqdim edəcəyik.

Antalyada olduğumuz ilk gündə havanın temperaturu təxminən 25-27 dərəcə arasında idi. Yəni gözlədiyimiz qızmar günəş havası ilə qarşılaşmadıq. Adətən yay mövsümündə Antalyada digər şəhərlərdən fərqli olaraq daha isti hava müşahidə olunur. Lakin bələdçimizin dediyinə görə bu il  iyun ayı girəndən Antalyada temperatur orta hesabla 20-28 dərəcə olur. Proqnozlara görə yaxın günlərdə havanın temperaturu 36-38 dərəcəyə qədər qalxacaq.

Acı meyvədən hazırlanan məşhur şirin mürəbbə

Azərbaycanlı jurnalistlərə bələdçilik edən Məltəm xanım ilk görüşümüzdə qısaca da olsa Antalya haqqında məlumatlar verib, onu bizə daha yaxından tanıtmağa çalışır. Məltəm xanım bildirir ki, şəhərdə ən çox portağal və limon yetişdirilir. Hansı ki, Türkiyədə istehsal edilən portağalın 23 faizi Antalyanın payına düşür.

Bələdçimiz yeni binaları göstərərək deyir: "20 il əvvəl gördüyünüz bu binaların yerində böyük portağal bağları var idi. Lakin sonradan həmin bağların yerində küçələr salınıb, evlər tikilib. Portağal artıq bu şəhərin bir simvoluna çevrilib.  "Antalya Qızıl Portağal Film Festivalı"nın keçirilməsi məhz bunun şərəfinədir".

Sən demə, portağal və limondan da mürəbbə hazırlanırmış. Məltəm xanımın sözlərinə görə ən dadlı mürəbbə isə türkiyəlilərin turunc adlandırdıqları acı narıncı meyvəsindən hazırlanır. Adi halda bu meyvə çox da yeyilmir, çünki acıdır. Amma şirin mürəbbəsi süfrələrin bəzəyi olur. Bundan başqa Antalyada qoz, badımcan və qarpızdan da mürəbbələr hazırlanır.

Rus turistləri yenə də axın edəcək, amma...

Bu gündən, yəni 22 iyindan etibarən Rusiya ilə bütün uçuşları bərpa edir. Beləliklə, bu gün Antalya üçün böyük günlərdən biridir. Uzun müddət idi ki, kurort şəhəri rusiyalı turistləri böyük səbirsizliklə gözləyirdi. Bu il təxminən 7 milyon rusiyalı turist Türkiyəyə istirahətə gələcək. Bu barədə bir neçə gün öncə Rusiya Turizm Sənayesi Birliyinin prezidenti Andrey İqnatiyev açıqlamasında bildirmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə mövcud olan epidemioloji vəziyyət ilə bağlı Rusiya prezidenti Putin öz vətəndaşlarını Türkiyədə istirahət etməkdən çəkinməyə çağırış etmiş və Türkiyə ilə müntəzəm və çarter uçuşları aprelin 15-dən iyunun 1-nə kimi dayandırılmışdı. Daha sonra bu qadağa iyunun 21-nə kimi uzadılmışdı. Nəticədə ən çox rusların üz tutduğu Antalya böyük turist qismini itirmişdi. Ümumiyyətlə, hər zaman Türkiyəyə üz tutan turistlərin böyük əksəriyyətini ruslar təşkil edib.

Bələdçimiz Məltəm xanım deyir ki, rus turistləri gəlişi ilə Antalya turizm sektorunda yenidən canlanma yaranacaq: "Əlbəttə ki, turist gəlirsə deməli otellər aktiv işləyəcək, bu sektorda çalışan ən müxtəlif peşə sahibləri   evinə çörəkpulu aparacaq. Buna görə də rusiyalı turistlərin gəlişini səbirsizliklə gözləyirdik".

Rəsmi məlumata görə təkcə ötən son bir həftə ərzində Antaliyaya 120 min turist gəlib. Təbii ki, yoluxma hallarının azalması və peyvəndləmənin sürətlənməsi öz müsbət təsirini göstərir. Ölkəyə gələn Almaniya, Ukrayna və Polşadan gələn turistlərin sayı artıb.

"Yəqin ki, siz də rusiyalı turistlərin gəlişini səbirsizliklə gözləyirdiniz", deyə bir taksi sürücüsünün fikrini öyrənməyə çalışırdım ki, aldığım cavab məni bir qədər təəccübləndirir.

"Ən çox pul xərcləyən turistlər almanlar, ingilislər və ərəblər olur. Rusiyalı turistlər isə oteldən heç çıxırlar ki? Ona görə də sözün düzü, rusiyalı turistlərin yenidən gəlib-gəlməyəcəyi ilə maraqlanmıram", - taksi sürücüsü bildirir.

Hər zaman dünyanın dörd bir yanından turist qəbul edən Antaliya ötən il cəmi 3,5 milyon turist ilə mövsümü başa vurmuşdu. Bu il isə Antalya 40 ölkədən 8 milyon turist gözləyir.

Nostalji tramvay...

Antalyanın küçələrini gəzişdikcə nostalji hisslərə qapılırsan. Şəhərin ictimai nəqliyyatında metro və avtobuslarla yanaşı müasir və nostalji tramvaylar da işləyir.

Burada avtobus bileti 3,5 tl olsa da şəhər mərkəzini tramvay ilə gəzişmək istəsəniz 4 tl ödəyəcəksiniz.

Beləliklə, səfərimizin ilk gününə olan təəssüratlarımız bu qədər. Bu gün isə bizi qədim abidələri olan Perqe, əfsanəfi Düden şəlalələri, dövlərin yadigarı Kaleiçi gəzintisi gözləyir. Təəssüratlarımız tezliklə...

Xalidə Gəray
Fotolar müəllifindir
Bakı-Antalya
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR