İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin 300 günü günəşli, dəniz qoxulu olan antik dünyasının nadir şəhəri Antalya- Reportaj, FOTOLAR

1865 23.06.2021 15:02 Reportaj A A



Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalist turizm paytaxtı hesab olunan Antalyada səfərdədir.

Onların arasında “Yeni Müsavat”ın əməkdaşı da var. Əməkdaşımızın Antalyadan hazırladığı reportajı təqdim edirik:

21-25 iyun tarixini əhatə edəcək səfərimizin 2-ci günü özəl bir günə təsadüf etdi. Belə ki, 22 iyundan etibarən Türkiyədə qismən də olsa məhdudiyyət aradan qaldırıldı, kafe və restoranların, həmçinin digər iaşə obyektlərinin fəaliyyəti axşam saat 00:00-a qədər  bərpa edildi. İkincisi isə - Türkiyə, o cümlədən turizm mərkəzi olan Antalya nəhayət ki, aylardan sonra rus turistlərini qəbul etməyə başladı.

Türkiyə mediasının yazdığına görə ilk olaraq 132 rus turistin olduğu təyyarə Antalya aeroportuna eniş edib. Ümumilikdə isə gün ərzində 12 mindən çox rus turist gəlib. Bununla da Antalya yenidən turizm sektorunu canlandırmağa, əvvəlki vəziyyətini qismən də olsa bərpa etməyə başlayır.

İlin 300 günü günəşli, qışda  belə 30 dərəcə isti olan türk şəhəri

Səyahətimizin ikinci günü ilk olaraq bələdçimiz Hasan bəy Antalya haqqında bizə ətraflı məlumat verir. Onun sözlərinə görə Antalyanın əhalisi 2 milyondan çoxdur.  Türkiyədə əhalisinin ən sıx olduğu beşinci şəhərdir. Tarixi mənbələrdən məlum olub ki, miladdan öncə də bu şəhərdə əhalinin sayı 2 milyon olub. Bu barədə xeyli sayda tarixi faktlar var.

Türkiyənin turizm paytaxtı hesab edilən bu şəhərin əhalisi ötən əsrin 80-ci illərinə qədər sadəcə ticarət və kənd təsərrüfatı ilə məşğul olub. Lakin ölkənin 8-ci prezidenti olmuş mərhum Turqut Özalın dövründə uğurlu turizm siyasəti yürüdülməyə başlayıb. Xeyli sayda xarici investisiyalar qoyulur, müxtəlif şirkətlər, iş adamları bura cəlb edilir və nəticədə əlverişli iqlimi, özünəməxsus arxitekturası, tarixi abidələri ilə böyük turizm mərkəzinə çevrilməyə başlayıb.

Adətən ildə 13 milyon turist qəbul edən Antalya ötən il pandemiya səbəbindən cəmi 3 milyon turist qarşılayıb. Belə ki, bir çox ölkələrdə olduğu kimi Türkiyədə də ötən ilin mart ayında turizm mərkəzləri bağlanmışdı. Yalnız avqust ayında cəmi 3 aylıq açılış edən Antalyanın turizm sektoru 3 milyon turisti qəbul edə bilmişdi.

Səfər zamanı Antalyaya qonaq gələn rus turist ailəsi ilə danışmaq fürsətimiz oldu. Rita adlı rus əsilli xanım uzun illərdir ki, Antalyada yaşadığını və ötən gün qonaq gələn qohumları ilə gəzintiyə çıxdığını bildirdi:

"Mən artıq uzun illərdir ki, Antalyada yaşayıram. Antalyanın gözəlliyini gördükdən sonra burada qalmaq qərarına gəldim. Həyat yoldaşım türkdür.
Ötən gün qohumlarımız Antalyaya gəldi. Adətən hər il bura istirahətə gəlirlər. Doğrudur, Türkiyənin bir çox şəhərlərində olublar, amma daha çox bu şəhəri seçirlər".



Ritanın yeniyetmə qohumu Alina da Antalyanı çox sevdiyini dedi: "Ən çox günəşi, dənizi sevirəm. Buranın havası çox gözəldir".

Antalyada səfərdə olan özbək həmkarlarımın da fikrini öyrənməyə çalışdım. Cəsur, Cahangir və Suxrobjon Özbəkistandan gəlmiş jurnalistlərdir. Suvrobjon deyir ki, bundan əvvəl bir neçə dəfə Antalyaya istirahətə gəlib:



"Bura antik dünyanın nadir şəhərlərindən biridir. Məsələn, 2 minlik tarixi abidələri var və onları çox gözəl şəkildə qoruyub saxlayırlar. Özbəkistanda da 2 minlik tarixə malik abidələr var. Amma burdakı kimi yüksək səviyyədə deyil. Antalyanın yolları, tarlaları da çox gözəldir. Havası isə valehedicidir. Məncə, yaşamaq üçün ən gözəl şəhərdir".



Cahangir isə Antalyada ilk dəfədir. "Ilk dəfədir ki, bu şəhərdəyəm. Antalya çox xoşuma gəldi. Düşünürəm ki, tezliklə ailəm ilə birgə yenidən bura gəlim. Doğrudur, bir çox kurort şəhərlər var, amma hamısına ailə ilə birgə getmək uyğun olmur. Antalya isə bu baxımdan çox uyğundur", -deyə Cahangir bildirir. Cəsur da xüsusilə antik abidələri çox sevdiyini, şəhərdən böyük zövq aldığını deyir.

Hasan bəy Antalyanın iqlimi haqqında çox maraqlı məlumatlar verir. O qeyd edir ki, Antalyada ilin təxminən 300 günü günəşli olur. Hətta bəzən qışın oğlan çağında burada temperatur 30 dərəcəyə qədər qalxa bilir. Bu səbəbdən Aralıq dənizinin suyu həmişə isti olur və çimərlik mövsümü hələ mart ayından başlayır, noyabr ayına qədər davam edir.



Qış mövsümündə də Antalyada turist qaynayır. Hasan bəyin dediyinə görə həmin mövsümdə daha çox futbolçu və idmançılar, qolf sevərlər bura üz tutur. Şəhərdə təxminən 52 qolf mərkəzi var.

Çimərliklərə gəldikdə, Hasan bəy bildirir ki, ümumilikdə Aralıq dənizinin 300 ķm sahili çimərliklərdir ki, onun da 15 kilometri Antalyanın payına düşür. Antalyada çimərliklərin 80 faizi dövlətə digər 20 faizi isə imkanlı ailələrə məxsusdur.

Bundan əvvəl qeyd etdiyimiz kimi Antalya dəniz səviyyəsindən 30 m yüksəklikdə yerləşir. Dənizkənarı sahili gəzmək üçün xeyli aşağı enmək lazım gəlir. Bunu asanlaşdırmaq üçün xüsusi liftlər quraşdırılıb. Əksəriyyət şəhərin gözəlliyindən həzz almaq üçün məhz dənizkənarı parklara gəlir. Burada kafe və restoranlarda ən müxtəlif dəniz məhsullarından hazırlanmış nəfis yeməklərdən dadıb, böyük gəmi və ya təkadamlıq kiçik qayıqlarla gəzintiyə çıxıb, möhtəşəm istirahət saatları keçirmək olur.

Dövrlərin yadigarı Kaleiçi...

Antalyanın ən məşhur, gəzməli-görməli yerlərindən biri dövlərin yadigarı Kaleiçidir. Ola bilsin ki, Kaleiçi digər xarici turistlər üçün qeyri-adi təəssürat bağışlasın. Lakin azərbaycanlı jurnalistlər olaraq, onun küçələrini gəzdikcə bir doğmalıq duyğusu yaşayıb, pıçıldaşırıq: "İkinci İçərişəhər..." Həqiqətən də Kaleiçi bizim İçərişəhərin sanki əkiz qardaşıdır - antik və suvenir əşyalar, əl işləri, geyimlər satılan kiçik mağazalar, daş döşəmə, qədim evlər...

Burada da müxtəlif dəniz məhsullarından mətbəxi olan restoranlar var. Restoranların girişində yerləşdirilən soyuducu vitrinlərdə yeməklərin hansı dəniz məhsullarından hazırlandığı nümayiş olunur.

Kaleiçində yerləşən Yivli minarəsi Antalyanın simvolu hesab olunur. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Həmçinin burada əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları var.



Bələdçimiz Məltəm xanım qədimdən bu günə qədər öz gözəlliyini qoruyub saxlamış Kaleiçi haqqında ağızdolusu danışır. Qeyd edir ki, Kaleçinin tarixi mədəniyyəti bu günə yüksək səviyyədə qorunub saxlanılır. Burada Roma, Bizans, Səlcuq və Osmanlı dövrlərinə aid qədim tarixi abidələr var.

Buradakı qədim evləri isə bir çox imkanlı şəxslər alıb, quruluşuna heç bir xələl gətirmədən üzərində bəzi kosmetik işlər aparıb, oranı mehmanxana və otellərə və yaxud restoranlara çevirir. Turistlər də elə ən çox Kaleiçini gəzməyi sevir.

Kaleiçini gəzişdikcə toplum və fərdi şəkildə rus turistləri ilə qarşılaşırıq. Daim rus turistlərini qarşılayan otel və mağaza işçiləri, dondurmaçılar artıq bəzi rus kəlmələrini əzbərləyiblər. Dondurmaçı "marojna" deyib alıcılarını çağırır, otel və restoran işçiləri "zdrastvuyte, xoroşoe dnya" sözlərindən istifadə edib, turistləri cəlb etməyə çalışırlar.

Cümhuriyyət meydanı, dəfələrlə dağıdılmaq təhlükəsi ilə üzləşən Atatürk kompozisiyası

Şəhərin mərkəzində Atatürk heykəli kompozisiyasının yerləşdiyi Cümhuriyyət Meydanı yerləşir. Bələdçimiz Məltəm xanım deyir ki, kompozisiya dəfələrlə dağıdılmaq təhlükəsi ilə üzləşib. Səbəb kompozisiyada gənclərin çılpaq şəkildə əks olunmasıdır. Kompozisiyanın verdiyi mesaj isə belədir: "Biz çətin yollardan keçib, bugünkü çağdaş bir ölkə yaratdıq".

Kaleiçinə enmək üçün meydanın sağ tərəfində lift və pilləkənlər var...

Qeyd edək ki, növbəti reportajımızda Antalyanın tarixi yerləri barədə reportaj təqdim edəcəyik.


Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR