Azərbaycan mediasının bir qrup jurnalisti kimi Türkiyə səfirliyinin təşkilatçılığı ilə qardaş ölkənin məşhur kurort şəhəri olan Antalyada 4 gün keçirsək də, şəhərin ən gözəl yerlərini görmək imkanını əldən vermədik.
Gördüyümüz və böyük təəssüratlar yaşadığımız bölgələrdən biri də qədim Side oldu.
Antalyanın digər bölgələrindən fərqli olaraq mərkəzdən Sideyə nisbətən tez yetişdik. Səbəb isə Sidenin mərkəzdən cəmi 7 km məsafədə yerləşməsidir.
Qeyd edək ki, Side qədim Yunanıstan dövründə inşa edilmiş şəhərdir. Bura demək olar ki, Antalyanın kurort mərkəzlərindən biridir. Sideyə yetişdikdən sonra turistləri daşıyan xüsusi marşrutla onun qədim abidələrlə dolu küçələrindən keçirik. Bələdçimiz Məltəm xanım qarşımıza çıxan hər bir abidə haqda maraqlı faktları danışır. Qeyd edir ki, Side yunan dilində “nar” deməkdir. Beləliklə təxminən eramızdan əvvəl VII-ci əsrdə yaradılan şəhər narın, ruzi-bərəkətin simvolu hesab edilirdi.
Side də ən azı Perqe qədər qədim tarixə malikdir. Onun da məşhur Apollon məbədi, Vespasianın qapısı, amfiteatrı var.
Başlayaq Vespasianın qapısından. Sidenin girişində bu qapılarla rastlaşırıq. Bizə məlumat verilir ki, qapı 1-ci əsrdə Roma hökmdarı Vespasianın şərəfinə tikilib. Lakin digər abidələr kimi bu abidə də zəlzələr nəticəsində xarabalığa çevrilib. Amma onun xarabalığı belə möhtəşəmdir. Sanki hər qalığı öz dövrünün hadisələrini, əfsanələrini pıçıldayır, izah edir.
Bəzi küçələrdə ayaqlarımızın altında qədim şəhərin qalıqlarını görə bilirdik. Təsəvvür edin, küçə ilə keçirsiniz və şüşə üzərindən ayağınızın altında olan qədim şəhərin qalıqlarını izləyirsiniz.
Bələdçimiz Məltəm xanım bildirir ki, Antalyanın ən romantik axşamları məhz Sidedə, Aralıq dənizinin buradakı sahillərində yaşanır. Bu zaman məşhur "Akdəniz axşamları" mahnısı qulağımda səslənir. Doğrusu, Sidedə yalnız günorta çağı olduq və onun romantik axşamını görmək qismətimiz olmadı, amma bir-iki mərtəbəli müasir evlərini, sahilini, sahil boyu düzülən məşhur kafe və restoranlarını, əyləncə məkanlarını gördükdə axşamlar onların gecəyə necə rəng qatdığını göz önündə canlandırmaq çətin deyildi.
Küçələrdən sahilə doğru yön aldıqca qarşımıza xeyli sayda turistlər çıxır və əlbəttə ki, onların böyük əksəriyyəti ruslardır. Buna görə satıcılar müştərilərini daha çox rusca çağırırlar. Bizim Azərbaycandan gəldiyimizi bilincə isə, "Azərbaycan bizim üçün can Azərbaycandır, xoş gəlmisiniz", -deyib, qarşılayırlar.
Restoran və kafelərdə Aralıq dənizinin ən dadlı balıq və balıq məhsularından hazırlanmış yeməkləri dada bilərsiniz.
Sahilə doğru irəlilədikcə qarşımıza məşhur Apollon məbədi çıxır. Sideyə gedən hər kəsin mütləq bu məbədlə fotosu var. Məlumata görə məbəd qədim Günəş tanrısı Apollonun şərəfinə tikilib. Məbəd bir neçə ilə inşa edilib və zamanında mərmər sütunla bəzədilib. Əvvəlcə düzbucaqlı formada olan məbəddən indi yalnız bir neçə sütun qalığı dövrümüzə gəlib çıxıb.
Sidenin ən məşhur görməli yerlərindən biri də onun amfiteatrıdır. Bu teatr digərləri qədər böyük olmasa da öz qədimliyi ilə diqqəti cəlb edir. Bələdçimiz qeyd edir ki, bu abidə də Roma imperatorluğunun dövründə, eramızdan əvvəl 2-ci əsrdə tikilib. Zamanında bu teatrın da stadionunda qladiator döyüşləri, müxtəlif idman oyunları keçirilib. Kiçik olmasına baxmayaraq, 15 mindən çox tamaşaçı oyunları izləyə bilib.
Çimərliklər
Antalyada çox qısa zaman çərçivəsində səfərdə olduğumuzdan təəssüf ki, kurort şəhərinin çimərlikləri ilə daha yaxından tanış ola bilmədik. Lakin gördüyümüz təəssüratlar belədir:
- Aralıq dənizi. Suyu ekoloji baxımından təmiz, dupduru, gözlərimizi alışdıracaq qədər duzlu. Bütün çimərlikləri, hətta otel ətrafında olanlar belə pulsuzdur, girişi sərbəst, ərazisi təmizdir.
Qeyd edək ki, Aralıq dənizinin 300 ķm sahili çimərliklərdir ki, onun da 15 kilometri Antalyanın payına düşür. Antalyada çimərliklərin 80 faizi dövlətə digər 20 faizi isə imkanlı ailələrə məxsusdur. İmkanlı şəxslər, xüsusən də ankaralılar Antalyada dənizə yaxın məkanlarda özlərinə villa alır, bütün yay istirahətlərini demək olar ki, burada keçirməyə çalışırlar.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
Romantik "Akdəniz axşamları"nın yaşandığı, Roma imperatorluğundan qalma Sidedə "Can Azərbaycan!" nidası - Reportaj, Fotolar






