Bir qrup jurnalist olaraq Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 21-25 iyun tarixində Antalya səfərimizdən olan təəssüratlarımızı bölüşməkdə davam edirik. Bundan əvvəlki reportajlarda Antalyanın Kaleiçi bölgəsindən, məşhur Cümhuriyyət Meydanından, şəhərin qeyri-adi iqlimindən, böyük turizm mərkəzi olmasından bəhs etmişdik. Bu dəfə isə Antalyanın ən azı 2 min illik tarixə malik əfsanəvi Perqesindən, Aspendons adlanan antik teatrından söz açacağıq.
Perqe...
Perqe antik şəhəri Antalyanın 18 km şərqində, Aksu bölgəsində yerləşir. Şəhər mərkəzindən Perqeyə avtomobillə təxminən 30-40 dəqiqəyə çatmaq olur. Bələdçimiz Məltəm xanım hələ ziyarətə çıxmazdan öncə,- "şlyapalarınız varsa, mütləq götürün",- deyə tövsiyə edir. Gəlib məkana çatdıqda bu tövsiyənin elə-belə deyilmədiyini görürük. Qızmar Günəş bizi tez-tez kölgəliyə çəkilməyə vadar edir. Əgər şlyapa və ya çətir götürməmisinizsə, narahatçılığa dəyməz, Perqe antik şəhər muzeyinin girişində əl işlərinin satıldığı kiçik yarmarka var. Burada türk qadınlarının öz əlləri ilə hazırladıqları şlyapa və yüngül yay geyimləri, müxtəlif bjüteriyalar, suvenirlər satılır. Satıcılar öz əl işləri olduğundan razılaşıb, kifayət qədər endirim də edirlər.

Antik şəhər muzeyinə giriş biletinin qiyməti həm yerli vətəndaşlar, həm də turistlər üçün eynidir - 60 lirə (təxminən 11,8 manat). Əgər muzeyə 300 dəfədən çox giriş etmisinizsə bilet qiymətini xüsusi endirim kartı ilə 30 lirəyə (təxminən 5,9 manat) almaq olar.
Bələdçimiz Məltəm xanım muzey haqqında məlumat verməzdən əvvəl bir daha Antalyanın qədim tarixi haqda danışır. O qeyd edir ki, Antalyanın qədim tarixi eramızdan əvvəl bir neçə min illiyə dayanır. Belə rəvayət olunur ki, kral II Attalos əsgərlərinə ona yer üzünün cənnətini tapmağı tapşırır. Əsgərlər uzun zaman ən gözəl yeri axtarırlar və sonda indiki Antalya ərazisini bəyənərək, krala cənnəti tapdıqlarını bildirirlər. Kralın əmri ilə şəhərdə liman qurulur və Attalosun şərəfinə "Ataleia" adlandırılır. Antalyanın adı qədim ərəb mənbələrində "Antaliye", türk mənbələrində isə "Adalya" olaraq keçir. Şəhər XX əsrdən başlayaraq Antalya adlanır.
Perqenin tarixinə gəldikdə isə, antik şəhərin tarixi haqda araşdırmalar bu gün də aparılır. Perqeyə giriş Hellenistik qapılarından başlayır, hansı ki, çox sayda zəlzələlərin nəticəsində dağılıb. Qapılardan girdikdə sağ tərəfdə Agora, yəni xarabalığa çevrilən bazar meydanı, sol tərəfdə isə hamamlar, daha sonra antik teatr, qladiator döyüşlərinin keçirildiyi stadion, kolonnadlı küçə yerləşir.
Başlayaq Agoradan. Zəlzələlər nəticəsində Agora bazar meydanı tamamilə xarabalığa çevrilib. Yalnız hansısa sütun və daş qalıqlarından burada olan dükanların yerini müəyyən etmək olur. Meydanın tam ortasında dairəvi məbəd yerləşir. Bələdçimiz bildirir ki, zamanında həmin məbədə qurbanlar verilərmiş, bol ruzi-bərəkətə çatmaq üçün. Balıq qoxusu bazara yayılmasın deyə, balıqçılar yalnız bu məbədin ətrafına toplaşarmış.

Agoranın qarşısında kolonnadlı küçə və məşhur bulağın qalıqları yerləşir, hansı ki, hər ikisi Roma imperatoru Hadrianın dövründə salınıb. Tarixi mənbələrə görə bulaq dövrünün varlıq bir qadını tərəfindən salınıb. Bulağın suyu hündür təpələrin ətəyindən keçib gəlib və küçəyə həm xüsusi gözəllik, həm də isti havada sərinlik gətirirmiş. Mənbələrin yazdığına görə bu bulağı çəkdirməyinin şərəfinə həmin qadına böyük vəzifə verilib.
Bələdçimiz qeyd edir ki, zamanında kolonnadlı küçədə yalnız varlılar yaşayıb. Onlar məhz şəhərin bu hissəsində dəfn olunublar. Arxeoloji qazıntılar zamanı uzunluğu 3 metrəyə qədər qəbirlər aşkar edilib. Qəbirlərin müxtəlif böyüklükdə olması orada dəfn edilən insanların bir o qədər çox varlı olmasından xəbər verir. Məlum olduğu kimi qədimdə varlı insanlar öz cah-calal ilə dəfn edilirdi. Bu səbəbdən buradakı məzarlıqlar da bir neçə dəfə soyulub. Bələdçimizin sözlərinə görə hələ də bu torpağın altında xeyli sayda aşkar edilməmiş xəzinələr yatır.
Arxada isə roma hamamları yerləşir. Hamamların birində soyuq, digərində isə isti su axıb. Adətən soyuq hamama qladiatorlar döyüşlərdən sonra sərinlənməyə, isti hamama isə varlılar yuyunmağa, daha çox isə söhbətləşməyə yığılarmış.
İsti hamamın divarları və döşəməsi mərmərlərlə örtülü olub. Həmin mərmərlərin qalıqları və izləri bu günə qədər gəlib çatıb. Burada çox düşünülmüş şəkildə istilik sistemi yaradılıb. Əvvəlcə su qızdırılır, daha sonra isə mərmərdən olan divar və döşəmə boşluqları ilə ötürülürdü.
Antik yunan-roma teatr və stadion isə şəhər divarlarının kənarında yerləşir. Teatr 2-ci yüzillikdə inşa edilib və təxminən 15 min tamaşaçı üçün nəzərdə tutulub. Zamanında burada tanrıların və imperatorların heykəlləri olub. Lakin hazırda onların yalnız bəzi qalıqları gözə dəyir. Bələdçimiz antik teatrın qapısı haqda ilginc fakt haqda danışır. Bildirir ki, qapının üstündəki xüsusi işarələnmiş yerində iki daş götürülərsə, bütün divar dağıla bilər.
Qədim stadionda isə 12 mindən çox tamaşaçı oyunları izləyə bilirmiş. Stadionu gəzişdikcə, Hollivud filmlərində gördüyümüz qladiator döyüşləri, at arabaları yarışları, döyüş səhnələri, səhnəyə çıxan vəhşi heyvanlar göz önündə canlanır. Stadionların kənarlarında döyüşçülərin və vəhşi heyvanların giriş qapıları hələ də qalır.
Əfsanəvi Aspendos teatrı
Perqe qədim şəhərindən sonra əfsanəvi Aspendos teatrına üz tutduq. Müasir Antalya şəhərinin 40 km şərqində yerləşən teatr Türkiyənin simvollarından birinə çevrilib və turistlərin ən çox görmək istədikləri qədim abidələrdən biridir. Perge kimi bu abidəyə də giriş 60 lirədir.
Aspendosun yaranma tarixi haqqında çox sayda əfsanələr var. Rəvayətə görə Aspendos kralı vəd edir ki, kim şəhər üçün faydalı iş görsə, qızını ona ərə verəcək. Bütün şəhər əhli ən müxtəlif icadlarını nümayiş etdirirlər. Sənətkar olan əkiz qardaşlar isə kral qızı ilə evlənmək üçün daha fərqli işlər görməyə çalışır. Qardaşlardan biri şəhərə dağlardan gələn su kəməri çəkdirir, hansı ki, həmin su kəmərlərinin izləri bu günə qədər qalır. Digər isə qeyri-adi, əsrlər boyu öz akustikası ilə hər kəsi heyran qoyan teatr tikir. Kral su kəməri çəkdirən qardaşın işini çox bəyənir, çünki şəhər camaatının suya böyük ehtiyacı var idi. Beləliklə, kral teatra o qədər də maraq göstərmir. Lakin teatrı yaradan qardaş nə olursa-olsun sevdiyi kral qızına qovuşmaq istəyir. Buna görə də kralın diqqətini çəkməyə çalışır və "kral qızını mənə verəcək", sözlərini bir neçə dəfə pıçıltı ilə deyir. Teatrın səhnə akustikası elə qurulub ki, həqiqətən ən yuxarı hissəsində olsanız belə, aşağıda yavaş səslə deyilən bütün sözləri aydın eşitmək olur. Teatrın yuxarı hissəsində dayanan kral pıçıltını tam eşidir və qardaşın işinə heyran qalır. Buna görə də o, qızını hansı qardaşa verməkdə çətinlik çəkir və qılıncı ilə qızını ikiyə bölərək, hər hissəsini bir qardaşa verir. Təbii ki, Məltəm xanımın dediyi kimi, bu, bir əfsanədir.
Teatr məşhur musiqiçi və vokalçılarının möhtəşəm konsertlərinə, beynəlxalq opera və balet festivallarına şahidlik edib. Məsələn, Dalida ən son konsertini məhz bu teatrda təqdim edib.
Onu da qeyd edək ki, teatrı eyni vaxtda 17 min tamaşaçı izləyə bilir.
Bir sözlə, Aspendons antik teatrını ziyarət edib, antik dövrün nəfəsini duyub, özünüzü 2-3-cü yüzillikdə, hiss edəcəksiniz.
Çox sevindirici haldır ki, qardaş Türkiyə öz qədim və tarixi abidələrini kifayət qədər yüksək səviyyədə qoruyub-saxlamağı, eyni zamanda onu təqdim və təbliğ etməyi çox yaxşı bacarır.
Növbəti reportajda Antalyanın qədim və kurort bölgəsi Sidedən, məşhur çimərlik və qeyri-adi otellərindən bəhs edəcəyik.
Xalidə Gəray
Fotolar müəllifindir
Antalya
Müsavat.com






