İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İsrail müttəfiqliyi daha da güclənəcək - rəy

613 23.05.2023 09:28 Siyasət A A

İsrail prezidenti Azərbaycana gəlir; politoloq: “Hər iki dövlət ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-biriləri üçün əsas regional oyunçulara çevrilib”

İsrail Prezidenti İshaq Hersoq mayın 30-31-də Azərbaycana səfər edəcək. Məlumata görə, onu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edəcək. Azərbaycanın İsraildə səfirlik açmasından sonra Prezident İshaq Hersoqun böyük bir heyətlə Azərbaycana səfər etməsi çox böyük hadisə olacaq. Bu hadisə iki ölkə arasında dostluq-müttəfiqlik münasibətlərində daha bir uğurlu səhifənin açılacağına şübhə yeri qoymur.

Azərbaycanın İsraillə dostluq münasibətləri ölkəmizin xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prinsipinə əsaslanır. Eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin tarixi bağları mövcuddur. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıb. Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir. İsrail Azərbaycanla, Azərbaycan isə İsraillə tərəfdaşlıq, dostluq münasibətlərində daim maraqlı olub. İsrail-Azərbaycan əlaqələri 31 ildə yüksələn xətt üzrə inkişaf edib. Əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dərinləşib. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri  yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətlər arasında ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələlərini, enerji ticarəti, iqtisadi əlaqələri, mədəniyyət və təhsil sahələrini əhatə edir. Azərbaycanla İran arasında müdafiə sənayesi sahəsində çox səmərəli əməkdaşlıq uzun müddətdir qurulub. İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Azərbaycanın İsraildən indiyə qədər təxminən 5 milyard dollar dəyərində silah və hərbi texnika aldığı artıq xeyli öncə rəsmi açıqlanıb.

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bu barədə açıqlmasında bildirdi ki, İsraillə Azərbaycan arasında olan münasibətlərdə ən önəmli faktorlardan biri Azərbaycanda yəhudilərin çox tolerant bir mühitdə digər etnik azlıqlar kimi harmoniya şəraitində yaşamasıdır. İsraillə-Azərbaycanı bu baxımdan çox sıx tarixi tellər bağlayır: “Azərbaycanın İsraildə səfirlik açmasından sonra prezident İshaq Hersoqun mayın sonunda Azərbaycana səfər etməsi çox böyük bir hadisədir. Çünki İsrail Azərbaycan üçün strateji tərəfdaş dövlətdir. Hərbi, texniki sahədə çox yaxşı münasibətlərimiz formalaşıb. Vətən müharibəsində İsrail istehsalı olan silah-sursat, texnika, pilotsuz uçuş aparatları, hava sistemindən müdafiə sistemləri özünü ən yüksək səviyyədə göstərdi. İsrail silahları Vətən müharibəsində qələbə əldə etməyimizdə mühüm rol oynadı.

Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-biriləri üçün əsas regional oyunçulara çevriliblər. Yeni iqtisadi, biznes və ticari əlaqələr qurulub. Azərbaycan-İsrail tərəfdaşlığında təhlükəsizlik məsələləri də ön sırada gəlir. Səfirliyimizin fəaliyyətə başlaması bütün qeyd olunan sahələrdə əməkdaşlığımıza töhfələr verir. Azərbaycan-İsrail münasibətləri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun müddət əvvəl formalaşmış “yaxınlıq” mərhələsini keçib və yaxın dostluq, hətta qardaşlıq səviyyəsinə qədər yüksəlib, tarixi sınaqlardan çıxıb.

İki ölkə arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat və enerji sahəsində olan münasibətlər yüksək qiymətləndirilir və böyük əhəmiyyət kəsb edir. Azərbaycan İsrailin neftə olan tələbatının əhəmiyyətli hissəsini ödəyir.

Həmçinin biz İsrailin Yaxın Şərqdə apardığı siyasətə də nəzər salırıq. Bu gün İsrail Ərəb dövlətləri və Türkiyə də daxil olmaqla, münasibətlərin formalaşmasının tərəfdarıdır. Eyni zamanda Azərbaycan da İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılmasının hər zaman tərəfdarı olmasını bildirib. Artıq İsrail-Türkiyə münasibətlərində istiləşmə müşahidə olunur. Bu da Azərbaycan-İsrail münasibətlərinin perspektivi ilə bağlı nikbinliyi daha da artıran amillərdəndir".

Ekspertin sözlərinə görə, iki ölkə arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat və enerji sahəsində olan münasibətlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Azərbaycan nefti İsrailin neftə olan tələbatının əhəmiyyətli hissəsini ödəyir. Bu da İsrail üçün çox mühüm strateji bir məsələdir. Azərbaycan və İsrail arasında olan münasibətlər artıq keyfiyyətcə yeni müstəvini diktə edir.

HAZIRLADI: Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR