Xəbər verildiyi kimi, Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin - Knessetin üzvlərinə müraciət edərək qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsə dəstək verməməyə çağırıblar. Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Seferad Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan müraciətdə bildirilib ki, sözügedən təşəbbüs Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.

Müraciətdə vurğulanır ki, Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi diasporlarından biridir və əsrlər boyu yəhudilər Azərbaycan torpağında sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Qeyd olunur ki, ölkədə yəhudilər öz dini etiqadlarını, milli kimliklərini və ənənələrini sərbəst şəkildə qoruyub-saxlayıblar. İcma rəhbərləri tərəfindən imzalanan sənəddə Azərbaycanın yəhudi həyatının azad şəkildə inkişaf etdiyi, dövlət və cəmiyyət tərəfindən yəhudi icmasına hörmət və dəstəyin göstərildiyi nadir ölkələrdən biri olduğu xüsusi qeyd edilir.
Müraciət müəllifləri, həmçinin, son onilliklər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirirlər. Onların fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də yəhudi dövləti ilə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkə arasında qarşılıqlı hörmət və ortaq maraqlara söykənən uğurlu əməkdaşlıq nümunəsidir.
İcma rəhbərləri təəssüflə qeyd edirlər ki, İsrail hökuməti 111 il əvvəl baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınmasını dəstəkləməsi barədə qərar qəbul edib və məsələnin yaxın vaxtlarda Knessetin müzakirəsinə çıxarılması gözlənilir. Onlar hesab edir ki, belə bir təşəbbüsün məhz regionda uzun illər davam edən gərginlikdən sonra real sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə ümid yarandığı bir dövrdə gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur. İcma rəhbərləri hesab edirlər ki, bu məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında lazımsız gərginlik yarada bilər.
Müraciətdə o da qeyd olunur ki, belə bir qərar nə İsrail dövlətinə fayda gətirəcək, nə də sülh və qarşılıqlı anlaşmaya xidmət edəcək. Əksinə, bu addım İsrailə hər zaman şərtsiz dost münasibəti bəsləyən insanların məyusluğuna səbəb ola bilər.
Xatırladaq ki, rəsmi Bakı da İsrail hökumətinə müraciət edərək onu öz qərarına təzədən baxmağa çağırıb. Bu müraciətlərin nəticəsi olacaqmı?
Professor Qabil Hüseynli bildirib ki, Netanyahu hökumətinin qərarı heç nəyi dəyişməyəcək. Onun sözlərinə görə, bu məsələyə tarixçilər qiymət verməlidir, amma siyasi predmetə çevrilir. Q. Hüseynli hesab edir ki, İsrail hökuməti ermənilərin törətdiyi qırğınları, qətliamları tanımalıdır: "Azərbaycanlılara qarşı törədilən soyqırımları görməzdən gəlmək olmaz. Təəssüf ki, İsrail hökuməti Türkiyə ilə münasibətlərə görə belə bir addım atıb. Amma Knesset hələ fikrini bildirməyib. Ümidvaram ki, hökumətin qərarı geri qaytarılacaq. Azərbaycandakı yəhudi icmalarının da müraciətinin təsir edəcəyinə inanıram. Ümumiyyətlə, İsrail hökuməti bilməlidir ki, belə bir addım dost Azərbaycanı narazı salmaqdır. Biz 44 günlük müharibədə İsrailin verdiyi siyasi və mənəvi dəstəyi unutmamışıq. Yəhudi qardaşlarımızla həmişə əlaqələr yaxşı olub. Bu gün də Azərbaycanda yəhudilərlə birlikdə mehriban şəraitdə yaşayırıq. Knesset həm də bu faktorları nəzərə almalıdır. Axı qondarma soyqırımı tanımaq İsrail dövlətinə nə qazandıracaq?!"

Professorun fikrincə, 1915-ci il hadisələri soyqırımı deyil: "Əvvəla, həmin dövrdə Osmanlıda 400 min erməni yaşayıb. Necə ola bilər ki, 1,5 milyon erməni qırılsın? Tamamilə absurd söhbətdir. İkincisi, Paşinyan özü belə bu rəqəmlərə şübhə edir. Dəfələrlə çağırış olunub ki, arxivlər açılsın, faktlar ortaya qoyulsun, ölənlərin sayı dəqiqləşdirilsin. İndiki dövrdə isə bu hadisələrdən ayrı-ayrı ölkələr siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Düzdür, bir sıra dövlətlər uydurma soyqırımı tanıyıb. Amma bu nəyi dəyişib? Yəni İsrail hökumətinin də addımı lüzumsuzdur, sülhə zərər vurmaqdan başqa heç bir təsiri yoxdur. Ona görə də Knessetin məsələni rədd edəcəyini gözləyirəm. Əgər parlament də oxşar mövqe tutacaqsa, təbii ki, türk dünyasını incik salmış olacaq. Biz ümid edirik ki, yəhudi icmalarının Bakıdan göndərdiyi müraciət nəzərə alınacaq".
Emil Salamoğlu
Musavat.com






