İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dünya üçün strateji əhəmiyyəti artmaqda olan platformadır

788 28.11.2023 12:49 Media A A

Deputat: “SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda Zirvə görüşünün keçirilməsi həm iqtisadi, həm siyasi əhəmiyyət daşıyır”

Ötən həftə Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə bildirib ki, bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq: "BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım hesab edirik. Azərbaycan bu fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək".

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.

Ekspertlər hesab edir ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda Zirvə görüşünün keçirilməsi, ölkəmizin bir-birinin ardınca keçirilən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun artan nüfuzundan xəbər verir. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Bakıda Zirvə görüşünün keçirilməsinin həm iqtisadi, həm siyasi əhəmiyyət daşıyır.

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət  imkanlarını genişləndirəcək”

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dünyada yüksək nüfuza malik ölkə olaraq böyük beynəlxalq təşkilatların mötəbər tədbirlərinin, zirvə görüşlərinin keçirildiyi ölkə kimi tanınır. Mühüm beynəlxalq səviyyəli tədbirlərə məkan seçimində Azərbaycan, onun paytaxtı xüsusi seçilir: "Bunun isə bir sıra səbəbləri var. Azərbaycan inkişaf edən ölkədir və burada keçirilən mötəbər tədbirlər, görüşlər ən yüksək səviyyədə reallaşdırılır. Azərbaycan cəlbedici dövlətdir, müstəqil siyasət yürüdür, investorlara açıqdır, Azərbaycanın Prezidenti dünya liderləri sırasında xüsusi nüfuza malik lider olaraq qəbul edilir. Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycan həqiqətlərinin daha da çatdırılması, Azərbaycanın nüfuzunun, çəkisinin artması, dünya birliyi ilə əlaqələrinin daha da möhkəmlənməsinə ciddi təsir göstərir. Cənab Prezident İlham Əliyev SPECA zirvə görüşündə çıxış etdi və mesajları bir daha  aydın şəkildə verdi. Bu, həm iqtisadi, həm də siyasi müstəvidə yeni mərhələdir.

Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub ki, bütün bunlar ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirib. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.

Bu mənada da zirvə görüşü Azərbaycan həqiqətlərinin çatdırılması baxımından önəmli oldu. SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli surətdə inkişafını növbəti dəfə göstərdi.  Azərbaycanla region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq platforması yaradılıb. SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin təzahürüdür. Əminliklə söyləyə bilərik ki, zirvə görüşü qarşıya qoyulmuş hədəflərə çatmaqda öz töhfəsini verəcək. Azərbaycan Prezidentinin söylədiyi kimi, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan məkandır. Bu məkanın dünya üçün siyasi, iqtisadi strateji əhəmiyyəti sürətlə artır. Bizim bir yerdə olmağımız, sıx əməkdaşlığımız, imkanlarımızı səfərbər etməyimiz bu məkanın əhəmiyyətini, nüfuzunu, təsir gücünü daha da artıracaq. Çünki regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır. Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bunu Prezident İlham Əliyev təsadüfən söyləmədi. Həqiqətən də Mərkəzi Asiya ölkələri, xüsusilə buradakı türkdilli respublikalar Azərbaycanla tarixi köklərə, bağlara malikdir".

Qeyd edək ki, hazırda SPECA-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. 26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

Bakıda ötən həftə keçirilən forumun mövzusu “SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi” idi. Proqramda iştirak edən ölkələr həm Avropa, həm də Asiya ilə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üzərində aktiv şəkildə çalışır.

Yazını hazırladı: Etibar SEYİDAĞA

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR