İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan dövlətinin yeni prioriteti: Prezident Güney Azərbaycan hədəfinə start verdi!

8814 21.10.2022 20:20 Analitika A A

Azərbaycan müstəqillik qazanandan bəri İranla ölkəmizin arasındakı münasibət, türk ellərində yayılmış loru ifadə ilə desək, vaxtaşırı limoni olub. Ən xırda şeylər üstündə İranının ikinci eşelona daxil olan siyasiləri əleyhimizə acı-turş ifadələr işlədiblər. Allah tərəfi, ali dini lider və prezident postunda olan şəxslər bu xüsusda öz sanballarını həmişə qoruyublar. Bəzi generallar, məscid axundları, əyalət mollaları, qəzet yazarları, telekanal təbliğatçıları isə İran dövlətinin ölkəmizə qarşı gerçək və pis münasibətinin tərcümanı olmaqda davam ediblər.

Son iki ildə isə çox mətləblər gün işığına çıxıb. Ölkəmizə yönəlik uyğunsuz danışanlar artıb, hər fürsətdə Azərbaycanı “İranın tarixi əyaləti” adlandıranlar cürətlənib. Bəzən adama elə gəlir ki, öz tarixi torpağını – Qarabağı 27-28 illik işğaldan azad edən Azərbaycan hansı cürsə məhz İranın dövlət maraqlarına toxunub.

İndiyə qədər Azərbaycan rəhbərliyi bu mövzuda səbr, təmkin göstərir, özünü soyuqqanlı aparır, öz sərəncamında olan media qurumlarına, eləcə də dövlətin siyasəti ilə hesablaşan qəzet və saytlara tövsiyə edirdi ki, İranla Azərbaycanın arasında pərxaşlıq sala biləcək materiallar verilməsin, bir-birinə din-məzhəb, milliyyət, tarix yaxınlığı olan iki dövlətin münasibətlərini zədələyəcək mövqe sərgilənməsin.

Belə anlaşılır ki, iranlı generalların və mollaların ard-arda və açıq-aşkar anti-Azərbaycan mövqeyi tutmaları, gənc və dünyəvi respublikanın xalqını incidən ifadələr işlətmələri, hədələr biçmələri Azərbaycan rəhbərliyinin səbr kasasını daşırmasa da, ləbələb doldurub.

ilham4_51666263128.jpg (55 KB)

Prezident postunda olduğu 19 ildə cənab İlham Əliyev ilk dəfədir ki, İrandan gələn iddialara bu qədər açıq cavab verir. Dövlətimizin başçısı Zəngilan aeroportunun açılışından sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Bu fikirlərin məhz İranın təhdidlərinə cavab olduğu ondan bəllidir ki, işğalçı Ermənistan artıq iki ildir ki, Azərbaycan üçün təhlükə mənbəyi deyil. Ordusu böyük ölçüdə sıradan çıxarılmış, daxili sabitliyi pozulmuş, regional müttəfiqi ilə arası açılmış məğlub ölkə hazırda sadəcə diplomatik müstəvidə xırda-para başqatmalar “icad” etməklə məşğuldur. Rusiya ilə Azərbaycanın münasibətləri heç vaxt olmadığı qədər rəvan və qarşılıqlı anlaşma zəminində inkişaf edir. Yerdə qalır İran. Məhz bu dövlət özünü Ermənistanın pasibanı kimi aparmağa çalışır. Əslində onların sadəcə Azərbaycana münasibətdə təbii müttəfiqə çevrildiyi göz önündədir.

Azərbaycan isə öz müttəfiqini seçib. Bu seçimin ömrü də uzundur. Ölkəmiz müstəqillik qazandığı ilk günlərdən mədəniiyyət və milli identiklik üzərində başlayan müttəfiqlik münasibətləri tədricən siyasi, daha sonra isə sıx hərbi müttəfiqliyə qədər inkişaf etdi. İndi Azərbaycan və Türkiyə bölgədə aparıcı qüvvədir. Bundan daha artıq müttəfiqlik konfederasiya şəklində birləşmək ola bilər ki, buna da ehtiyac duyulmur, “bir millət – iki dövlət” formatı daha önəmlidir. Konfederasiya olmasa da, aydın məsələdir ki, artıq Azərbaycana hücum Türkiyəyə hücum deməkdir, eləcə də Türkiyəyə hücum edən qarşısında Azərbaycanı da görəcək.

Ancaq bu iki dövlətin əsas amalı bölgədə sülh və sabitliyin təmin olunmasına, inkişafına töhfə verməkdir. Bu, isbata ehtiyacı olmayan aksiomdur. Nə Türkiyənin, nə də Azərbaycanın özünün olmayan torpaqlara iddiası yoxdur, eyni zamanda başqa dövlətlərin daxili işinə qarışmaq, onların daxilini qarışdırmaq, bu məqsədlə həmin ölkələrdə böyük casuslar şəbəkəsi saxlamaq kimi niyyət və fəaliyyətləri də yoxdur.

Belə olduğu halda diplomatik cümləpərdazlıqlara lüzum qalmır, Azərbaycan Prezidenti açıq mətnlə deyir ki, üçüncü qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tutarsa və ya bu mövqeni davam etdirərsə, Türkiyə-Azərbaycan birliyi ilə qarşı-qarşıya gələcək. Konkret olaraq, bu fikir hazırda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, sərhədlərimizdə hərbi təlimlər keçirən İrana mesajdır.

229235.jpg (242 KB)

Bundan başqa, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib: “Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Cənab Prezidentin bu fikirlərinin də birbaşa İrana aidiyyatı var. Bu ölkədə yaşayan, bütün hüquqlardan məhrum olmuş 35 milyon soydaşımız var. Azərbaycan indiyə qədər İranın daxilindəki xoşagəlməz proseslərə ona görə müdaxilə etməyib, hətta etiraz bəyanatı ilə belə çıxış etməyib ki, rəsmi Tehran onu “daxili işlərə qarışmaq”da ittiham etməsin və İran xalqı öz problemini özü həll etsin.

Ancaq belə görünür ki, bu məsələdə də bıçaq sümüyə dayanıb və Azərbaycan dövləti hüquqları pozulan milyonlarla soydaşımıza dəstək verməyə, onların haqqının verilməsini tələb etməyə hazırdır.

Çünki hələ ötən illərdə cənab İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanması vəzifəsini icra etməyə mükəlləf olduğunu bəyan edir.

Əslində bu dünya pratikasında yeni təmayül deyil. Ermənistan 34 ildir Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını qorumaq pərdəsi altında gizlənir. İsrail dövləti dünyanın 100-dən artıq ölkəsində yaşayan yəhudilərin hüquqlarını qoruyur, onlardan birinə bir şey olarsa, hesabat və ədalət tələb edir. ABŞ, Rusiya, Almaniya, Fransa, İngiltərə və başqa ölkələr də eləcə. Hər kəs öz soydaşının milli zəmində ayrı-seçkiliyə məruz qalmasına qarşı çıxır.

Artıq Azərbaycan da bu dövləti təsis edən millətin kənarda yaşayan fərdlərinin müdafiəsini öz prioritetlərindən biri elan edir. Bu önəmli və aktualdır.

İran dövləti bu amili də nəzərə almalıdır və öz xarici siyasətində aqressiv və haqsız şəkildə “haqq-ədalət davası” apardığı kimi, daxilində də millətlərə sərbəstlik, insanlara hürriyyət verməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR