İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan büdcəsinin neft-qazdan vergi gəliri 4 dəfədən çox artdı

1300 19.04.2023 08:25 İqtisadiyyat A A

Neft Fondu birinci rübdə zərər etməyib

2023-cü ilin birinci rübündə “Şahdəniz” qazından əldə edilən gəlirlərdə rekord artım baş verib. “Yeni Müsavat” Maliyyə Nazirliyinin 2023-cü ilin birinci rübündə icmal və dövlət büdcələrinin icrasına dair məlumatına istinadən xəbər verir ki, ilk 3 ayda dövlət büdcəsinə 8 milyard 290 milyon manat gəlir daxil olub. İlk rübdə büdcədən 6 milyard 566,9 milyon manat xərclənib ki, nəticədə 1 milyard 723,1 milyon manatlıq profisit yaranıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343  milyon manat və ya 24,9 faiz çoxdur.

2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin  daxilolmalarının 4899,5 milyon manatı və ya 59,1 faizi  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 1576  milyon manatı və ya 19,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1545 milyon manatı və ya 18,6 faizi  Dövlət Gömrük Komitəsinin daxilolmalarının, 198,4 milyon manatı və ya 2,4 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 63,2 milyon manatı və ya 0,8 faizi sair daxilolmaların, 7,9 milyon manatı və ya 0,1 faizi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşüb.

Rüb ərzində dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4 faizini təşkil etməklə 4 milyard 430 milyon manat olub ki, bu da proqnozla müqayisədə 798.4 milyon manat və ya 22 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 734,9 milyon manat və ya 19,9 faiz çoxdur.

Neft Fondunun neftin və təbii qazın tranzit haqqı üzrə gəlirləri artacaq

Vergi gəlirlərində neft-qazın payı rekord qırıb

Nazirlik bildirir ki, birinci rübdə büdcənin vergi gəlirləri 4 milyard 899,5 milyon manat təşkil edib. Ötən il isə Dövlət Vergi Xidməti büdcəyə 2 milyard 802,2 milyon manat təmin etmişdi. Bu, vergi gəlirlərində 2 milyard 97,3 milyon manatlıq artım deməkdir. Bu artımda neft sektorunun payı 1 milyard 726,5 milyon manat, yaxud 82,3 faizdir. Belə ki, ötən il vergi gəlirlərinin cəmi 557,5 milyon manatı neft sektorundan daxil olmuşdu. Bu il isə 2 milyard 284 milyon manatı neft sektorunun payına düşüb. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmalarında 4 dəfədən çox artım qeydə alınıb.

Keçən ilin birinci rübündə vergi daxilolmalarının 80,1 faizi, yaxud 2 milyard 244,7 milyon manatı qeyri-neft sektorundan təmin olunmuşdu. Bu il bu sektordan 2 milyard 615,5 milyon manat daxil olub ki, bu da 370,8 milyon manat, yaxud 16,5 faiz artım deməkdir.

Rəsmi məlumata əsasən, birinci rübdə Azərbaycanda cəmi 0,4 faizlik iqtisadi artım qeydə alınıb. Bu halda qeyri-neft sektorundan vergi, həmçinin gömrük daxilolmalarındakı artımlar necə təmin olunub? İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu artımda inflyasiyanın ciddi payı var: “Burada qiymət artımı hesabına dövriyyələrin şişməsi ən həlledici amildir. Milli Hesablar statistikasına görə, 1-ci rübdə vergi yığımlarının real artımı 5,6 faiz təşkil etdiyi halda nonimal ifadədə 30 faizə yaxın artım qeydə alınıb. Bu o deməkdir ki, aradakı 20 faizdən çox fərq inflyasiya və qiymət artımı amili ilə bağlıdır. Qiymət miqyasının artımı təkcə dövriyyə vergilərinin deyil, paralel olaraq gəlir vergilərinin də artımına genişləndirici təsir göstərir. İdxalın həcmində 34 faizlik artıma diqqət yetirmək kifayətdir. Bu artımın təxminən 22 faizi idxal qiymətlərinin artımı hesabına baş verib. Məsələn, biz ötən il 1000 dollarlıq idxal malına bu il 1300 dollar ödəyiriksə, ən azı 120 dollar büdcəyə əlavə vergi ödəmiş oluruq”.

Büdcəyə yenidən baxılarsa, artan neft gəlirləri haraya yönəldilə bilər?

Vergi və gömrük orqanları xətti ilə daxilolmalardakı artım imkan verib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert kəskin azalsın. Belə ki, fonddan büdcəyə proqnozla nəzərdə tutulan 2 milyard 820 milyon manata qarşı cəmi 1 milyard 576 milyon manat transfert edilib. Bu isə proqnozdan 1 milyard 244 milyon manat və ya 44,1 faiz azdır.

Dövlət büdcəsinin neft sektoru üzrə ümumi daxilolmaları 3 milyard 860 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 417,4 milyon manat və ya 9,8 faiz az (Dövlət Neft Fondundan transfertdəki azalmaya görə-red.), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 545,5 milyon manat və ya 16,5 faiz çoxdur.

Nazirliyin açıqlamasından aydın olur ki, Azərbaycanın qazdan gəlirləri neft gəlirlərini üstələməyə başlayıb. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7 faizi  və 1 milyard 545,7 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 22,5 faizi və ya 513,1 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8 faizi və ya cəmi 225,2 milyon manatını ABƏŞ-in (“Azəri-Çıraq-Günəşli” yatağından neft hasil edən konsorsium) mənfəət vergisi təşkil edir.

Neft Fondu zərərdən çıxa bilib

Yeri gəlmişkən, Dövlət Neft Fondu (ARDNF) da birinci rübdəki gəlir-xərclərini açıqlayıb. Fondun məlumatına əsasən, bu dövrdə qurumun büdcə gəlirləri 7 milyard 643,3 milyon manat, büdcə xərcləri isə 1 milyard 584,3 milyon manat təşkil edib. Ötən dövr ərzində neft və qaz sazişlərinin həyata keçirilməsindən fonda 5 milyard 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 milyard 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat daxil olub.

Fondun vəsaitlərinin idarə olunmasından isə 2 milyard 47,3 milyon manat gəlir əldə edilib. Birinci rübdə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 milyard 427,6 milyon manat olub.

Analitiklər Rusiyanın neft-qaz gəlirlərinin həcmini proqnozlaşdırıblar |  Azərbaycanın iqtisadi xəbərlər saytı.

Fond əldə etdiyi gəlirlərdən büdcəyə transfertdən əlavə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2 milyon manat, qurumun idarə olunmasına isə 5,1 milyon manat sərf edilib.

Nəticədə 2023-cü il martın 31-nə onun aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 9 faiz artaraq 53 milyard 437,6 milyon ABŞ dolları təşkil edib. Yəni 3 ayda fondun aktivlərində 4 milyard 404 milyon dollarlıq artım baş verib. Bunun 3 milyard 564,1 milyon dolları birinci rübdə əldə olunan cari gəlirlər, cəmi 839,9 milyon dolları investisiya fəaliyyətindən əldə edilən gəlirlər hesabınadır.

Fonddan “Yeni Müsavat”a bildirildiyinə görə, 2022-ci il ərzində beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-nin investisiya portfelində müəyyən qədər müşahidə olunub: “Lakin iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-nin həm istiqraz, həm də səhm aktivlərinə öz müsbət töhfəsini göstərib. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək olan inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir”.

Büdcədən hara, nə qədər xərclənib?

Maliyyə Nazirliyinin  məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat və ya rüblük proqnoza qarşı 11,6 faiz çox icra edilib. Bu il üçün dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manatın birinci rübdə 35,5 faizi və ya 1 milyard 67 milyon manatı istifadə olunub. Bunun 1 milyard 42,5 milyon manatını Avtomobil yolları Dövlət Agentliyi, 13,0 milyon manatı “Meliorasiya və Su Təsərüffatı” ASC, 6,0 milyon manatı Minatəmizləmə Agentliyi, 5,5 milyon manatı digər icraçılar tərəfindən xərclənib.

Xarici dövlət borcu azalıb, daxili borc artıb

2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 1 milyard 5 milyon manat yönəldilməsi nəzərdə tutulur. Cari ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 150,9 milyon manat azdır.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən, birbaşa xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları azalaraq 01 aprel 2023-cü il tarixinə 6 milyard 679,7 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə birbaşa daxili dövlət borcunun həcmi 180,5 milyon manat artmaqla, 01 aprel 2023-cü il tarixinə 4 milyard 368,7 milyon manat olub.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR