İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Baltik dənizinə çıxır - Prezidentin Litvaya 4-cü səfəri

586 24.05.2023 12:08 Siyasət A A

Litva-Azərbaycan əməkdaşlığında yeni mərhələ, perspektivlər...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib və ikitərəfli sənədlər imzalanıb.

Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.

Milli Məclisdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət göstərir.

AZƏRTAC-ın xəbərinə görə, 2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.

Qeyd edək ki, bu səfər Prezident Əliyevin Litvaya sayca 4-cü səfəridir.

Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir. Litvanın Klaypeda dəniz limanı Baltik regionunda ən böyük limandır.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Litva Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvüdür. Bu baxımdan, Azərbaycan Litva ilə əməkdaşlığı, bu sahədə onun təcrübəsini əhəmiyyətli hesab edir: “Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Litva səfəri, səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafına yeni impuls verəcək. Litvanın Azərbaycana marağı hər il artmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin sayı da çoxalır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə qalxmaq imkanı qazana bilər. Azərbaycan Litva üçün cəlbedici ölkədir. Litva da Azərbaycan üçün. Hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlığın ciddi potensialı var və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq. Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir. İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, xüsusilə işğaldan azad olunmuş torpaqlarda başlatdığı nəhəng tikinti-quruculuq işləri ilə beynəlxalq ictimaiyyət yaxşı tanışdır, Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir dövlət üçün bu müsbət dinamika mühüm əhəmiyyət daşıyır. Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır və təsadüfi deyildi ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün yeni üfüqlərin açılması, vacib sənədlərin imzalanması ilə müşayiət olundu. Litva Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını və oynayacağını növbəti dəfə bəyan elədi”.

Ekspert qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır: “Azərbaycan da öz növbəsində Litva ilə strateji münasibətlərin davamında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Azərbaycan Litva vasitəsilə Baltik dənizinə çıxır. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Ölkə sürətli rəqəmsal infrastruktura malikdir və münasib tariflərə əsaslanan bu infrastruktur Avropa İttifaqında ən yaxşılar sırasındadır. Ölkənin digər üstünlükləri yaxşı inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı sahəsindədir. Litva ərzaq məhsullarını 150-dən artıq ölkəyə ixrac edir. Gənclərin 56 faizi ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. Ölkədə adam başına düşən ümumi daxili məhsulun payı ən sürətlə Avropa İttifaqının orta göstəricisinə yaxınlaşıb və bu reytinqdə o, İrlandiyadan sonra gəlir. Bütün bunlar Azərbaycana da Litva ilə əməkdaşlığı gücləndirməyə stimul verir. Bu cür imkanlara malik ölkə ilə Azərbaycanın əməkdaşlığının genişləndirilməsi əhəmiyyətlidir”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR