Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin mətbuata birgə bəyanatlarında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması oldu.
Mütəxəssislərin fikrincə, bu təşəbbüs iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, Almaniya investisiyalarının Azərbaycana cəlbi, qeyri-neft sektorunun inkişafı və yeni biznes tərəfdaşlıqlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs yeni qurum praktik müstəvidə hansı imkanları yaradacaq? Bu platforma Azərbaycan iqtisadiyyatına hansı dividentləri qazandıra bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.
İqtisadçının fikrincə, Biznes Şurasının yaradılması praktik müstəvidə Azərbaycan ilə Almaniya arasında, xüsusilə də qeyri-enerji sektoru üzrə əməkdaşlığın yeni yol xəritəsinin əsasını qoyur:
“Çünki cənab Prezident də çıxışında qeyd etdi ki, qarşıdakı mərhələdə iki ölkə arasında iqtisadi münasibətlərin və iqtisadi əməkdaşlıq formatının detalları ilə bağlı konkret təkliflər irəli sürüləcək. Düşünürəm ki, Azərbaycan ilə Almaniya arasında birgə sənaye müəssisələrinin, o cümlədən müdafiə sənayesi sahəsində birgə istehsal müəssisələrinin yaradılması üçün geniş imkanlar mövcuddur.
2022-ci ildən etibarən Almaniyanın müdafiə sənayesinin inkişafına xüsusi önəm verməsi, eyni zamanda, Azərbaycanın bu sahədə topladığı praktiki təcrübə və birgə istehsal müəssisələrinin yaradılmasına verdiyi prioritet hesab edirəm ki, gələcəkdə iki ölkə arasında yeni sənaye müəssisələrinin, xüsusilə də sənaye təyinatlı istehsal obyektlərinin yaradılmasına zəmin yaradacaq. Şübhəsiz ki, müdafiə sənayesi də bu sənaye istiqamətlərindən biri kimi mühüm yer tutacaq”.
İqtisadçıya görə, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında Almaniya ilə birgə müəssisələrin yaradılması üçün də geniş perspektivlər var: “Bundan əlavə, səhiyyə sahəsində, xüsusilə dərman sənayesində, tibbi avadanlıqların istehsalı istiqamətində birgə müəssisələrin yaradılması və alman investisiyalarının bu sahələrə cəlb olunması üçün də kifayət qədər böyük potensial mövcuddur.
Bu əməkdaşlığın Azərbaycana müsbət təsirlərinə gəlincə, sözsüz ki, qeyri-neft iqtisadiyyatının inkişafını prioritet elan etmiş bir ölkə kimi Azərbaycan üçün istənilən xarici investorun, xüsusilə də Almaniya kimi güclü sənaye və texnologiya potensialına malik dövlətin ölkəmizə investisiya yatırması və birgə müəssisələr yaratması olduqca əhəmiyyətlidir. Bu, ilk növbədə Azərbaycanın iqtisadi dayanıqlığının möhkəmlənməsinə, ticarət əlaqələrinin genişlənməsinə, ölkədə məşğulluğun artmasına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək.
Bununla yanaşı, Almaniyanın qabaqcıl sənaye təcrübəsinin, innovativ texnologiyalarının və müasir istehsal modelinin ölkəmiz transferi baxımından da bu əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu proses ölkəmizin sənaye potensialının gücləndirilməsi, istehsalın rəqabət qabiliyyətinin artırılması və qeyri-neft sektorunun daha dayanıqlı inkişafı üçün yeni imkanlar yaradacaq”.
Xalidə Gəray,
Musavat.com






