İnsanlara hürriyət, millətlərə istiqlal!

Azadlığın dəyəri

19034 09.04.2022 10:50 Yazarlar A A

Rusiyada anti-Qərb siyasətinin güclənməsini, ABŞ əleyhinə propaqanda aparan dövlətin vaxtilə faşizm üzərində qələbə üçün “Lend-liz” proqramını çox asanlıqla yaddan çıxardığını, “unutduğunu” ötən yazımda qeyd elədim. Bunlar əslində çoxlarına məlum faktlardır, yeni bir şey yazmırıq, tarixi danmaq olmaz. Necə deyərlər, ağa durur, Ağacan durur.

Elə əziz dostum, fizik Yalçın İslamzadənin məktubunda lend-liz haqda əlavə faktlar var: “ABŞ o dövrün ən yaxşı qırıcı təyyarələrindən sayılan ”Airacobra" təyyarəsindən müharibə ərzində SSRİ-yə 4950 ədəd göndərmişdi. Pulunu ödəməməkdən başqa bir tipik SSRİ davranışı da edilmişdi, Amerikanın verdiyi radioları, fotoaparatları və sairə cihazları da müharibədən sonra kopyalayıb dədə malı kimi istehsal etmişdilər. Başqa tipik SSRİ davranışı - bir sovet kinosundakı epizod heç yadımdan çıxmaz, sovet əsgəri körpüdən Amerika qırıcısına əl edir, qışqırır, nəsə kömək istəyir deyəsən, təxminən deyir ki, almanlar o tərəfdədir, atəş aç. Amerikalı pilot bir az yaxınlaşır, sonra geri dönüb uzaqlaşır. Əsgər qəzəblə əlini yelləyir “guya müttəfiqdilər” deyir - belə nadürüstlükləri çox idi SSRİ-nin".

Doğrudan da, yalvarıb yardım istəyirdik, bunu artıqlamasilə alırdıq, ancaq sonra Qərbə şıllaq atırdıq. Əslində ABŞ-ın SSRİ-nin dağılmasında qəti maraqlı olmadığı, 1990-91-ci illərdə SSRİ-nin yaşamasına çalışması faktı tarixə məlumdur. Hətta Qorbaçov Bakıya qoşun yeridəndə ABŞ prezidenti Buş bunu “Sovetlərin daxili işi” adlandırmışdı.

Lakin propaqanda, davamlı Göbbels təbliğatı qarşısında nə deyəsən... Daim sürülən yalanın qabağında durmaq çətindir.

Bu gün keçən dəfədən qalan yarımçıq temanı yazmaq istəyirəm. Yuxarıda göstərdiyim kimi, Lend-liz proqramı haqda hamıya məlumdur, lakin Amerikanın ruslara ondan da qabaq, hələ Çar Rusiyası dövründə yardım elədiyini çoxları bilmir.

Rəssam Ayvazovskinin 1892-ci ildə çəkdiyi iki qəribə tablo var. Bu rəsmlərdən birində Sankt Peterburqun qarlı küçəsində üzərində ABŞ bayrağıyla gedən yüklü at arabası, ikincidə yenə hansısa rus limanına yan alan Amerika gəmisi təsvir edilib. Sən demə, o zaman Rusiyada ya iqlim şərtləri, ya həmişəki təsərrüfatsızlıq üzündən böyük aclıq olubmuş. Camaat, xüsusilə kəndlilər milçək kimi qırılırmış, çar Aleksandr isə aciz qalıbmış. Bəzi hesablamalara görə təkcə 1892-ci ilin yayında Rusiyada aclıqdan 400 min adam ölüb. Bu zaman amerikalı iş adamları öz təşəbbüsləriylə minlərlə ton buğdanı, qarğıdalını, başqa ərzaqları toplayaraq Rusiyaya göndəriblər. Yardım toplamaq üçün biznesmenlər ABŞ qəzetlərindən birində belə elan yerləşdiriblər: “Bizim taxılımız, unumuz o qədər çoxdur ki, yedikcə bitməz. Amerikada itlər Rusiyadakı aclardan çox yeyir”. Yardımı rus limanlarına çatdıran amerikalılar bu zaman şok yaşayırlar: gömrük işçiləri, o cümlədən böyük şəhərlərin sakinləri acından ölənə oxşamırdı. Lakin əyalətə yardımı aparanda onlar orada acından ölənləri görürlər.

Uzun sözün qısası, Ayvazovski məhz o yardımlara minnətdarlıq üçün həmin tabloları çəkibmiş.

Yeri gəlmişkən, son davada çoxlarımızı düşündürən suallardan biri də bu oldu ki, niyə Ukraynanın qərbindəki rusdilli bölgələr Putini duz-çörək, gül-çiçəklə qarşılamadı, əksinə, tankları mitinqlərlə qarşılayıb “rədd olun” dedilər. Ukraynalı bir ünlü uşaq həkimi var, Komarovski soyadlı. Xarkovda yaşayır. Komarovskinin bu günlərdə verdiyi bir intervüdə mən bu suala cavabı tapdım. Əsl həkimdir, dəqiq diaqnoz qoyub. Deyir Rusiyanın Xarkovla çox yaxın Belqorod şəhəri var. Belqorodlular və xarkovlular bir-birinin necə yaşadığını əyani görür. Son 8 ildə xarkovlular baxır ki, Xarkov inkişaf edir. Xarkova investisiya axır, korrupsiya yoxdur, dükanlarda bolluq və ucuzluqdur. Belqoroda baxanda isə geridə qalmış, ümidsiz ucqar əyalət şəhəri görünür, dövlətin başında da ömürlük avtoritar padşah oturub, kefi istəyəni edir. Sizcə xarkovlular belə rejimin gəlişinə niyə sevinməliydi?

Adam haqlı. Problem kimin hansı dildə danışması deyil. İnsanlar azadlığı, xoşbəxtliyi seçir və buna layiqdir. Ukrayna o azadlığı, Rəsulzadə demiş, “daddığı üçün” bu gün aslan kimi vuruşur, təslim olmaq istəmir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR