İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avtomobillərin utilizasiyaya cəlb edilməsi idxal avtomobillərinin xərcini artıracaq”

694 08.06.2023 13:41 İqtisadiyyat A A

 

“İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var”.

Musavat.com bildirir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov avtomobillərin utilizasiyası ilə bağlı danışarkən bildirib. Vüqar Bayramovun sözlərinə görə, bir sıra region ölkələrinin və eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq, bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğundur:

“Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir. Avropa ölkələrində belə ayrıca qanun var: Utilizasiya ilə bağlı 2 fərqli praktika var. Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var”.

Xatırladaq ki, Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün utilizasiya haqları açıqlanıb. 1-3 il istehsal müddəti olan avtomobillər üçün ümumiyyətlə, utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələlik dəqiq deyil.

Onu da əlavə edək ki, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.

Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi halda bu prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR