İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avroviziya-2024" seçimləri - iştirak etməyə dəyərmi  

719 29.02.2024 20:06 Şou-biznes A A

 

“Avroviziya 2024” milli seçim mərhələsinin finalistlərindən olan Qorqud (Elvin Novruzov) “Only You” adlı yeni mahnısı üçün çəkilən klipini ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, sözügedən musiqinin müəllifi Elvin Novruzov, sözləri isə “Səs Azərbaycan” layihəsinin iştirakçısı Mado Salikhə məxsusdur.

Xatırladaq ki, Elvin Novruzov Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil etmək üçün hüquq qazanmağa çalışan altı namizəddən biridir. Bundan öncə o, ölkəni “Vitebsk Slavyan Bazarı” festivalında təmsil edib, həmçinin “Səs Azərbaycan” layihəsinin birinci mövsümünün yarımfinalisti olub.

Ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdular. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütəmadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016 -cı ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017 Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdı. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olub. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşıb. 2021-ci ildə Niderlandda keçirilən yarışmada iştirakçımız Samirə Əfəndiyeva 20-ci yerə çıxıb. 2022-ci ildə isə ölkəmizi  Nadir Rüstəmli  "Fade   To Black" adlı mahnı ilə təmsil etdi və 16-cı yerdə qərarlaşdı. 2023-cü ildə isə daxili seçim üsulunda bir sıra dəyişikliklər edildikdən sonra, ölkəmizi Turan və Tural qardaşları "Tell Me More" adlı mahnı ilə təmsil etdi və finala vəsiqə qazana bilmədilər.

Bəs “Avroziya”da iştirak etməyə dəyərmi?

Mövzu ilə bağlı Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Musavat.com-a danışıb:

“Ölkədə xeyli sayda peşəkar bəstəkar olmasına baxmayaraq, “Avroviziya” müsabiqəsi üçün əcnəbi bəstəkarlarına, musiqilərinə üstünlük verirlər.

Şəxsən mən illər öncə “Avroviziya” üçün mahnı yazmışdım. Bəstəkar İttifaqının sədri Firəngiz Əlizadə bütün bəstəkarlara səsləndi ki, mahnı yazın. Orada Faiq Sücəddinov, Eldar Mansurov da var idi. Eldar Mansurov dedi ki, onsuz da həvəslə yazsaq da, yenə də bizim mahnımız seçilməyəcək, yenə də əcnəbi musiqisinə müraciət ediləcək. Həqiqətən də belə oldu.

Amma düşünürdük ki, 44 günlük müharibədə qazandığımız zəfərdən sonra “Avroviziya” yarışmasında Azərbaycan musiqisinə, milli musiqimizin çalarları olan və yaxud bu zəfərimizi xatırladan mahnıya üstünlük verilər. Amma bu dəfə də gözlədiyimiz olmadı. Samirə Əfəndi 2021-ci ildə yarışmada əcnəbi mahnısı ilə iştirak etdi və sonun yerlərdən birini tutdu. Samir Əfəndi yaxşı ifaçıdır, ifasını bəyənirəm, amma gərək  öz musiqimizə müraciət olunardı. Ola bilsin ki, öz musiqimizdən istifadə etmək üçün bəlkə də daha çox maddi vəsait lazım gəlir, ya başqa səbəbdir, hələ ki, bunu anlamaq olmur.

O ki qaldı iştirak etməyə, əlbəttə ki, bu cür arenalarda iştirak etməliyik. Bu gün Azərbaycan həqiqətləri, mədəniyyəti, incəsənətinin dünyada tanınmasına daha çox ehtiyac var. Dünyada bəzən siyasətin, diplomatiyanın görə bilmədiyi işi mədəniyyət görür. Bu baxımdan “Avroviziya” kimi nəhəng beynəlxalq yarışmada iştirakımız vacibdir”.

“Bu il “Avroviziya” müsabiqəsində hansı ifaçımızı görmək istəyərdiniz? sualımıza isə Əməkdar artist bu cür cavab verdi:

“Hesab edirəm ki, əgər bu il mənim mahnımla və ifamla “Avroviziya”ya gedəriksə, birincilik qazana bilərik”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR