İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın yanlış enerji siyasəti - Bakı Enerji Həftəsində üzə çıxan həqiqətlər...

886 03.06.2022 08:20 İqtisadiyyat A A

İlham Şaban: “Avropa  öz ərazisində belə Azərbaycandan almaq istədiyi qaz üçün kəmərləri  vaxtında tikmədi”

Ukraynaya hücum edən Rusiyanı Avropa, bütövlükdə Qərb hər tərəfdən sıxışdırmağa çalışır: bu zaman əsas diqqət onun iqtisadi gücünün sarsıdılmasına yönəldilir. Qərb ölkələri digər bütün məhsullar üzrə Rusiya ilə ticarəti minimuma endiriblər - neft-qazdan başqa. Buna gedə bilmirlər, çünki zamanında Rusiyanın qapılarının ağzında və ucuz qiymət təklif etdiyi məhsulu almaq rahatlığından əl çəkə bilmədilər.

Krımın işğal olunduğu 2014-cü ildə Avropanın qaz təchizatında Rusiyanın payı 20 faizdən bir qədər çox idi. 24 fevral işğalı başlayanda bu göstərici 40 faizin üzərində idi. Ötən müddət ərzində Avropa enerji mənbələrini diversifikasiya etməkdənsə, Rusiyanın ucuz təklif etdiyi qazın alışını artırmağa üstünlük verdi. İndi Avropa Rusiya qazından asılılığı azaltmaq üçün əlini hər yerə uzadır, çünki aqressora Ukraynanın dinc əhalisini öldürmək üçün “silah” - valyuta ödənişini azaltmaq istəyir. Halbuki 2014-cü ildən Avropa alternativ mənbələrdən qaz idxalını artırmaqla Rusiyadan asılı vəziyyətə düşməyin qarşısını almış ola bilərdi. Belə alternativ mənbə Xəzər dənizi regionu - Azərbaycan, İran, Türkmənistan ola bilərdi. Avropa bu mənbədən qaz nəqlinə vəsait ayırıb, təklif olunan layihələrə (Nabukko, Transxəzər və sair) zəruri siyasi-maliyyə dəstəyini təmin etsəydi, bu gün bəlkə də Rusiya Ukraynaya hücum etməzdi.

Avropa İttifaqı nəinki Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsində iştirak etmədi, hətta ona müəyyən imtiyazları təmin edəcək qərarları belə almadı.

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft  və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib - Gazete Azerbaycan

Ukrayna müharibəsinin yaratdığı acı gerçəkliyi Azərbaycan Prezidentin İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı xüsusi qeyd etdi: “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir.  Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda o, bizə nəhəng ”Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Bu, artıq baş verdi. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır".

Prezident deyib ki, bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir:  “Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var - müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq”.

Cənub Qaz Dəhlizinin son seqmenti sayılan TransAdriatik Boru Kəmərinin(TAP) sonuclandığı İtaliya ərazisində kəmərin tikintisinə ekoloji problemlər bəhanəsi ilə illərlə maneə yaradıldığı heç kimə sirr deyil. Bu gün İtaliya Azərbaycan qazından daha çox pay almağa çalışır. İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda “Cənub Qaz Dəhlizi (SGC) İtaliya və Avropa üçün son dərəcə əhəmiyyətlidir” deyir. Onun sözlərinə görə, hazırda İtaliya enerji, xüsusilə də qaz daşımalarının şaxələndirilməsi üzərində işləyir.

TANAP-la Yunanıstan sərhədinə çatdırılan Azərbaycan qazını almaq üçün zəruri interkorrektoru 4 ilə çəkib bitirə bilməyən Bolqarıstan hazırda Rusiya qazından imtina edib. Yanvar ayında interkorrektoru çəkməyə məsul olan dövlət neft-qaz şirkətinin rəhbərliyi tam istefaya göndərilib. 2015-ci ildə Cənub Qaz Dəhlizi ilə “Şahdəniz” yatağından ildə 1 milyard kubmetr qaz almağı üzərinə götürən Bolqarıstan indi daha artıq həcmlərə iddialıdır. Ölkəni  energetika naziri Aleksandr Nikolov Bakıda bəyan edib ki, Azərbaycan uzun illər ərzində ən etibarlı enerji tərəfdaşı olduğunu sübut edib: “İndi Avropanın rəqabətqabiliyyətliliyi və enerji təchizatının şaxələndirilməsi həmişəkindən daha vacibdir”. Onun sözlərinə görə, Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün vacibdir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Cənub Qaz Dəhlizi bizim və səhmdarların vəsaiti hesabına tikildi: “Ümumiyyətlə, Avropa heç öz ərazisində Azərbaycandan almaq istədiyi qaz üçün kəmərləri belə vaxtında tikmədi. 2018-ci ildə Azərbaycan qazı Avropaya getməli idi, amma Avropa faktiki 2021-ci ilin əvvəlində aldı. Heç maraqlanmadı ki, Yunanıstan-Bolqarıstan birləşdirici kəməri tikilir ya yox, nəticədə Bolqarıstan ancaq ümid edir ki, iyulda bu kəmər hazır olacaq. Avropa daha çox siyasətlə məşğul oldu bu illərdə və məqsədi Azərbaycan qazı faktorundan Rusiyaya təsir vasitəsi kimi istifadə edib ”Qazprom"dan daha əlverişli şərtlərlə daha çox qaz idxal etmək idi".

Son həftələrdə Azərbaycandan neft-qaz istəyən Avropa ölkələrinin rəsmiləri Bakıya ardıcıl səfərlər edirlər. Müzakirələrin yeganə mövzusu mümkün qədər çox qaz, neft almaqdır. Hətta Rusiyaya qarşı neft embarqosunu 1 aydan çox yubadan Macarıstan belə Bakıdan qaz umur. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun sözlərinə görə, ölkə Xəzər qazının özünün enerji balansına daxil edilməsində maraqlıdır: “Lakin bunun üçün müəyyən çətinliklər mövcuddur. Hazırda Avropada Rusiya qazından tam imtina və onun əvəzlənməsi ilə bağlı müzakirələr gedir. Söhbət sanksiyalardan gedirsə, çox böyük asılılığa görə onları tam tətbiq edə bilmirik. Bu məsələyə praqmatik, Xəzərin enerji resurslarından istifadə nöqteyi-nəzərindən yanaşırıq”.

O deyib ki, boru xətti infrastrukturunun olmaması bu niyyəti çətinləşdirir: “Avropa əlavə resursların necə reallaşdırılacağı üzərində düşünməlidir”. Nazir enerji resurslarının qiymətinin çox yüksək olmasını da nəzərə çatdırıb.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero isə bildirir ki, enerji sektorunun diversifikasiyası rəqabətə daha yaxşı imkan yaradır və qiymətlərin tənzimlənməsinə yardım edir. K. Borrero qeyd edib ki, təmsil etdiyi qitədə diversifikasiya 10 ilə yaxındır başlayıb: “Biz Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsinə 2014-cü ildən başlamışıq. İlk tələb də odur ki, hər bir qaz idxal edən ölkə mütləq şəkildə minimum 3 müxtəlif mənbədən qazı almalıdır və bunların da başında LNG durur”.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman da Xəzər regionunun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı fikrindədir. Onun sözlərinə görə, bu baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsi önəmli məqamdır. Laura Loxman əlavə edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində interkonnektorların tikintisi, alternativ enerjinin inkişafı da vacib rol oynayır.

Rövşən Nəcəf kimdir? - "İki sahil"

Rövşən Nəcəf

Azərbaycan hazırda CQD-nin genişləndirilməsi üzərində işləyir. SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəfin sözlərinə görə, artan tələbat fonunda Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün tam imkanları var: “Buna baxmayaraq, artan tələbatı təmin etmək üçün hazırda lazımi nəqletmə imkanları yoxdur. Azərbaycan ötən ildən Trans-Adriatik qaz kəməri vasitəsi ilə (Cənub Qaz Dəhlizi çərçivəsində) Avropaya qazın nəqlinə başlayıb. Hazırda nəqletmə imkanlarının genişləndirilməsi üçün müvafiq işlər görülür, danışıqlar aparılır. Alternativ enerji mənbələrinin inkişafına baxmayaraq, neft və qazın istehsalı öz aktuallığını qoruyub saxlayır. Öz növbəsində, tələbatı nəzərə alaraq, ənənəvi enerjidaşıyıcılarının hasilatı ekoloji normaların, tullantıların azaldılması şərti ilə həyata keçirilməlidir”.

Rövşən Nəcəf onu da vurğulayıb ki, nəqletmə imkanlarının genişləndirilməsi üçün maliyyə məsələləri də həll olunmalıdır və bunun üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edilməlidir. İndi top Avropa İttifaqındadır: Azərbaycandan, Azərbaycan üzərindən Türkmənistandan daha çox qaz almaq istəyirsə, CDQ-nin genişləndirilməsinə maliyyə dəstəyini təmin etməlidir...

Qeyd edək ki, bu il Azərbaycandan Avropaya 10 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. Bunun 9,5 milyard kubmetri İtaliyaya, qalanı isə Bolqarıstana çatdırılmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR