İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ən gözəl səhnə akustikasına malik Massimo Bellini Teatrı - Reportaj, fotolar

979 18.04.2022 11:18 Mədəniyyət A A

Kataniyanın ən görməli yerlərindən biri şəhərin mərkəzində yerləşən, qədim tarixə, gözəl memarlıq üslubuna malik, incəsənət incisi Massimo Bellini Teatrıdır. Bu teatr, demək olar ki, Kataniyanın simvollarından birinə çevrilib və bu şəhərdən olan məşhur bəstəkar Vinçenzo Bellinin şərəfinə adlandırılıb.

Maraqlıdır, hazırda adı çəkilən teatrda hansı əsərlər səhnələşdirilir? Azərbaycanlı məşhurlardan kimlər bu səhnədə çıxış edib?

Əvvəldə də qeyd etdiyim kimi, Bellini opera teatrı Kataniyanın mərkəzində yerləşir. Məlumata görə belə bir teatrın yaradılması ilə bağlı ideyalar hələ 18-ci əsrin əvvəllərində yaranıb. Bu, 1693-cü ildə baş verən böyük dağıdıcı zəlzələdən sonra şəhərin bərpası dövrünə təsadüf edir. Lakin maliyyə problemləri səbəbindən teatr yalnız 1890-cı ilin mayında tam tikilərək təhvil verilib və ilk tamaşası Bellininin şah əsəri olan "Norma" operası ilə açılıb. 2001-ci ildə teatr Bellininin 200 illik yubileyi ilə əlaqədar əsaslı təmir olunub.

img-20190501-140611-largejpg.jpg (188 KB)

Bu günə qədər Bellini teatrının səhnəsində dünyaca ən məşhur musiqiçilər, o cümlədən Mariya Kallas, Lusiano Pavarotti, Renata Skotto, drijor Rikkardo Muti çıxış edib.

Teatrın girişində bir foto diqqətimi çəkir - bu, Rusiyanın Xalq artisti, məşhur soprano Anna Netrobkanın fotosudur. "Anna Netrobko hələ də bu teatrın səhnəsində çıxış edirmi?" sualımıza cavab olaraq bildirildi ki, vaxtaşırı onun kimi bir çox məşhurlar teatrın səhnəsində yer alır, konsertlər verir.

Teatrın binası çox gözəl neo-barok üslubundadır. İçəri daxil olduqda sizi mərmərdən tikilmiş, qeyri-adi böyük güzgüləri olan gözəl foye qarşılayır. Foyenin mərkəzində Bellinin böyük heykəli qoyulub.

foto-scattata-dal-palcoscenico.jpg (146 KB)

1200 nəfərlik böyük zal isə 4 mərtəbəli lojalardan ibarətdir. Zalın tavanını rəssam Ernesto Bellandi tərəfindən çəkilmiş rəsmlər bəzəyir. Bu rəsmlər Bellinin 4 ən məşhur operalarından olan səhnələri əhatə edir. Bütün bu gözəlliklər bir yana, zalın ən önəmli nüansı qeyri-adi akustikası ilə bağlıdır. Belə ki, zalın tam mərkəzində əl çalsanız və yaxud nəsə pıçıldasanız bu zalın hər tərəfindən çox aydın şəkildə eşidilib, əks-səda yaradacaq. Bunu əyani şəkildə bizə nümayiş etdirən teatrın əməkdaşı Françesko Barberanın sözlərinə görə bu cür qeyri-adi akustikaya görə Bellini Teatrı Avropada birinci yeri tutur.

9bba0454-e972-4ebc-871e-a37c5000c13f.jpg (143 KB)

Teatr əməkdaşı həmçinin qeyd etdi ki, hazırda Alfredo Kornonun rejissorluğu ilə "Tolsko" operası hazırlanır. Adıçəkilən opera 22-24 iyul tarixlərində Sirakuzada yerləşən dünyanın ən qədim teatrlarından biri,  6 minlik tamaşaçı tutumuna malik qədim yunan teatrında nümayiş olunacaq. Biletlərin qiymətlərinə gəldikdə isə, teatrın rəsmisinin sözlərinə görə qiymətlər tamaşaya və iştirakçılara görə təxminən 35-100 avro arasında dəyişir.

5Z3A5999.jpeg (7.78 MB)

"Bellini teatrında təkcə opera deyil, həm də balet tamaşaları da qoyulur. Məsələn, son olaraq teatrın səhnəsində məşhur "Romeo və Cülyetta" baleti nümayiş olunub", deyə Françesko Barbera qeyd edir.

"Azərbaycanlı musiqiçilərdən kimlər bu səhnədə çıxış edib?" sualımıza isə teatr rəsmisi bu cür cavab verdi:

"Bellini Teatrında çox sayda musiqiçilər çıxış edir. Onların bəziləri opera tamaşaları, bəziləri isə konsert proqramları ilə səhnəyə çıxır. Ola bilər ki, azərbaycanlı musiqiçilər də bu səhnədə çıxış edib".

a6a4e87f-5c50-4854-8e15-0cd9abd29e36.jpg (100 KB)

Teatrın əməkdaşı Françesko Barbera, baş redaktor Pierluigi Di Rosa ilə görüşümüz zamanı bizi müşayiət edən Azərbaycanın Siciliya və Kalabriya regionları üzrə fəxri konsulu Domeniko Koko Azərbaycan teatrları ilə mövcud ola biləcək əməkdaşlıqdan söz açdı.

Françesko Barbera digər teatrlar kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə də əməkdaşlıq etməyə maraqlı olduqlarını qeyd etdi.

20220417_215323.jpg (7.49 MB)

Reportajı hazırlayarkən teatrın rəssamı Kristina Russo ilə tanış olmaq imkanımız da oldu. Xanım rəssam bildirdi ki, hazırda iyul ayında səhnəyə qoyulacaq "Toska" operasının səhnə dizaynerinin üzərində işləyir. Söhbətləşərkən məlum olur ki, Kristina Russo dünyanın bir çox ölkələrində festival və karnavalların dizaynerini işləyib, öz rəsm əsərləri ilə çıxış edib.

"Məni diplomatiya, siyasi hadisələr maraqlandırmır. Mənim üçün yalnız yaradıcılıq, incəsənət var. Bütün gücümü, həyatımı yalnız yaradıcılığa sərf etməyə çalışıram", -deyə xanım Russo bildirir.

Xalidə Gəray
Kataniya
Fotolar Andrey Şnayderindir

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR