İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan ayağı yığışmayan Paşinyan – Havadan çıxa bilmir

1916 10.11.2023 14:37 Siyasət A A

Ermənilər öz xoşbəxtliyini heyrətamiz inadkarlıqla dağda-daşda axtarmağa davam edirlər. Neçə gündür Nikol Paşinyan və komanda üzvlərinin yenə Avropada döymədiyi qapı qalmayıb, bir paytaxtdan vurub o birindən çıxırlar.

Hazırda Nikol arvadı Anna ilə birgə Parisdədir. Dünən Makronla növbəti dəfə qucaqlaşıb öpüşüblər. “İki bacı” bir daha dərdləşiblər. Təbii ki, Azərbaycanın qeybətini də ediblər. Onsuz heç olarmı?..

Özünün dediyinə görə, Fransa prezidenti ilə söhbətdə əsas müzakirə mövzusu Cənub Qafqazdakı durum, Bakı-İrəvan münasibətləri olub. Hərgah Fransanın Qafqaza nə dəxli var, anlaşılmır.

Yəni həmişəki kimi, bizi bizsiz müzakirə ediblər. Üstəlik, Azərbaycan Prezidentinin imzalamadığı, o səbəbə yuridik dəyəri olmayan “Qranada bəyannaməsi”ni yada salaraq, o ki var, tərifləyiblər – hansı sənəddə ki, ölkəmiz əleyhinə bir sıra təxribatçı bəndlər yer alıb.

Bu qəbil “sülh” cəhdlərinə “çürük qoz” da verməzlər. Lap Paşinyan Anna ilə günlərlə Yelisey Sarayında yatsa da. Çünki bölgənin problemləri bölgədə və bölgə dövlətləri ilə həll olunur. Regiona “dal qapı”dan və ya “erməni kartı” ilə soxulmaq istəyən Fransa bu məsələdə təsir imkanı, nüfuzu olan sonuncu dövlətdir. Paris getsin öncə bu gün də müstəmləkəçi siyasət apardığı Afrika ölkələri ilə böhrana girmiş əlaqələrinin qeydinə qalsın. Bizim bölgədə Makronun nə iti azıb?..

Keçək indi Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın siyasi özfəaliyyətinə. O da iki gündür Parisdədir. Ənənəsinə sadiq qalan Mirzəyan dünən YUNESKO-nun iclasında da Azərbaycan əleyhinə ağzına gələni danışıb. Ünvanımıza köhnə-təzə iftiralar, böhtanlar yağdırıb, hədyanlar səsləndirib. Qısası, özünə əməllicə əl qatıb, yaxa cırıb. Sırtıqcasına yenə “etnik təmizləmə”, Qarabağda mifik “çoxminillik erməni mədəni irsi”nin təhlükədə olması haqda sayıqlamalar söyləyib.

Bu da hələ hamısı deyil. Noyabrın 13-14-də Brüsseldə Avropa İttifaqı ölkələrinin XIN başçılarının toplantısı olacaq. Məlumatlara görə, iclasda Azərbaycan-Ermənistan münasibətləri məxsusi diqqətdə saxlanılacaq. Mirzəyan həmin tədbirə də dəvət alıb. Azərbaycanı isə orada da heç kim təmsil etməyəcək - Avropa ədaləti yəni.

Nəhayət, bu gün - noyabr 10-da Brüsseldə daha bir anti- Azərbaycan tədbiri planlaşdırılır - “Avropa Parlamentində Dağlıq Qarabağa dair konfrans” təxribatçı kod adı ilə. Bu avantürist tədbirə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qatılacaq...

Belə. Erməni yetkilələri və onların və havadarlarına heç cür çatmır ki, bu cür “təkqapılı” oyunlarla, Bakıya qarşı bitməyən şər və yalan ritorikası ilə, destruktiv gündəmlə, davakar və xəbis təbliğatla Azərbaycan və Türkiyə ilə sülhü yaxınlaşdıra bilməzlər. Əksinə onu bir az da uzaqlaşdırsdırıb əlçatmaz edəcəklər. Demək, bölgədən barıt qoxusu əskik olmayacaq. Babalı öz boyunlarına...

“Rusiya və Türkiyə bütövlükdə Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün real təminatçısı, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qarantıdır. Çünki bu iki dövlət bizə problem yarada bilər və biz onlarla söhbət etməklə problemləri aradan qaldıra bilərik. Qalanları nağıllardır”.

Son sitat erməni politoloq Süren Surenyantsa məxsusdur.

Həqiqətən də kapitulyant ölkənin varlıq qarantı nə Fransadır, nə də ABŞ. Olmayacaq da! Etibarlı qarant - lap yaxında, qonşuluqdadır - Türkiyədir, Azərbaycandır. Lap elə Rusiyadır. Odur ki, cənab haylar, bəlkə heç olmasa, gerçəyi az-çox anlayan və söyləyən soydaşlarınıza qulaq verəsiniz? Havaya girmək, nağıllara qulaq asmaq yetmədimi? Hələ vaxt var...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR