İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının bu qərarı bahalı neft və böhran vəd edir

995 31.05.2022 22:01 İqtisadiyyat A A

Avropa İttifaqı 6 aydan sonra Rusiya neftini daşıyan tankerlərin sığortalanmasını qadağan edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Avropa İttifaqının rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu qadağa Aİ-nin Rusiyaya qarşı altıncı sanksiya paketinə daxil edilib. Treyderlər bu qadağanın ciddi təsirləri olacağını gözləyirlər. Belə ki, gəmi sahibləri və treyderlər neft daşıyan tankerləri iki növ sığorta edirlər. Birinci növ sığorta tankerlərin gövdəsini və avadanlıqlarını fiziki təsirlərdən sığortalayır. Bu sığortanı adətən Londonun Lloyd bazarında(ən böyük beynəlxalq sığorta şirkətlərini birləşdirən bazar) almaq olur.

İkinci növ sığorta neft daşımalarında üçüncü şəxslərin məsuliyyətinin sığortasıdır. Dünya tanker donanmasının 95 faizinə bu sığortanı Böyük Britaniya, Norveç, Avropa İttifaqında fəaliyyət göstərən P&I beynəlxalq şirkətlər qrupu təqdim edir. Şirkətlər qrupunun rəhbərliyi bəyan edib ki, Aİ qadağa qərarı verərsə, ona əməl edəcəklər.

Aİ-nin bu qadağası Rusiyanın öz neftini Asiya bazarlarına yönəltməsini əngəlləyəcək. Bu isə neft bazarındakı yüksək qiymətlərin uzun müddət davam etməsinə səbəb ola bilər.

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, dünya iqtisadiyyatının neftin hazırkı yüksək qiymətinə hətta bundan sonra 6 ay belə davam gətirəcəyi real görünmür: “Postpandemiya dövründə toparlanmağı hədəflədiyi halda müharibənin daha bir ciddi böhran riski yaratdığı qlobal iqtisadiyyat kəskin bahalanan enerji sayəsində çox yüksək təklif inflyasiyası ilə qarşılaşdı.

Təklif inflyasiyasının yaratdığı yüksək xərclər tələb məhduluğu yaratmaqla və real sektorda daralmanı qaçılmaz etməklə yanaşı ev təsərrüfatlarının alıcılıq qabiliyyətini, yüksək borcla çalışan biznesin ödəmə qabiliyyətliliyin ciddi şəkildə sarsıdacaq. Əgər yüksək qiymətlər qalarsa, yaxın 3-4 ayda qeyd elədiyim təsirlər aydın hiss olunacaq.

İnflyasiyanın yüksək səviyyəsi təkcə ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltmır, həmçinin onların da ipoteka və istehlak məqsədli borclarını qaytarmasını çətinləşdirir.

Öz öhdəliklərini yerinə yetirə bilməyən biznes və ev təsərüfatlarına görə maliyyə sektoru üçün də ağır vəziyyət yaranır”.
Ekspert hesab edir ki, qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb problemi həll edəcək, ya da qlobal iqtisadiyyat öz çarə tapacaq - böhranla bu qiymətə reaksiya verərək həmin qiyməti aşağı çəkəcək.

 

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR