İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa gələn qış donmaqdan qurtula biləcəkmi? - təhlil

466 07.07.2022 10:40 İqtisadiyyat A A

Qoca qitə Moskvadan gələn təzyiqlərə boyun əyməməkdə qərarlı görünür

Rusiyanın qaz şantajı ilə üzləşən Avropa həm anbarlarını doldurmaq, həm də cari tələbatı ödəmək üçün vasitələr axtarmaqdadır. İyulun 2-nə olan məlumata əsasən, Avropanın qaz anbarları 58 faizdən çox doldurulub. Avropanın Gas Infrastructure (GIE) məlumatlarına əsasən, anbarlarda 63 milyard kubmetrə yaxın qaz toplanıb. Avropa Birliyinin mayda rəsmən qəbul etdiyi qərara əsasən anbarlar oktyabrın 1-dək 80 faiz, noyabrın 1-dək isə 90 faiz dolu olmalıdır. İndiyədək yalnız Portuqaliya anbarlarını 100 faiz doldura bilib. Ondan sonra ən çox ehtiyat 97,44 faizlə Polşadadır. Almaniyada bu rəqəm 62 faiz, Fransada 63 faiz, İtaliyada isə 59 faiz təşkil edir.

Avropada anbarlara ən çox qaz mayda vurulub. Bir ay ərzində anbarların dolumluluq səviyyəsi 30 faizdən 45 faizə qədər yüksəlib. Lakin iyunun 10-dan sonra “Qazprom” şirkəti qəfildən “Şimal axını-1" kəmərilə gündəlik qaz nəqlini 167 milyon kubmetrdən 64 milyon kubmetrə qədər azaldıb. Hazırda Rusiya Ukrayna ərazisi və  ”Şimal axını-2" kəməri ilə Avropaya gündə 110 milyon kubmetr qaz verir. İyunun ortalarınadək bu həcm 200 milyon kubmetr təşkil edirdi. Avropada qaz anbarlarının sürətlə doldurulduğunu görən Rusiya bunun qarşısını almaq üçün “Şimal axını-1" kəməri ilə nəqli kəskin azaldıb. Moskva bunu ”Siemens" şirkətinə məxsus avadanlıqların təmirdən sonra vaxtında geri qaytarılmaması ilə əsaslandırmağa çalışır. Lakin şirkət açıqlama verərək, təmirdə olan avadanlığa görə nəqlin belə kəskin azaldılmasının tələb olunmadığını, Rusiyanın məqsədyönlü şəkildə Avropaya qaz nəqlini aşağı saldığını bəyan etdi. Eyni zamanda Almaniya və Avropa Birliyi rəsmiləri də bu addımın birmənalı şəkildə Rusiyanın şantajı olduğunu açıqladılar. İyulun 11-21 aralığında isə “Şimal axını-1"lə nəql tamamilə dayandırılacaq - kəmərdə illik texniki yoxlamalar aparılacaq.

Avropa Rusiya qazına təslim olur? | Kaspi.az

“Şimal axını-1"lə qaz nəqli azaldıldıqdan sonra Avropada anbarlara vurulan qaz həcmi bir müddət azalsa da, sonradan  maye qaz alışları artırılmaqla əvvəlki sürət bərpa olundu. Nəticədə iyun ayı üzrə Avropanın ABŞ-dan aldığı qaz həcmləri ”Qazprom"dan aldığından daha yüksək oldu. Belə ki, ay ərzində Avropa İttifaqı ABŞ-dan 5,3 milyard kubmetr ekvivalentində, “Qazprom”dan isə 5,1 milyard kubmetr qaz alıb. Bu, indiyədək ilk dəfə baş verən haldır ki, maye qaz həcmləri Rusiyanın Avropaya boru qazı satışını üstələyir. Üstəlik, iyunun 23-də Norveçlə Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlıq, həmçinin qaz satışının artırılmasına dair müqavilə imzalandı. Norveç hazırda Avropanın qaz tələbatının 25 faizə yaxınını təmin edir. Müqaviləyə əsasən bu həcmin avqustun sonundan etibarən daha da artırılması nəzərdə tutulur.

Məhz buna görə də Rusiya iyulun 21-dən “Şimal axını-1"lə nəqli bərpa etməmək üçün zəmin hazırlamağa çalışır. Müxtəlif texniki problemlər haqqında məlumatlar mətbuata ötürülür ki, guya həmin problemləri aradan qaldırmaq daha uzun vaxt tələb edəcək.

Bu məlumatları analiz edən bir çox mərkəzlər Rusiyanın qaz nəqlini iyulun 21-də deyil, daha gec bərpa etməklə Avropadakı anbarların dolrdurulmasının qarşısını almaq, bununla da payız və qışda qaza tələbat artan zaman qitəyə təzyiq imkanlarını gücləndirməyə çalışacağını proqnozlaşdırırlar. Rusiyaya yaxınlığı  ilə tanınan bir sıra Avropa siyasətçiləri “Şimal axını-1"də təmir başa çatanadək ”Şimal axını-2" ilə qaz nəqlinə icazə verilməsini təklif edirlər. Lakin həm Avropa Birliyi, həm də Almaniya kəmərin istismar üçün sertifikasiyadan keçmədiyi üçün onunla nəqlin başlanmasının qeyri-mümkün olduğunu bildiriblər.

KREML AVROPA BİRLİYİNƏ ŞANTAJI GÜCLƏNDİRİB – Qərb ölkələri isə Rusiyanı  milyardlarla dollardan məhrum etməyin yollarını tapıblar - 7Times.Az – Son  Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Avropa Birliyinin ən böyük iqtisadiyyatına sahib Almaniyada anbarlara qaz vurulması davam etsə də, Rusiyadan nəql tamamilə dayanacağı təqdirdə bu prosesin ləngiyəcəyi qaçılmaz olacaq. Almaniya ilin sonunadək maye qaz qəbulu üçün iki üzən terminalın istifadəyə verilməsinə çalışır. Terminalların quraşdırılması işləri sürətlə aparılır və onların vaxtında təhvil verilməsi gözlənilir. Lakin “Bild” qəzetinin yazdığına görə, terminalların hazır olmasına rəğmən Almaniyanın onlar vasitəsilə yetərincə qaz alması problemi var. Belə ki, dünyada maye qaz daşıyan iri tankerlərin sayı 500-dən bir qədər artıqdır. Onların çoxu hazırda uzunmüddətli müqavilələr üzrə icarədədir. Qəzet bildirir ki, Almaniya hökumətinin iri tanker icarələmək cəhdləri hələlik müsbət nəticələnməyib: “Almaniyanın ticarət donanmasında uzaq məsafəyə maye qaz daşımaq üçün nəzərdə tutulan tankerlər yoxdur. Dünyada belə tankerlərin sayı 500 civarındadır, lakin digər regionlardan da tələbat yüksək olduğuna görə boş tanker tapmaq ciddi problemdir”.

Qeyd edək ki, Almaniya 2023-cü ilin ilk yarısında maye qaz idxalını 13 milyard kubmetrə çatdırmağı planlaşdırır. Lakin zəruri sayda tanker tapılmasa, bu plan baş tutmaya bilər. “Bild”ə danışan mütəxəssislər bu səbəbdən yay aylarında Almaniyanın bütün mümkün vasitələrlə yeraltı anbarlarını tam doldurmasının vacib olduğunu bildirirlər.

Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Avstriyada hökumət yeraltı anbarların doldurulma səviyyəsi üzrə qiymətləndirmə aparıb. Qiymətləndirmədən sonra hökumətin enerji təhlükəsizliyi üzrə ikinci səviyyəni elan etməsi gözlənilir. Bu, o deməkdir ki, ölkədəki iri qaz istehlakçıları gündəlik tələbatları barədə tənzimləyiciyə məlumat verməli olacaqlar. Hazırda Avstriyanın şərqindəki anbarların 61 faiz doldurulduğu bildirilir.

İyulun 6-da Norveçdə neft-qaz işçilərinin 2 günlük tətili hökumətin müdaxiləsindən sonra dayandırılıb. Bu isə Avropada qaz qiymətlərinin 1630 dollara qədər ucuzlaşmasına səbəb olub.

Avropa ciddi qaz qıtlığı ilə üzləşə bilər

Bundan əlavə, Asiyada koronavirus pandemiyasına görə yeni lokdaunların təyin olunması qaza tələbatı artırmaqla qiymətlərin ucuzlaşmasına gətirib çıxarıb. Çində yenidən bir sıra iri ticarət rayonlarında karantin məhdudiyyətlərinin tətbiqi bu ölkədə qaza olan tələbatın azalmasını şərtləndirir. Digər tərəfdən, Avropanın özündə də koronavirusun yayılma sürəti yenidən artır. Bütün bunlar qaz qiymətlərinin aşağı düşməsini şərtləndirir. Lakin Rusiyanın Avropaya qaz nəqlini tamamilə dayandırması bu prosesin qarşısını ala bilər. Rusiya həmçinin ən böyük maye qaz alıcısı olan Yaponiyaya maye az satışını dayandırmağa hazırlaşır. Prezident Vladimir Putinin iyulun 1-də imzaladığı sərəncamla “Saxalin-2" maye qaz şirkətində idarəetmə dövlətə verilib. Bu isə şirkətin Yaponiyaya maye qaz satışını dayandırması təhlükəsini yaradır. Yaponiyanın maye qaz alışlarının 9 faizi Rusiyadan reallaşdırılır. Onun dayanması Asiyada maye qaz qiymətlərinin bahalaşmasına gətirib çıxara bilər. Bu halda Asiya və Avropa bazarları arasında rəqabətin yaranması, nəticədə qaz qiymətlərinin bahalaşması təhlükəsi böyükdür.

Hazırda Qətər, ABŞ, Avstraliya və digər bir neçə ölkədə maye qaz istehsalı ilə bağlı böyük layihələr həyata keçirilməkdədir. 2025-ci ilədək bu layihələr başa çatacaq və bazara böyük həcmdə maye qaz daxil olmağa başlayacaq. Bu isə Avropanın Rusiyadan qaz asılılığından tamamilə qurtarmasına imkan verəcək. Ona qədər Avropa hətta kömürlə işləyən elektrik stansiyalarının gücündən də istifadə etməyə hazırlaşır. Artıq Niderlandda belə stansiyaların fəaliyyətinə qoyulan məhdudiyyət qaldırılıb. Almaniya da artıq köhnə kömür stansiyalarının işini bərpa etməyə başlayıb. Eyni zamanda Avropada payıza doğru böyük həcmdə alternativ, xüsusilə də külək enerjisi mənbələrinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan əlavə, Afrikadan, həmçinin Azərbaycandan Avropaya qaz nəqlinin artırılması da nəzərdə tutulur. Azərbaycan həm öz mənbələrindən, həm də İran və Türkmənistanın qazını Avropaya çatdırmaq üçün infrastruktura malikdir. Artıq Azərbaycan qazını Türkiyəyə çatdıran TANAP, Avropaya çatdıran TAP kəmərinin genişləndirilməsi istiqamətində fəaliyyətlər sürətləndirilib. Yaxın 2-3 il ərzində hər iki kəmərin ötürücülük gücünün ikiqat artırılması nəzərdə tutulur. Bu isə yalnız Azərbaycanın deyil, İran və Türkmənistanın qazının da bu kəmərlərlə nəqlinə imkan verəcək. Artıq Türkiyə də Türkmənistan qazının TANAP-la nəqlinə dair Aşqabadla danışıqlar aparır. Türkiyənin vitse-prezidenti Fuat Oktayın Türkmənistana səfəri zamanı verdiyi məlumata görə, Türkmənistan təbii qazının Türkiyəyə çatdırılması üçün 3 variant üzərində iş aparılır və bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir. Türkmənistan təbii qazının Türkiyəyə gətirilməsi üçün bir neçə alternativin olduğunu deyən Oktay bildirib: “Biz 3 alternativ üzərində işləyirik: Xəzərdən keçən kəmərin tikintisi, TANAP xəttinin istifadəsi, SWAP müqaviləsi və ya boru kəməri, dəniz yolu ilə boru kəmərinə qədər. Məmnuniyyətlə demək istəyirəm ki, biz işləri tamamlanmağa çox yaxınıq”.

Beləliklə, görünən budur ki, Avropa Rusiyanın təzyiqlərinə rəğmən öz enerji təhlükəsizliyini təmin etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməkdə qərarlıdır. Hətta Rusiya qitəyə qaz nəqlini tamamilə dayandırsa belə, Avropanın Moskvanın diqtəsi ilə razılaşacağı real görünmür.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR