İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa 20-25 ilə neft-qaz asılılığından qurtulacaq - Azərbaycana da təhlükə?

1266 04.06.2022 09:20 İqtisadiyyat A A

İqtisadçı ekspert ölkəmiz qarşısındakı ciddi çağırışlardan danışdı; “Azərbaycan özü də alternativ enerji mənbələrinə keçməlidir, çünki...”

Rusiyanın Ukraynaya hücumu ilə ənənəvi enerjidaşıyıcılarından asılılığın azaldılması məsələsi qlobal müzakirələrin mərkəzinə gəlmiş oldu. Bu gün ABŞ və Avropa İttifaqı Rusiyanın aqressiyasının qarşısını almaq üçün onu əsas gəlir mənbələrindən məhrum edə bilmir: çünki Avropa böyük ölçüdə bu ölkənin neft-qazından asılıdır.

Məhz bu asılılıq indi Qərbin, bütövlükdə dünyanın enerji üçün alternativ mənbələrə diqqətini dəfələrlə artırıb. Avropa İttifaqı 2050-ci ilədək enerji təchizatını bütünlüklə bərpa olunan mənbələr hesabına həyata keçirməyi təmin etmək niyyətindədir. Birliyin ən böyük dövləti olan Almaniyanın kansleri Olaf Şolts bəyan edib ki, cəmi 25 ildən sonra - 2045-ci ildə Almaniyanın qaz, neft və kömür idxalından asılılığı tam aradan qalxacaq, çünki ölkə, sadəcə, bərpa olunan resurslara arxalanacaq.

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) Baş direktoru Françesko La Kamera hesab edir ki, bərpa olunan enerji mənbələrinə investisiyaların artırılmasına ehtiyac var. Onun sözlərinə görə, “yaşıl hidrogen” istehsalı karbon emissiyasının 12  faiz azalmasına şərait yaradacaq. F.Kamera əlavə edib ki, bu, 2030-cu ilə qədər temperaturun 1,5 dərəcə aşağı düşməsi prosessinə dəstək verəcək: “Bərpa olunan enerji sektoruna ciddi investisiyaların qoyulmasına ehtiyac var. İRENA-nın apardığı araşdımalara görə, 4 ssenari üzrə bu sektora 2030-cu ilə qədər 7 trilyon ABŞ dolları məbləğində investisiyanın yatırılmasına ehtiyac var. Bütün bunlar isə bizə Paris Sazişinin müddəalarını yerini yetirməyə imkan verir. Hesablamamıza görə, investisiyaların artırılması bərpaolunan enerji sektorunda 90 milyona yaxın iş yerinin yaradılması ilə nəticələnəcək”.

Alternativ enerjiyə yatırımların sürətlə artması fonunda neft-qaz hasilatında əks proses gedir. Beynəlxalq Enerji Forumunun (IEF) Baş katibi Cozef Makmoniqlenin dediyinə görə, son iki ildə neft-qaz hasilatı sektoruna yatırılan investisiyaların həcmi təxminən 25 faiz azalıb: “Təbii ki, buna təsir göstərən amillər arasında COVID-19 pandemiyası da var. Amma düşünürəm ki, bundan sonra da hasilat sektoruna ayrılacaq investisiyalar 25 milyard ABŞ dolları civarında olaraq qalacaq”.

Baş katib bildirib ki, gündəlik neft tələbatının 90 milyon barel olaraq qalması hələ də “qara qızıl”a tələbin yüksək səviyyədə olmasını göstərir. C.Makmoniqlen hesab edir ki, neftə olan tələbat getdikcə artacaq: “Hazırda neftə gündəlik tələbat 90 milyon barel olsa da, bunun 100 milyon barelə çatacağını proqnozlaşdırırıq. Bu isə bizə imkan yaradır ki, bir neçə məsələlərə fikir verək. Çünki bazarda artıq neft ola bilər və enerji keçidi dövründə karbon emissiyasının azaldılmasına diqqət yetirilməlidir”.

Beynəlxalq analitik mərkəzlər neftə olan tələbatın artımın qısamüddətli olacağını proqnozlaşdırırlar. Hesab olunur ki, hətta Rusiyanın neft bazarından tamamilə çıxması şəraitində belə qiymətlərin uzun müddətə yüksək qalması mümkün olmayacaq, çünki neftə olan qlobal tələbat sürətlə azalacaq. Buna isə alternativ enerjiyə keçid gətirib çıxaracaq.

İqtisadçı-ekspert Elman Sadiqovun “Yeni Müsavat”a dediyinə görə, ümumiyyətlə, dünyada iki böyük qrup formalaşıb: “Bunlar alternativ enerji tərəfdarları və ənənəvi enerji tərəfdarlarıdır. Hər iki tərəfdə böyük, transmilli şirkətlər var. Və bir də ortada böyük və iddialı bir layihə var: 2040-cı ilədək icra olunması nəzərdə tutulur. Layihəyə bu vaxta qədər alternativ enerji layihələrinə 100 trilyon dollar investisiyanın yatırılması daxildir. Hətta keçmiş ABŞ prezidenti Donald Tramp onu ”avantürist layihə" adlandırmışdı. Co Bayden hakimiyyətə gəldi və alternativ enerji məsələsini gündəmə gətirdi. Enerji doldurma stansiyaları, alternativ enerjiyə keçid üçün zəruri olan infrastrukturların yaradılmasına bir neçə trilyon dollarlıq paketlər ayrıldı. Məsələ belə qoyulur ki, neft və qaz tükənir. Təxmini hesablamalara görə, dünyada 2060-cı ilədək neft, 2080-ci ilədəksə qaz tükənəcək. Bir çoxları alternativ enerjiyə keçid üçün tələsməməyi, prosesi tədricən aparmağı təklif edirlər. Onlar 2040-cı il hədəfini tələskənlik kimi qiymətləndirirlər. Lakin alternativ enerji tərəfdarları iqlim dəyişikliyi amilini əsas gətirməklə sürətli keçidi təbliğ edirlər.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına  başlanılacaq”

Elman Sadiqov

Beləliklə, iki qrup arasında mübarizə Baydenin hakimiyyətə gəlişi ilə alternativ enerjiyə sürətli keçid tərəfdarlarının qalib gəlməsi ilə nəticələndi. Rusiyanın Ukraynaya müdaxiləsi ilə neft-qazın qiyməti ifrat bahalaşdı. Bu isə keçid prosesini daha aşağı sürətlə aparmaq istəyənlərin geri çəkilməsinə səbəb oldu. Bu gün alternativ enerji tərəfdarları öz mövqelərini möhkəmləndirmək üçün çox əlverişli şərtlər əldə ediblər. Yəni artıq mübarizə ediləcək qüvvə qalmayıb qlobal səviyyədə. Buna görə də növbəti mərhələdə alternativ enerjiyə investisiyaların ildırım sürətilə artmasını müşahidə edəcəyik".

Ekspert bildirir ki, 2040-cı ilədək neft-qaza olan tələbatın indikinin 30-35 faizinə qədər düşəcəyi proqnozlaşdırılır: “Beynəlxalq analitik mərkəzlərin rəyi belədir ki, qısamüddətli dövrdən sonra neft və qaza olan qlobal tələbat sürətlə azalmağa başlayacaq. Artıq inkişaf etmiş ölkələrdə nəqliyyatda elektomobillərə keçid dəfələrlə sürətlənib, mənzillərin enerji təminatında günəş, külək enerjisinin payı artır. Eyni zamanda belə enerjinin maya dəyəri sürətlə ucuzlaşır, neft-qazı geridə qoymaqdadır. Belə şəraitdə Rusiyanın ucuz enerjisindən istifadənin uzun müddət davam etdirilməsi də gözlənilən deyil. Belə demək mümkünsə, enerji keçidi məsələsi Qərblə Rusiyanın, enerji tərəfdarlarının, yeni nəsillə köhnə nəsillərin toqquşmasıdır. Rusiya Suriyaya müdaxilə etməklə Qətər qazının Avropaya çatmasının qarşısını ala bilmişdisə, Ukraynaya hücumla qitə bazarında əldə etdiyi dominant mövqeləri sürətlə itirməkdədir. Rusiyadan asılı olmayan Avropanın bu ölkəni ciddi amil kimi qəbul etməsi getdikcə daha çox mümkünsüz hala gəlir. Bu isə NATO-Rusiya qarşıdurmasında ağırlığın birinci tərəfə yönəlməsinə səbəb olur. Rusiya Ukraynaya hücumla buna da şərait yaratdı. Təsadüfi deyil ki, NATO baş katibi Yens Stoltenberq bu günlərdə qeyd etdi ki, ”biz dörd ilə İsveç və Finlandiyanı inandıra bilmədik ki, təhlükəsizliyinizin təmin olunması üçün sizin NATO üzvü olmanız zəruridir. Amma Putin onları cəmi 4 həftəyə bu reallığı qəbul etməyə məcbur qoydu".

E.Sadiqovun firkincə, qlobal araşdırmalar, aparılan analizlər deməyə əsas verir ki, enerji keçidinin reallaşması tarixi olaraq hədəf 2050-ci deyil, artıq 2040-cı ildir: “Alternativ enerji istehsalında da böyük nailiyyətlər əldə olunur: həm maya dəyəri aşağı salınır, həm də texnoloji yeniliklər nəticəsində prosesi dəfələrlə sürətləndirmək mümkün olub. Əgər bir neçə il əvvəl Avropanı günəş enerjisi ilə tam təmin edəcək panellərin quraşdırılması üçün Portuqaliyanın ərazisi qədər ərazi tələb olunurdusa, indi buna iki Paris qədər ərazi də kifayət edər. Yəni bu sahədə texnoloji inkişaf günlərlə ölçülməyə başlayıb. Düşünürəm ki, 2060-cı ilədək dünyada neft-qazdan istifadə minimum səviyyəyə -5-10 faizə düşəcək”.

Yaşıl enerjiyə keçidin belə sürətlənməsi fonunda əsas gəlirləri neft-qaz satışından formalaşan Azərbaycanın qarşısında ciddi çağırışlar yaranır. 1990-cı illərdən başlayaraq ölkədə hasil olunan neft və qaz dünya bazarına çıxarılır. Faktiki olaraq, ölkə iqtisadiyyatı neft gəlirləri üzərində dayanmaqdadır. Bu şəraitdə ölkə hansı istiqamətlərə diqqət yetirməlidir?

Müsahibimiz deyir ki, hətta alternativ enerji keçidi olmasaydı belə, dünyada neft-qazın yüksək qiyməti uzunmüddətli olmayacaqdı: “Dünya möhkəm dollar dövrünə qədəm qoyub. Bu güclü dollar həm də neft-qazın qiymətinin aşağı düşməsi deməkdir. Qısamüddətli dövrdə bu qiymətlərin indiki yüksək həddə qalması reallıqdır. Lakin Rusiya neftinin bazardan çıxarılması digər ölkələrdə 1-2 ilə hasilatın arıtırlmasını şərtləndirəcək. Nəticədə, bazarda getdikcə ucuzlaşma başlayacaq, alternativ enerji istehsalının sürətli artımı bu prosesi daha da gücləndirəcək. Və artıq 2030-cu ildən sonra neft və qazın qiymətinin bahalaşması real görünmür. Buna görə də düşünürəm ki, əvvəla, Azərbaycan özü də enerji təminatında alternativ mənbələrə keçməlidir. Artıq bu istiqamətdə işlər başlanıb, bir neçə böyük layihəsinin icrası start götürüb. Digər məsələ iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının təmin olunmasıdır. Bütün qeyri-neft sahələri üzrə analizlər, təhlillər aparılmalı və hər birinə dair xüsusi inkişaf planları hazırlanmalıdır”.

Məlumat üçün qeyd edək ki, indiyə qədər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin verdiyi məlumata görə, hazırda AÇG-dən gündəlik 59 min neft, 40 milyon kubmetr təbii qaz hasil edilir. Hasilata başlanılan gündən bu günə qədər yataqlar blokundan hasil edilən neftin 325 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşüb. Bu, blokdan ümumi hasilatın 59 faizi deməkdir. O qeyd edib ki, bu ilin mayın 1-nə qədər AÇG-dən ixrac edilən 628 milyon neftin 458 milyon tonu Bakı-Tiflis-Ceyhan (BTC) boru xətti ilə nəql edilib.

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından isə bu günə qədər 166 milyard kubmetr təbii qaz və 36 milyon ton kondensat hasil edilib. İndiyədək bu həcmin 16 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql edilib. Daha 11,3 milyard kubmetr qaz Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edilib. Bu həcmlərin 9,7 milyard kubmetri İtaliyaya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri isə Bolqarıstana çatdırılıb. AÇG-nin işlənməsi layihəsi 2049-cu ildə, “Şahdəniz” isə 2048-ci ildə başa çatmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR