İnsanlara hürriyət, millətlərə istiqlal!

Avec qui êtes-vous, Ali Karimli?

4660 17.10.2022 14:25 Analitika A A

Ermənistanın şərti müstəqillik qazandığı ilk günlərdən üzü bəri Fransa həmişə dövlət olaraq onun yanında olub. Bu, fransız-erməni münasibətlərinin ikinci mərhələsiydi. Əslində isə bu münasibətlər I dünya müharibəsindən daha əvvəl qurulub və həmin müharibə dövründə hərbi müttəfiqlik səviyyəsinə yüksəlib. Elə Fransanın 100 il əvvəl öz günahları üzündən regiondan qaçaq düşən ermənilərə qucaq açmasının, onları öz şəhərlərində yerləşdirməsinin əsas səbəbi də öz müttəfiqlik borcuna sadiq qalmasıdır.

Bu dövlət Ermənistanın Azərbaycan ərazilərini 27-28 il ərzində işğal altında saxladığı dövrdə də daima rəsmi İrəvanın yanında olub, erməni ordusunun Qarabağda möhkəmlənməsi üçün güclü istehkamlar tikib, erməni əhalinin Qubadlı və Laçın kimi qondarma “DQR”-ə dəxli olmayan, əzəli Azərbaycan torpaqlarında məskunlaşması məqsədi ilə yaşayış məntəqələri tikib bağışlayıb.

“Erməni soyqırımı” haqda ard-arda bir neçə qanun layihəsi (o cümlədən “soyqırım”ı qəbul etməyənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun) məhz Fransa parlamentində müzakirə və qəbul edilib – həm də az qala yekdilliklə.

Elə 44 günlük Vətən müharibəsi zamanı da Fransa öz vasitəçilik missiyasını bir kənara qoyaraq, birmənalı şəkildə Ermənistanı müdafiə edirdi. Prezident Makronun bəyanatları, Paşinyanla mütəmadi əlaqələri, Azərbaycana təzyiq cəhdləri davam edirdi. Fransa az qala Ermənistanı öz “təcavüzə məruz qalmış” vilayəti elan edəcəkdi.

İndi bu ölkə bütün bunlardan sonra bu gün müharibədən sonra hələ bir “vasitəçilik” etməyə də cəhd göstərir. Bu, o məqsədi daşıyır ki, fransız diplomatlar erməni həmkarlarını danışıqlar masasında tək qoymasınlar, onlara dəstək versinlər, sülh danışıqlarının ermənilərin istədiyi istiqamətdə getməsinə, sonda onların iradəsinin qəbul edilməsinə nail olsunlar. Başqa heç bir nəticə fransız siyasətçiləri və diplomatları qane etmir. Fransızlar artıq ermənipərəstlikdə Rusiyanı da, ABŞ-ı da arxada qoyublar və bu, böyük ölçüdə heç kəsə sirr deyil.

Başqa sözlə, Fransa bizim millət olaraq 1 nömrəli düşmənimizin (qalıcı sülh müqaviləsi bağlanmadığı müddətcə bu, belədir) 1 nömrəli dostu-müttəfiqidir.

Belə olduğu təqdirdə özünü vətənpərvər siyasi qüvvə və ya fərd sayan heç kəs Fransaya, onun yeritdiyi siyasətə münasibətdə loyal mövqe tutmamalıdır və prinsipial olmalıdır. Lakin heç də hamı elə düşünmür. Məsələn, partiyasını “ana müxalifət”, özünü “yeganə əsl müxalifət lideri” adlandıran Əli Kərimli Fransa prezidentinin ermənipərəst siyasətinə etiraz etmək, ədalətsiz mövqeyini tənqid hədəfinə çevirmək yerinə, onun çıxışını orfoqrafik, qrammatik, fonetik və s. baxımdan analiz etməyi vacib sayır.
Əslində Makronun açıqlamasında səslənən zərbəçi fikirlər istənilən vətənpərvər insanı narahat etdiyi kimi, özünü patriot sayan AXCP sədrini də narahat etməliydi. Məsələn, Makronun “Ermənistan bu regionda tolerantlığın, ruhun və sülhün unikal formasına yiyələnib... Azərbaycan öz ərazisini birləşdirmək üçün koridor açmağa çalışır. Biz bunu qətiyyətlə pislədik... Biz erməniləri tək qoymayacağıq” kimi fikirləri heç də Əli Kərimlinin özünə siyasi rəqib saydığı Azərbaycan iqtidarına yox, bütövlükdə xalqımıza, dövlətimizə yönəlib. Amma bu, Kərimlini narahat etmir. O, belə bir birmənalı ermənipərəst bəyanatın anti-Azərbaycan ruhunu “azaltmaq”, “malalamaq” üçün hansısa cümlədə vergülün yerini dəyişmək və hərf səhvi axtarmaq cəhdi edir.

Bu, Ə.Kərimlinin və onun mövqeyini bölüşənlərin etdiyi seçimdir. Onlar bu mövqeləri ilə Azərbaycan dövlətinin, xalqının, onun haqq işinin yanında olmadıqlarını göstərir, trivial ifadə ilə desək, düşmənin çörəyinə yağ çəkirlər. Çünki hər fürsətdə Ermənistan dövlətini müdafiə edəcəklərini deyən Makronun tərəfini tutmaq birbaşa Ermənistanın tərəfini tutmaq kimi bir şeydir.

Ə.Kərimli və onun kimilər bu hərəkətləri ilə hələ də Avropanın qüdrətli dövlət və fondlarından mədəd umduqlarını, siyasi dəstək və maddi yardım gözlədiklərini büruzə verirlər. Onlar hesab edirlər ki, indiyə qədər dəfələrlə Azərbaycana qarşı mənfi münasibət bəsləyən bəzi tərifli Avropa dövlətləri, nəhayət, ölkədaxili siyasi mübarizədə onların əlini gücləndirəcək qərarlar qəbul edəcək, hərtərəfli dəstək verəcəklər.

Ancaq bunlar xam xəyallardır. Avropanən məkrli siyasi dairələri Azərbaycanda hansısa siyasi qüvvəyə o zaman müəyyən dəstək verərlər ki, onlardan öz mənafeləri üçün yararlansınlar, onların əliylə Azərbaycan dövlətinə (eləcə də hökumətə) problem yaratsınlar.

Bunları bilə-bilə ölkəmizə qarşı xain planlar tərtib edənlərin, düşmənimizi güclü, bizi zəif, parçalanmış görmək istəyənlərin əl-üzünü yumaq ayıb və xəcil işdir. Bu baxımdan Əli Kərimli və onun kimilər öz mövqelərini bir daha dəqiqləşdirməlidirlər ki, kimin tərəfindədirlər. Əsas sual budur: Makron açıq şəkildə ermənilərin yanındadır, bəs siz kimin yanında dayanmısınız, Əli Kərimli ?

Daha yaxşı anlaşıqlı olsun deyə sualı AXCP sədrinin "mükəmməl və incəliklərinə qədər bildiyi" fransız dilində təkrarlayırıq: Avec qui êtes-vous, Ali Karimli?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR