İnsanlara hürriyət, millətlərə istiqlal!

Atom silahı haramdırsa... molla rejimi niyə ona can atır?

1716 08.04.2023 08:38 Gündəm A A

Ekspertlər: "Dünya tələsməlidir, çünki İrandan nə desən gözləmək olar..."

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bu günlərdə maraqlı bir etirafda bulunub. Bildirib ki, 1994-cü ildə Budapeşt Memorandumunu imzalayarkən Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına təəssüflənir.

Klinton bunu İrlandiyanın RTE telekanalına müsahibəsində deyib: “Bu işdə bilavasitə iştirak etmişəm. Onları (Ukrayna - red.) nüvə silahından imtinaya razılaşdırdım”.

Sabiq prezident hesab edir ki, Ukraynanın nüvə silahı olsaydı, Rusiya müharibəyə cürət eləməzdi.

Xatırladaq ki, söhbət ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Ukraynanın imza atdığı sənəddən gedir. Həmin sənədə əsasən, nüvə başlıqlarını Rusiyaya təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyünə bu dövlətlər zəmanət verib.

Lakin artıq bəllidir ki, Rusiya illər sonra öz imzasına tüpürərək (2014) Krımı qəsb edib. İndi də Donbası və digər əraziləri özünə qatmaq üçün Ukraynada işğalçılıq müharibəsini davam etdirir.

O da məlumdur ki, fars-molla rejimi də israrla nüvə silahına can atır, halbuki Xomeneinin ofisi bunun haram olduğunu bəyan edib. Klintonun sözlərindən isə belə çıxır ki, İran da kütləvi qırğın silahına malik olmaqla ona nail olmaq istəyir ki, heç kim ona zərbə endirməyə cürət etməsin, özü isə istədiyini edə bilsin. Belədirmi? Yaxud Ukraynanın nüvə başlıqları olsaydı, Rusiya ona hücum edərdimi?  

Öz növbəsində İsrail Baş naziri Benyamin Netanyahu  hesab edir ki, İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya onun girovuna çevriləcək. “İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda görəcəyik. Bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovuna çevriləcək”, - Netanyahu özünün Twitter səhifəsində yazıb və əlavə edib ki, məhz bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.

Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN  ÇƏKİLDİ – YENİLƏNİB – EtikXəbər

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Amerikanın sabiq prezidenti Bill Klintonun bu açıqlaması çox mətləblərə bir daha aydınlıq gətirir: “Bir neçə il müstəqil dövlət kimi yaşadıqdan sonra Qərb Ukraynanın əlindən nüvə silahlarının alınmasına yardımçı olmaqla böyük yanlışlığa yol verdi. Bu addımın atılmasında əsas məqsəd Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığına Rusiyadan təminat almaq olmuşdu. Lakin bu hadisə baş verdiyi dönəmdə Amerika Birləşmiş Ştatları da Avropanın nüvə silahına sahib böyük dövlətləri Rusiya ilə bağlı tarixi reallıqları bir daha göz önünə almağa məhkum idilər. Axı bu ölkələrin hər biri yaxşı bilirdi ki, Rusiya ilə bağlanılan hər hansı bir müqavilə çeçen xalqının qəhrəman oğlu Cövhər Dudayev demişkən - su üzərində yazılan yazı kimidir. Odur ki, Rusiya kimi bir cığal dövlətin qonşuluğunda Ukraynanı qorumağın ən mükəmməl yolu, onun nüvə dövləti statusunu saxlamaq idi.

Bu gün Qərb, başda ABŞ olmaqla bu səhvin bədəlini ödəyir - milyardlarla dollar hərbi yardımlar hesabına Ukraynanı işğalçı Rusiyanın caynağından xilas etməyə çalışır. Əgər Ukrayna nüvə dövləti stutusunu qoruyub saxlasaydı, bu gün bu işğalçı müharibə baş verməzdi, minlərlə yaşayış məntəqələri xarabazara çevrilməzdi, milyonlarla insan öz vətənindən didərgin düşməzdi, on minlərlə insan həyatını itirməzdi və s. Qərbin strateji məsələləri uzaqgörənliklə təhlil edə biləcək çox böyük mərkəzləri nədən bu məsələdə yanlışlığa yol veriblər - bunu anlamaq bir qədər çətindir. Yəqin, Rusiyanın ovaxtkı prezidenti Boris Yeltsinin bir qədər demokrat imici bu məsələdə Qərbin gözünün yumulmasının əsas səbəblərindən biri olub. Bir sözlə, Qərb, tarix boyu (hətta Sovetlər İttifaqı dönəmində) imperiya ambisiyaları ilə nəfəs alan Rusiya kimi bir ölkədə demokratik dəyərlərin əbədi yaşayacağına inanmaqla böyük yanlışlığa yol verdi. İndi o yanlışlığın bədəlini həm Qərb, həm də Ukrayna ödəyir".

F.Yusifov hər kəsin beynində yaranan bu suala belə cavab verdi: “İran nüvə silahına yiyələnərsə, nə baş verə bilər? Bu barədə çox yazılıb və çox deyilib. Netanyahunun sözləri ilə desək, bu tək qonşu ölkələr üçün deyil, bütün dünya üçün bir problem olacaq. Bu silaha sahib olarsa, İran molla rejimini qorumaq naminə nüvə silahı ilə hər kəsi təhdid edəcək. Bütün bunlara rəğmən, həm Ukrayna ilə və həm də İranla bağlı  problemlərin həlli yolları var və Qərb, ABŞ başda olmaqla bu yollarla getməyə məhkumdur. Beləliklə, rus aqressiyasına qarşı duruş gətirməsi üçün Ukrayna 1994-cü ildə imzaladığı Budapeşt sazişindən imtina etməli və Qərb Ukraynaya nüvə silahları verməklə, onun nüvə dövləti statusunu bərpa etməlidir. İrana gəldikdə isə burada gecikilən hər gün İranın xeyrinə, Qərbin və bütün dünyanın isə zərərinə işləyir. Nə qədər gec deyil İrana Qərbin və İsrailin hərbi müdaxiləsi baş verməli və bu yolla sivil dəyərlərdən uzaq, molla ağlı ilə idarə olunan bir dövlət nüvə silahına sahiblənmək imkanından məhrum edilməlidir”.

Rusiya müharibəni “ət” hesabına udmaq istəyir

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov isə İranın nüvə silahı əldə etməməsi üçün bütün dünyanın səfərbər olmasının vacibliyini önə çəkdi: “Əslində Klintonun etirafında yeni bir şey yoxdur. SSRİ-nin dağılmasından sonra nüvə silahlarının yayılmasının qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurası üzvləri belə bir təşəbbüslə çıxış edərək postsovet ölkələrinin öz arsenallarında olan nüvə silahlarından imtinası ilə bağlı fəaliyyətə başladılar. Bu məsələdə təkcə Ukrayna ilə deyil, eyni şəkildə Belarus və Qazaxıstanla da danışıqlar aparıldı. Nəticədə 1994-cü ilin 5 dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə Silahının Yayılmaması Müqaviləsinə qoşulması ilə bağlı Budapeşt memorandumu imzalandı. Memoranduma görə, Ukrayna, Belarus və Qazaxıstana ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı müvafiq təhlükəsizlik təminatları verildi. Memorandum əvvəlcə üç nüvə dövləti - Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən imzalanmışdı, digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdirlər. Lakin Rusiya 2014-cü ildə Krımı qəsb etməklə və indi də Ukraynaya qarşı təcavüz etməklə faktiki olaraq həmin memorandumun şərtlərini pozdu. 

Yəni indi Klintonun dedikləri məlum olan faktlardır və burda yeni bir şey yoxdur. Ukrayna nüvə dövləti olaraq qalmaqda davam etsəydi, Rusiya tərəfindən təcavüzlə üzləşərdimi, bunu demək çətindir. Amma belə olacağı halda Rusiya indiki kimi hər addımbaşı Ukraynanı nüvə silahı ilə təhdid etməkdən çəkinərdi. İrana gəldikdə isə fars-molla rejiminin əlində kimyəvi qırğın silahının olması təkcə İsrail üçün deyil, hər kəs üçün təhdiddir. Çünki dünya dövlətlərinin böyük əksəriyyəti ilə mənfi münasibətlərdə olan, hətta öz müsəlman qonşuları ilə belə təhdid dilində danışan İrandan nə desən gözləmək olar. İranın nüvə silahına malik olması xüsusilə, region ölkələri üçün olduqca təhlükəlidir. Çünki bu silaha malik olan İranın hər hansı başqa nüvə ölkəsi ilə konflikti zamanı bundan ən çox əziyyət çəkən bizlər olacağıq. Odur ki, bütün sivil dünyanın İranın nüvə silahına malik olmaması üçün əlini daşın altına qoyması lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR