İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atıcı”nın içəri atılması – Strelkovun torbasını “Vaqner”in həkimi tikib

1910 22.07.2023 11:00 Analitika A A

Belə adamları, klassik ifadə ilə desək, “həbəş” adlandırmaq olar – “Həbəş öz işini gördü, həbəş gedə bilər”.

Amma İqor Strelkov kimi istifadə edilib atılan şəxsləri daha ağır və biədəb ifadələrlə də xarakterizə edənlər də var, biz ədəb çərçivəsindən çıxmasaq, yaxşıdır.

Dünən İqor Strelkovun Moskvada saxlanıldığı, barəsində cinayət işi açıldığı xəbəri yayılanda çox adam dərhal anladı ki, adamın missiya və funksiyası bura qədər imiş, indi onu “xərcləyəcəklər”.

KMO_186709_00051_1_t222_153558.jpg (29 KB)

Əsl soyadı Girkin olan bu sabiq təhlükəsizlik zabiti ötən ilin noyabrında beynəlxalq tribunalın qərarı ilə qiyabi olaraq ömürlük həbs cəzası alıb. Ancaq hazırda onun saxlanılması Haaqa tribunalının hökmü ilə bağlı deyil. Girkin-Strelkov başından böyük sözlər danışıb, hərəkətlər edib və Rusiya rəhbərliyinin qəzəbinə gəlib.

Ona görə də dünən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş müdafiə naziri İqor Strelkovun (Qirkin) Moskvadakı mənzilinə basqın edərək onu aparıblar. Onun barəsində cinayət işi üzrə istintaq hərəkətlərinin aparıldığını təsdiqlənib. Vəkil bildirib ki, Strelkov ekstremizmdə şübhəli bilinir.

malayz.JPG (45 KB)

“Ekstremizdə şübhəli bilinir” ifadəsi çox yumşaq sözdür. O, Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsinin səmada vurulub-partladılmasında təqsirli sayılır. 2014-cü ilin 17 iyulunda Donetsk vilayətinin səmasında törədilən həmin terror aktında 298 nəfər həlak olub. O zaman vilayətdə aparılan hərbi əməliyyatlara məhz İqor Strelkov rəhbərlik edirdi.

Ukrayna dövləti də Krımda, Donetskdə törətdiyi cinayətlərə görə onun adını hərbi canilər siyahısına salıb.

İndi hərbi cani olduğu iki dövlət tərəfindən təsdiqlənmiş adam hansısa ekstremist çağırışlar etməkdə suçlanır.

1407730533_5559.jpg (16 KB)

Strelkovun ibtidai məhkəməsindəki dinləmələrdə məlum olub ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci maddəsi (“Ekstremist fəaliyyətə açıq çağırışlar”) ilə ittiham olunub və bu, 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Belə bir məlumat da var ki, onun torbasını “Vaqner” özəl hərbi şirkətinin həkimi Dmitri Petrovski “tikib”. O, bir neçə gün əvvəl Strelkov əleyhinə baş prokurorluğa ərizə yazıb.

Petrovski yazıb: “Strelkovu "hərbi Blinovskaya" hesab edirəm: o, guya bizim uşaqlara kömək etmək üçün böyük ianələr toplayır, lakin xərclənən pullar barədə hesabat vermir. Strelkovun bizim prezidentimiz Vladimir Putin haqqında dediyi sözlər, təbii ki, kasanı daşırdan son damla oldu. Hesab edirəm ki, dövlətin birinci şəxsini təhqir etmək cinayətdir”.

qirqin.JPG (40 KB)

Vəssalam. 298 nəfərin ölümünə bais olmaq bir yana, 1-ci şəxsin haqqında xoşagəlməz söz demək başqa yana. Kremlə görə, ikinci hərəkət böyük cinayətdir və cəzasız qala bilməz.

1970-ci il təvəllüdlü İqor Strelkov (Girkin) təqaüdə çıxmış rusiyalı hərbçi və FTX zabitidir.

O, Moskva Dövlət Tarix-Arxiv İnstitutunu bitirib, hərbi yenidənqurma ilə məşğul olub, sonra FTX-yə daxil olub. İkinci çeçen əməliyyatında, eləcə də FTX-nin xüsusi təyinatlı dəstələrində Dağıstanda gedən döyüşlərdə iştirak edib. Bəzi məlumatlara görə, FTX-də işləyərkən Girkin nənəsinin qızlıq soyadını götürərək Strelkov olub.

Görünür, ruscada mənası “atıcı” demək olan bu söz o zaman dağlarda atıcılıq edən Girkinin gördüyü işə uyğun ad olduğundan xoşagələn olub.

2014-cü ilin yazında Strelkov Krımda 50 nəfərlik silahlı dəstə toplayıb və Slovyanskda inzibati binaları zəbt edərək şəhərin “DXR”-in nəzarətinə keçdiyini bəyan edib. Bundan sonra o, “respublikanın müdafiə naziri” təyin edilib.

Strelkov Donetskdə hərbi vəziyyət tətbiq edib, özünü komendant kimi aparıb, lakin tezliklə vəzifəsindən uzaqlaşdırılıb.

755923111396338.jpg (751 KB)

“DXR”-in “müdafiə naziri” postundan uzaqlaşdırıldıqdan sonra o, Moskvada könüllülərə kömək etməklə məşğul olan “Novorossiya” hərəkatını təşkil edib. Strelkov sosial şəbəkələrdə bloq yazıb, burada “LPR”, “DXR” və Rusiya rəhbərliyini tənqid edib. Xüsusi hərbi əməliyyat başlayandan sonra o, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Sergey Gerasimovun fəaliyyətindən mütəmadi və mənfi planda danışıb. Strelkov “Vaqner”in rəhbəri Yevgeni Priqojindən də narazılıq ifadə edib.

Heç demə, bu şəxs rus şovinisti olmaqla yanaşı, həm də monarxist imiş, çar üsul-idarəsinin bərpasını məqbul sayırmış.

İndi “atıcı”nı içəri atıblar. Söz yox ki, Niderland, Malayziya və Ukrayna onun Haaqaya ekstradisiya edilməsini istəyəcəklər. Ancaq Rusiya onu “düşmən əlinə” verməyəcək, özü mühakimə edəcək, “ağıllanması” üçün yüngülvari bir cəza kəsəcək.

Min illər əvvəlin ənənəsi davam edir: müharibədə bir qədər uğur qazanmış, adı çıxmış komandirlərdə sonradan böyük ambisiyalar əmələ gəlir və onlar hökmdarların üzünə ağ olurlar. Yuli Sezar, Napoleon Bonopart, Misir məmlükləri, Nadir şah və onlarca başqa sərkərdələr bu cür ediblər. Priqojin və Strelkovda isə hökmdarın üzünə ağ olmaq cəhdi uğurlu alınmadı, çünki çox balaca adamlardır.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR